Muəllif:

Rusiyadan Azərbaycana dair təhlükəli hərbi planlar

Rusiya və Azərbaycanın qarşıdakı 2-3 il ərzində sıx hərbi əməkdaşlıq prosesinə başlayacağı gözlənilir. Rusiya hərbi mənbələrindən «Ordunun Aynası»na daxil olan bilgiyə görə, Rusiya 2015-ci ilədək Azərbaycan SQ-ni öz istehsalı olan silah və hərbi texnika ilə təchiz etmək, Azərbaycanın müdafiə sənayesində iştirak etmək və bir sıra ixtisaslar üzrə hərbi kadr hazırləğını həyata keçirmək niyyətindədir və rəsmi Bakı bu istəyə ilkin razılığını verib. Daha sonra qeyd olunur ki, razılaşma 2009-2010-cu illərdə tərəflər arasında aparılan danışıqlarda ortaya çıxıb və bu prosesə Qəbələ RLS-lə bağlı durum öz təsirini göstərə bilib. İlkin məlumatlara görə, Rusiya bir şərtlə Qəbələ RLS-dən çəkiləcəyini bəyan edib ki, Azərbaycanı özünün hərbi nüfuz dairəsində saxlamağa razı salsın. Beləliklə, rəsmi Bakının Rusiyadan çoxsaylı silah və hərbi texnika almağa başlaması əslində Moskvanın tələblərinin yerinə yetirilməsi kimi başa düşülməlidir. Artıq 2011-ci ildən başlanan proses qarşıdakı 2 il ərzində də davam edəcək və bir sıra məlumatlara görə, Rusiya növbəti iki il ərzində Azərbaycana son illərdə istehsal etdiyi ağır hərbi texnika, helikopterlər, tanklar, zirehli transportyorlar, raket və müxtəlif qurğular göndərəcək və bunun əvəzində Bakı Moskvaya nə az-nə çox — 5 milyard dollara yaxın vəsait ödəyəcək. Maraqlıdır ki, bu silah və hərbi texnikanın qiymətində hər hansı güzəşt nəzərdə tutulmur, halbuki Rusiya Ermənistana eyni silah və hərbi texnikanı xeyli aşağı qiymətə verir.
Moskvanın digər planları
Hərbi mənbələrdən «Ordunun Aynası»na verilən məlumata görə, Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığı təkcə silah və hərbi texnika satışı ilə bitməyəcək. Rusiya tərəfi Azərbaycan SQ üçün bir sıra ixtisaslar üzrə kadr hazırlığı işinə də müdaxilə etmək niyyətindədir. 2011-ci ildən bu yana davam edən danışıqlar nəticəsində Azərbaycan SQ hərbi qulluqçularının Rusiya ali hərbi məktəblərində təhsil imkanları araşdırılıb və məlumata görə, indiyə qədər yüzlərlə Azərbaycan hərbçisi Rusiyada ali hərbi təhsil alıb. «Qarşıdakı 2-3 ildə Rusiya daha geniş sayda Azərbaycan hərbçisinə təhsil şəraiti yaratmağa çalışacaq», — deyə bildirilir.
Rusiyanın növbəti planı Azərbaycanın müdafiə sənayesi müəssisələrinin işinə qatılmaqdır. Azərbaycandakı hərbi mənbələrdən verilən məlumata görə, indiyə qədər Rusiya tərəfi qeyd edilən məsələ üzrə rəsmi Bakıya bir neçə müraciət göndərib. Moskva iki istiqamətdə niyyətini bəyan edib: birincisi, rusiyalı mütəxəssislərin Azərbaycana gələrək Bakıdakı müəssisələrdə azərbaycanlı həmkarları ilə birlikdə çalışması, öz təcürbələrini bölüşmələri və ikincisi, müəyyən detalların Rusiya müdafiə sənayesi obyektlərində hazırlanaraq Azərbaycana gətirilməsi. Verilən məlumata görə, qeyd edilən məsələ hazırda Rusiya — Azərbaycan arasındakı danışıqlar masası üstündədir. Bakı hələlik bu istiqamətdə təkliflərə müsbət cavab verməyib, amma prosesin gedişində onun mövqeyinin dəyişilməyəcəyinə zəmanət verilmir.
Daha bir plan Xəzərdə birgə hərbi təlimlərilə bağlıdır. Xeyli öncə Xəzəryanı dövlətlərin Hərbi Dəniz Qüvvələrini özündə birləşdirməli «Kasfor» yaradılması ideyasının puç olduğunu görən Rusiya region ölkələri ilə ayrı-ayrılıqda Xəzər əməkdaşlığını həyata keçirmək niyyətindədir. Rusiya Azərbaycanı birgə dəniz təlimlərinə cəlb etməklə, əslində Qərbin Xəzər enerji yataqlarının mühafizəsi uğrunda Bakıya edə biləcəyi yardımın qarşısını almağa çalışır. Bakının Moskvanın bu planına necə cavab verəcəyi hələlik bəlli deyil.
Azərbaycanlı hərbi mənbənin məlumatına görə, müsbət cavabdan danışmaq çox tezdir və bununla bağlı qərar vermək çox çətin olacaq. Xatırladaq ki, 2011-ci ildən başlanan proses nəticəsində ABŞ tərəfindən Azərbaycanın bir sıra güc strukturlarının nümayəndələrinin Xəzər dəniz enerji layihələrinin mühafizəsinin təmin olunması istiqamətində təcrübənin artırılması üzrə proqram gerçəkləşdirilir və bu proqram çərçivəsində Azərbaycan tərəfini təmsil edənlər bir neçə dəfə ABŞ-da səfərdə olublar. Bu səfərlər çərçivəsində, eyni zamanda Bakıya gəlmiş yüksək vəzifəli amerikalı hərbçilərin görüşlərinin gedişində perspektiv əməkdaşlığa dair bir sıra razılaşmaların əldə olunduğu deyilir. Görünür, bu proses Rusiyanın ürəyincə deyil və Moskva Azərbaycanla Xəzərdə hərbi təlimlər keçirməklə Vaşinqtonun planlarını üstələməyə çalışır.
Rusiya niyə silahlandırır?
Beləliklə, aşkar görünür ki, Rusiya təkcə Ermənistanı deyil, Azərbaycanı da silahlandırır və indiki məqamda Moskva Bakıya yüksək qiymətli hərbi texnika satmaqda maraqlıdır. «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin araşdırmalarına görə, son 3 il ərzində Rusiyanın Cənubi Qafqazın iki münaqişə vəziyyətində olan dövləti Azərbaycan və Ermənistanla hərbi-texniki əməkdaşlığında kəskin sıçrayış qeydə alınıb. Beləliklə, sual ortaya çıxır: Moskvanın məqsədi nədir? Gəlin duruma nəzər salaq: Azərbaycan. Xatırladaq ki, Rusiya ilə Azərbaycan arasında hərbi və hərbi-texniki əməkdaşlıq 2003-cü ildən başlayıb. 2003-cü il fevralın 27-də Bakıda iki ölkə arasında hərbi-texniki əməkdaşlıq barədə Saziş, 2006-cı il dekabrın 4-də isə — ikitərəfli hərbi-texniki əməkdaşlıq zamanı əqli fəaliyyət nəticəsində əldə olunan və istifadə olunan hüquqların qarşılıqlı qorunması barədə hökumətlərarası Saziş imzalanıb. 2003-cü il sazişinə görə, tərəflər dövlətlərinin müdafiə ehtiyacları və təhlükəsizliyi üçün hərbi təyinatlı məhsulların və maddi-texniki vasitələrin qarşılıqlı təchizatının həyata keçirilməsi, hərbi-texniki təyinatlı xidmətlərin təqdim edilməsi, hərbi təyinatlı məhsulların yaradılması və istehsalı zamanı mövcud kooperasiya əlaqələrinin saxlanılması və inkişafı istiqamətində tədbirlər görəcəklər.
Faktik olaraq 2009-cu ilədək Azərbaycan və Rusiya arasında ciddi hərbi əməkdaşlıq əlaqələri nəzərə çarpmayıb. 2005-ci ildə Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyat Planını (İPAP) imzalaması və bu sənəddən irəli gələn çoxsaylı islahatlar keçirməsi faktik olaraq Azərbaycan-Rusiya hərbi əməkdaşlığını arxa plana atdı. 2008-ci ilin avqust hadisələri — Rusiya — Gürcüstan münaqişəsi Cənubi Qafqazda hərbi-siyasi durumu dəyişdi və rəsmi Bakı Rusiya ilə hərbi əməkdaşlıq perspektivlərinə diqqət yetirməyə məcbur oldu. Elə 2009-cu ildən başlayaraq Azərbaycan Rusiyaya 1.7 milyard ABŞ dollarından artıq silah və hərbi texnika sifariş verib. BMT Adi Silahlar Registrində əksini tapan məlumatlarda bildirilir ki, Rusiya təkcə 2011-ci ildə Azərbaycana 4 ədəd Mi-35M tipli döyüş helikopteri, 600 ədəd daşınan zenit-raket kompleksinə aid detallar (100 ədəd buraxıcı sistem və 500 raket) satıb.
Bu, yaxınlarda Rusiyanın «Vedomosti» qəzetinin yazdığına görə, Rusiya 2011-2012-ci illər ərzində Azərbaycanla dəyəri 1 milyard dollar olan müqavilə imzalayıb. Rusiya Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən yüksək rütbəli zabiti bu xəbəri təsdiqləyib. Mənbə müqavilədə adı çəkilən silahların adlarını da açıqlayıb. Müqaviləyə əsasən, Azərbaycana 94 ədəd T-90C tankı, 100-ə yaxın BMP-3, 18 ədəd «Msta-C» özüyeriyən artilleriya qurğusu, 18 ədəd «Smerç» reaktiv atəş qurğusu, 18 ədəd «Vena» artilleriya topu və 6 ədəd ağır atəş sistemi olan «TOC-1A» satılıb. Müqaviləyə əsasən, bu silah komplektlərinə döyüş mərmiləri və bütün təmir-xidmət aparatları da daxildir.
Azərbaycanın Rusiyadan aldığı bir sıra hərbi texnika örnəkləri 26 iyun hərbi paradında nümayiş etdirildi.
Məsələ ilə bağlı MN mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu mətbuata açıqlamasında bir söz deyə bilməyəcəyini qeyd edib: «Mən bu haqda heç bir söz deyə bilmərəm. Çünki məlumatsızam. Xəbərin doğru olub-olmadığını araşdırmaq lazımdır. Bu da sadə proses deyil. Bəzən elə şişirtmə informasiyalar dövriyyəyə buraxırlar ki, bunun həqiqətlə heç bir əlaqəsi olmur. Əlbəttə, Azərbaycanın Silahlı Qüvvələri öz potensialını möhkəmləndirmək üçün bütün mümkün vasitələrdən istifadə etmək haqqına malikdir. Torpaqlarımızın 20 faizi işğal altındadır. Onu erməni tapdağı altında qoya bilmərik…»
«Doktrina» JHAM ekspertləri hesab edirlər ki, Azərbaycana silah və hərbi texnika satmaqla Rusiya iki əsas məqsəd güdür: birincisi, Azərbaycanın malik olduğu maliyyə vəsaitini Rusiyaya yönəltmək, ikincisi, Azərbaycan SQ-də cərəyan edən prosesləri nəzarət altına almaq. Rusiya Azərbaycan SQ-yə silah və hərbi texnika verməklə əslində onun NATO standartlarına uyğunlaşdırılması prosesinə bir növ əngəl olur. Belə ki, ordunun istifadəsində olan silahlar əksər hallarda NATO standartlarına uyğun olmur və eyni zamanda kadr heyətinin hazırlanması daha çox Rusiyada həyata keçirildiyindən onların bu və digər mənada Rusiyanın müəyyən dairələrindən asılılığı problemi ortaya çıxır və eyni zamanda bu kadrlar ordu idarəetməsində NATO standartlarına uyğun kadrlar sayıla bilməzlər. Onlar orduda Rusiya hərbi standartlarını yaymaqda daha çox maraqlı olurlar. Eyni zamanda, Rusiyanın Azərbaycanın müdafiə sənayesi müəssisələrinin işinə qatılmaq planı əslində Moskvanın Bakını hərbi təsir dairəsində saxlamaq, onun müstəqil silah istehsalı siyasətinə maneçilik yaratmaqdan başqa bir şey deyil.
Ermənistan. Rusiyanın Ermənistanla hərbi-texniki əməkdaşlığının əsas səbəbi bu ölkənin onun Cənubi Qafqazda hərbi-siyasi və iqtisadi maraqlarının təminatçısı olması, eyni zamanda onun ərazisində hərbi bazasının olmasıdır. Son illərdə əldə olunan bilgilərə görə, Rusiya Ermənistanı iki istiqamətdə silah və hərbi texnika ilə təchiz edir. Birincisi, strateji müttəfiqlikdən irəli gələrək, eyni zamanda 102 saylı bazanın icarə müddətinin uzadılması haqqında sənədə uyğun olaraq, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə əsaslanaraq Rusiya Ermənistana güzəştli qiymətlərlə silah satır və ümumiyyətlə, pulsuz olaraq bağışlayır. İkincisi isə, Rusiyanın Ermənistandakı bazasının istifadəsində olan silah və hərbi texnika yeniləşdikcə köhnələr Ermənistan Silahlı Qüvvələrinə ötürülür. Əldə olan məlumatlara görə, son illərdə Rusiya Ermənistana ümumi məbləği 100 milyonlarla ölçülən silah və hərbi texnika verib və ya satıb. Bunlar arasında müasir zirehli vasitələr var. Bu ilin mayında Ermənistanın hakim Respublika Partiyasının deputatı Artaşes Geqamyan bəyan edib ki, Rusiya Ermənistana təkcə son bir il ərzində 120 yük təyyarəsi dolu hərbi texnika və müxtəlif tip yeni silahlar daşıyıb. «Söhbət Ermənistanın Rusiyadan aldığı ən yeni model silahlardan gedir» deyə, deputat Ermənistan parlamentinin iclasında bildirib. Geqamyana görə, Ermənistan Rusiyadan «hava kimi» ehtiyac duyğudu yeni silahları alıb. O deyib ki, regional konyunkturanı və Qarabağda hərbi əməliyyatların başlanma riskini nəzərə alaraq, Ermənistanın yeni silahlara ehtiyacı «havaya ehtiyacı» qədərdir.
Bundan əvvəl erməni mənbələri xəbər yaymışdılar ki, Rusiya Ermənistandakı 102-ci hərbi bazada «İsgəndər M» operativ-taktiki raketlərini və «Tornado M» reaktiv artilleriya sistemlərini yerləşdirib. Həmçinin erməni mənbələri xəbər vermişdi ki, Ermənistan ağır silahlarını — tankları və Hava Hücumundan Müdafiə sistemlərini modernləşdirmək üçün genişmiqyaslı proqram başladıb.
Bu proses rəsmi Bakı tərəfindən narahatlıqla müşayiət olunur, ən azı ona görə ki, Ermənistana göndərilən silah və sursatın oradan Azərbaycanın işğal altında olan torpaqlarına — Dağlıq Qarabağa və ətraf rayonlara göndərilməsi ehtimalı mövcuddur. Əsas suallardan biri Ermənistana göndərilən silah və hərbi texnikanın marşrutunun qapalı saxlanılması ilə bağlıdır. Gürcüstan 2008-ci il müharibəsindən sonra Rusiyadan Ermənistana hərbi daşımalar üçün hava məkanını bağlı elan etmişdi. Silahların Türkiyə üzərindən daşınması da inandırıcı deyil.
Beləliklə, Rusiya Cənubi Qafqazın iki ölkəsi — Azərbaycan və Ermənistanı, eyni zamanda, silahlandırmaqla əslində bu ölkələr üzərində hərbi təsirini gücləndirir onların, xüsusilə də, Azərbaycanın Avroatlantik inteqrasiya meyllərinin qarşısını almağa çalışır. Müstəqil ekspertlərin fikrincə, Azərbaycan və Ermənistanın Rusiyadan alınan hərbi texnikaları idarə etmək üçün kifayət qədər kadr potensialları yoxdur və belə bir vəziyyətdə Rusiya üçün sərfəli durum yaranır. Rusiya həm Ermənistana, həm də Azərbaycana müvafiq hərbi texnikanın idarəolunması üzrə kadrların hazırlanması səbəbilə Ali Hərbi Məktəblərinin xidmətini təklif edir. Aydındır ki, Ermənistan vətəndaşları üçün Rusiyanın Ali Hərbi Məktəblərində təhsil almaq güzəştli, əsasən pulsuzdur. Azərbaycan vətəndaşlarının təhsili üçünsə Rusiya tərəfinə ciddi vəsait ödənilir.
Moskva-Yerevan razılaşması?
Sual ortaya çıxır: Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə müttəfiqi olan Ermənistanla müharibə şəraitində olan Azərbaycanı necə silahlandıra bilər? İlk əvvəl onu qeyd edək ki, bu məsələyə rəsmi Yerevanın açıq və ünvanlanmış münasibəti hələlik ortada yoxdur. Ekspertlər hesab edirlər ki, nəinki KTMT sənədləri, eyni zamanda Rusiya və Ermənistanın ikitərəfli strateji müttəfiqliyi haqqında sənəd Moskvanın Azərbaycana silah və hərbi texnika satmasını məhdudlaşdırır. Beləliklə, açıq görünür ki, Rusiya Azərbaycana münasibətdə seçim qarşısında qalıb: əgər Moskva Bakıya silah və hərbi texnika satmasa, onda Azərbaycan öz hərbi-texniki ehtiyaclarını bütünlüklə Qərbin, xüsusilə də Türkiyə və İsrail, eyni zamanda Ukrayna hesabına ödəməyə çalışacaq. Azərbaycanın maliyyə imkanları onunla hərbi-texniki və hərbi sənaye sahəsində əməkdaşlıq qurmaq istəyən ölkələrin sayını xeyli artırıb. Hazırda Azərbaycan müdafiə sənayesində birgə layihələr həyata keçirmək üçün müraciət edən bir sıra ölkələr mövcuddur və maraqlıdır ki, onların arasında Gürcüstan da var. Beləliklə, Rusiya bu prosesləri hiss edərək KTMT-nin nizamnaməsində və digər sənədlərdə əksini tapan müddəaları gözardına vurur. Ermənistan hakimiyyətinin bu prosesə rəsmi şəkildə müdaxilə etməməsi qeyd edilən məsələ ilə bağı Moskva və Yerevan arasında hansısa razılaşmanın olduğunu göstərir.
Eyni zamanda, indiyə qədər Minsk Qrupunun ABŞ və Fransa həmsədrlərinin Rusiya silahının Azərbaycan və Ermənistana satılması ilə bağlı ortada hər hansı bir reaksiyasının olmaması düşündürücüdür. Amma əslində ABŞ və Fransa Rusiyanın Cənubi Qafqazın müharibə şəraitində olan iki ölkəsini silahlandırmasından narahat olmalıdırlar. Bu narahatlığın iki əsas səbəbi ola bilərdi: birincisi, regionda müharibə ehtimalı ciddi şəkildə artır, ikincisi, Rusiya faktik olaraq bu iki ölkə üzərində və bütövlükdə Cənubi Qafqazda özünün hərbi-siyasi təsirini gücləndirir və ümumilikdə region ölkələrinin Avroatlantik məkana inteqrasiyasının qarşısını alır.
Cinah sazişi pozulurmu?
Ekspertlər hesab edirlər ki, Rusiyanın Azərbaycan və Ermənistana silah və hərbi texnika göndərməsi Avropada Adi Silahlı Qüvvələr haqqında Cinah Sazişinin müddəalarının nə dərəcədə qorunması barədə suallar yaradır. Simulyativ Proqnoz Araşdırma Mərkəzinin (SPAM) ekspertləri hesab edir ki, hazırkı məqamda Azərbaycanın və Ermənistanın Cinah Saşişinin müddəalarına nə dərəcədə əməl etməsini aydınlaşdırmaq çox çətindir. Amma bəzi aydın məsələlər ortadadır. Misal üçün, bir sıra mənbələrə görə, Ermənistan bu sazişin müddəalarını iki səbəbdən pozur: birincisi, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində siyahıya alınmayan silah və hərbi texnika yerləşdirir və buna görə heç kimə, heç bir beynəlxalq təşkilata hesabat vermir. İkincisi, Ermənistan ərazisində Rusiyanın 102 saylı hərbi bazası var və bu baza həm özlüyündə malik olduğu, eyni zamanda, onun Ermənistan ordusuna verdiyi silah və hərbi texnika baxmından Cinah Sazişinin müddəaları pozulur.
Azərbaycana gəldikdə, bəzi ekspertlər hesab edirlər ki, Bakıya Yerevanla Cinah Sazişində bərabər şəkildə kvota qoymaq ədalətsizlikdir. «Bunun müxtəlif səbəbləri var. Əsas səbəb ondan ibarətdir ki, Azərbaycanın təhlükəsizlik qayğıları Ermənistanla müqayisədə daha çoxdur: Azərbaycanın əraziləri işğal olunub, Azərbaycan İran və Rusiya ilə həmsərhəddir, Xəzər dənizi vasitəsilə enerji layihələrinə təhdidlər var və s. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan ərazi və əhali baxımından Ermənistandan böyükdür və bu səbəbdən bu iki ölkəyə bərabər kvota qoymaq düz hesab edilə bilməz», — deyə SPAM ekspertləri bildirir. Onlar eyni zamanda hesab edirlər ki, Azərbaycanın maliyyə imkanları, səfərbərlik ehtiyatları ona imkan verir ki, Silahlı Qüvvələrin balansında olan silah və hərbi texnikaları modernləşdirsin, şəxsi heyətin sayını nizamlasın və s.
«Amma eyni zamanda rəsmi Bakının səsləndirdiyi bəyanatlardan belə görünür ki, Azərbaycan Cinah Sazişində əksini tapan kvotaları pozmamağa çalışır. Amma bu nə dərəcədə düzgündür, buna Cinah Sazişinin implementasiyasına cavabdeh olan qurumlar qiymət verə bilər», — deyə SPAM bildirir.
Cinah sazişi pozulsa, Azərbaycan və Ermənistana qarşı hər hansı sanksiyalar qəbul oluna bilərmi? Ekspertlər hesab edir ki, hazırkı məqamda qeyd edilən məsələ aktual deyil və Qafqazdakı bu və digər ölkənin silahlanma üzrə kvotanı pozması ona qarşı hər hansı embarqonun qoyulmasına, hansısa qərarların qəbul edilməsinə gətirib çıxarmayacaq. «Əslində, müşahidə olunan proseslər onu deməyə əsas verir ki, indi regionda əsas təhlükəsizlik qayğıları Suriya və İranla bağlıdır və o səbəbdən Cənubi Qafqazda silahlanma məsələsi bir qədər arxa plana keçib. Belə bir məqamda bəzən hətta Azərbaycan və Ermənistanın baş verə biləcək kənar təhdidlərdən qorunması üçün Qərb tərəfindən silahlandırılması zərurətindən də danışılır», — deyə «Doktrina» JHAM bildirir.
Müharibə gözlənilirmi?
Rusiyanın Azərbaycana və Ermənistana xeyli sayda silah və hərbi texnika verməsi bu iki ölkə arasında müharibəni yaxınlaşdırırmı? Bu suala cavab verən ekspertlərin fikrincə, müharibə ehtimalı yaxın 3 il üçün gözlənilmir. «Azərbaycan və Ermənistan hakimiyyətlərinin yaxın perspektivdə müharibəyə başlamaq ehtimalı çox aşağıdır və bu duruma beynəlxalq təşkilatların daimi ciddi müdaxiləsi mövcuddur. Azərbaycanın mövcud hakimiyyəti, eyni zamanda, Ermənistan rəhbərliyi müharibədə maraqlı deyil. Azərbaycan və Ermənistan siyasi rəhbərliyi silahlanma yarışına girərkən müharibə perspektivinə əsaslanmırlar, çünki bu perspektivin yaxın olması üçün heç bir əməli iş yoxdur. İndiki proseslər onu göstərir ki, hər iki hakimiyyət sanki öz qüdrətini göstərmək üçün bu prosesə start verib», — deyə ekspertlər bildirir. Müşahidələr göstərir ki, xarici güclər, regionda iqtisadi, hərbi, siyasi marağı olan güclər Azərbaycan və Ermənistan arasında yeni münaqişənin başlanmasının tərəfdarı deyillər. Amma, eyni zamanda, Cənubi Qafqazın gələcək geosiyasi oriyentasiyasının müəyyən edilməsi vacib tapşırıqlardan hesab olunur. Qərb ölkələri çalışır ki, region ölkələrinin silahlı qüvvələri NATO standartlarına uyğun qurulsun və ekspertlər bunu əhəmiyyətli hesab edirlər. Bu mənada NATO ilə Cənubi Qafqaz ölkələri arasında imzalanmış onlarla sənəddə əksini tapan müddəaların həyata keçirilməsi ciddi əhəmiyyət kəsb edir. Azərbaycan SQ-nin istifadəsində olan silah və hərbi texnikaların müəyyən bir hissəsinin NATO standartlarına uyğunlaşdırılması prosesi aparılsa da bu çox cüzidir. Rusiyanın Cənubi Qafqaz regionuna getdikcə artan destruktiv təsirləri fonunda Qərb ölkələrinin bu regiona ünvanlanmış addımlarının səmərəliliyinin qaldırılması vacib görünür.
«Doktrina» JHAM ekspertləri hesab edirlər ki, nə qədər ki, Qərbin Cənubi Qafqaz ölkələrinə — xüsusilə də Azərbaycan və Ermənistana silah və hərbi texnika satmaq barədə yasağı var, Rusiya yaranmış durumdan istifadə edib bu iki ölkəyə silah və hərbi texnika ixracını davam etdirəcək, bununla da regiona hərbi-siyasi təsirini artırmaqda davam edəcək. Beləliklə, Qərbdə Cənubi Qafqaz ölkələrinin Silahlı Qüvvələrinin modernləşdirilməsi, ehtiyaclarına və mövcud reallığa uyğun silah və hərbi texnika ilə təchizatı istiqamətində təkmil strategiyanın müzakirəsi və qəbul olunması vacibdir. Belə strategiya həm də ona görə vacibdir ki, Azərbaycan rəsmilərinin silah və hərbi texnika üçün Rusiyaya göndərdikləri milyardlarla vəsait üzərində cəmiyyətin müqayisə və sonradan nəzarət imkanları yaransın.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 3247