Rusiyada mühafizəkarların yeni həmləsi
Xatırlayırıqsa, Boris Yeltsin erası dönəmində Rusiyada və possovet məkanında demokratik proseslərə böyük ümidlər var idisə, qatı mühafizəkar qüvvələrin yeni lideri qismində irəli çıxan Yevgeni Primakovun baş nazir təyin olunması məhz keçmiş KQB siyasəti erasının başlanmasına səbəb oldu. Beləliklə, stalinizm məktəbinin yetirməsi olan Primakovun təmsil etdiyi «fəxri təqaüdçülər» ordusu siyasi avantüraları məharətlə icra edə biləcək və FSB polkovnik mundirini daşıyan gəncləri müdafiə etdilər. Faktik olaraq, dövlət və özəl sektorda FSB-ni təmsil edənlərin yerləşdirilməsi proseslərinə başlanıldı. Bu qüvvə tədricən demokratik proseslərin inkişafının qarşısını alaraq bunun hüquqi əsaslarını da rəsmiləşdirmək siyasətini ortaya qoydular. Onlar gücləri çatmadığı məqamda isə bu hədəfləri zorakı metodlarlarla həyata keçirmişlər.
«Milli ideya» adı altında sosial-iqtisadi həyatın siyasi çaları
Rusiyanın Balkan yarımadası (Yunanıstan, İtaliya, Albaniya, Serbiya, Çernoqoriya, Sloveniya, Xorvatiya, Kosovo, Bosniya-Herseqovina, Makedoniya), Qara dəniz hövzəsi (Rumıniya, Bolqarıstan, Moldova), Orta Şərq (Misir, Əlcəzair, Tunis, Liviya, Livan, İraq, Yəmən, Suriya, İordaniya) və Latın Amerikası boyunca qlobal miqyasda təsir dairəsinin itmə prosesini son 20 ilin ciddi reallıqlarından biri kimi qəbul etmək lazımdır. Niyə belə oldu? Ona görə ki, öz təsir dairəsi altında saxladığı bu dövlətlərdə müasir standartlara uyğun inkişaf edən cəmiyyət və texnoloji tərəqqi strategiyasını önəmli hesab etməmişdi. Rusiyanın tək güvənc yeri və önəm verdiyi — sərt totalitar rejimlərin yaşadılması siyasəti idi.
2003-cü ildən sonra, Kremlin təsir dairəsinin digər regionlarda da tamamilə itirilməsi prosesləri müşahidə olunmağa başladı. Bu təhlükənin onun sərhədlərinə doğru yaxınlaşması Moskvanı bərk narahat etməkdədir. Bu yöndə son on ildə mühafizəkar çevrələr KİVlərdə, sosial və siyasi mühitdə tənzimləyici baxışlar adı altında həyəcan təbili çalaraq, ölkənin dağılma prosesinin başlandığını iddia edirlər. Yaranmış vəziyyətdən çıxış yolu kimi Rusiyaya həmsərhəd ölkələrdə qonşu dövlətlər əleyhində hətta bölücü siyasətə önəm verən məhəlli siyasi hakimiyyətlərin formalaşdırılması taktikasına üz tutuldu (misal üçün Abxaziya, Güney Osetiya).
Vladimir Putinin dəstək verdiyi bu doktrina əslində Primakov tərəfindən hazırlanan «Rusiyanın yeni milli siyasət ideyası» platformasına söykənir. Həmin doktrinada bütün demokratik təsisatların qarşısının alınması, bölgələrdə avtoritar lider və onun hakim komandası, zahirən liberal və reallıqda isə iqtisadi və sosial həyat tərzinin siyasi hakimiyyətin təsir dairəsi altında saxlanılması tipli taktika indi Rusiyada dövlət siyasətinin tərkib hissəsi olaraq görülür.
Ölkə boyunca «Qafqazlılar əleyhində» hərəkat bu doktrinanın tərkib hissəsidir. Bu siyasətin ardında duran hədəf isə demokratik institutların tamamilə sıradan çıxarılmasıdır. İnsan Haqları təşkilatlarının, çoxsaylı QHT sektorunun və digər demokratik institutların «xarici dövlətlərin kəşfiyyat orqanlarına işləməkdə» suçlu elan edilməsi və bu yöndə qanunun qəbul edilməsi son ayların qalmaqallı olaylarından biri hesab olunur. Beləliklə «putinizm» siyasəti hərbi inzibati idarəetmədə FSB-nin rolunun daha sərt şəkildə gücləndirilməsinə səbəb olmuşdur.
Dağıstan örnəyi və Qafqaz siyasəti
Primakovun doktrinasında belə bir məqama xüsusilə önəm verilir:
«Zahiri görünüşcə neoliberalizm siyasəti modeli Rusiyada avtoritarizmin addım-addım həyat normasına çevrilməlidir. Bu siyasət sosial və iqtisadi mənada reallığa çevrildikcə, milli siyasət də cəmiyyətin yaşam tərzi olaraq qəbul ediləcəkdir. Bürokratizm və korrupsiyaya qarşı mübarizə taktikasını cəmiyyətdə mövcud olan problemlər görümündə təqdim etməklə kütləvi təsir metodologiyası neoliberalizm doktrinasının əsas strateji hədəfi kimi başa düşülməlidir».
«Neoliberalizm» adı altında Primakov doktrinasının tətbiqi istiqamətində həm də onun komandasına daxil olan kadrların hakimiyyətdə yerləşdirilmə prosesi də Rusiyada müşahidə olunan əsas faktorlardan biridir. Dağıstanda modernləşmə adı altında liberal iqtisadi siyasət və demokratik təsisatların inkişafını önəmli hesab edən gənc və savadlı bir şəxs kimi tanınan prezident Məhəmmədsalam Məhəmmədovun məcburi olaraq istefa ərizəsi yazması, onun yerinə Ramazan Abdulatipovun təyin olunması bölgədə 2015-ci ilə qədər hansı siyasətin dominantlıq təşkil edəcəyinə bir örnəkdir.
Dağıstanda bölgənin idarə olunmasında «Bermud uçbucağı» adlanan «avar, dargin və kumuk» siyasətinin tamamilə dəyişməsi, daha çox hərbi inzibati təfəkkürə malik olan siyasətin sosial xarakter daşıması üçün Abdulatipovun rəhbərliyi altında «neoliberalizm» taktikasını tətbiq etməyə böyük ümidlər bəslənilir. Bunun üçün ilk addım olaraq hərbi-kriminal stukturların idarəetmə siyasətində mövqelərinin güclənməsi, ideoloji baxımdan vaxtilə avar şairi Rəsul Həmzətov tərəfindən yazılmış «Mənim Dağıstanım» ideyası bir siyasət kimi Kreml üçün çox vacib olan şərtlərdən biridir. Bu ideyanın rəsmi status qazanması üçün, hərbi təfəkkürlü və kriminal iqtisadi siyasət sayəsində zənginləşmiş milli oliqarxiyanın uzlaşdırılmış taktika ilə hərəkət etməsi əsas hədəflərdən biri olaraq görülür.
İndi faktiki olaraq Kreml Dağıstanı inzibati idarəetmə və oliqarxların nəzarəti altında «neoliberalizm» taktikasını tətbiq etmək üçün hərəkətə keçmişdir. Ramazan Abdulatipovun prezident kürsüsündə oturması və onun Mahaçqalada bir sıra təmaslara qatılması da bu siyasətin əsas konturlarını ortaya qoymuşdur.
Avar lobbisi və ləzgi qruplaşması
Dağıstanda əhalinin sayına görə avarların öndə olması səbəbindən «avar faktoru»na hər zaman xüsusi diqqət olmuşdur. İndiki məqamda avarlardan Muxu Əliyev, Səid Murtazəliyev, Hacı Maxaçev, Ziyauvdin Məhəmmədov, Səidpaşa Umaxanov, eləcə də ləzgi qruplaşmasına daxil olan Süleyman Kərimov, İmam Yarəliyev, Ruslan Hacıyev, Asanbaba Nüdürbəyov və digərləri 2010-cu ildə prezident kürsüsünə təyin olunmuş və milliyyətcə dargin Məhəmmədsalam Məhəmmədovun qanunla 2015-ci ilə qədər bu vəzifəni daşımasına imkan vermədilər. Məhəmmədov bölgənin inkişafını modernləşmə siyasətinin tərkib hissəsi kimi daxili resursların və xarici investorların sayəsində ilk dəfə olaraq iqtisadi inkişaf modellərinin tətbiqinə başlamışdı.
Əldə silah dağlarda və ormanlarda terror yolu ilə mübarizə aparan radikalları əfv etməklə onların normal həyata geri dönmələri üçün komissiya yaratmışdı. Qonşu regionlar və dövlətlərlə liberal siyasi kursunu təkmilləşdirmək üçün xeyli təşəbbüslər irəli sürmüşdü. Avar və ləzgi oliqarxları isə bölgənin belə bir axarda inkişaf etməsinə daim mane olmağa çalışırdılar. Çünki Dağıstanda yatırım siyasəti həm də bölgədə bir tərəfdən aqrar sektorun, digər yandan isə ilk dəfə olaraq istehsal və emal sahəsinin inkişafı üçün yeni perspektivlər açmışdı. Avar, ləzgi, lak, dargin və digər etnoklanlar adı altında çirkli biznesi təmsil edən qruplar modernləşmə kursuna mümkün qədər sarsıdıcı zərbə vurmaq taktikasını seçdilər. Buna görə də Məhəmmədov və onun islahatçı komandası hakimiyyətdən devrildi.
«Təhkimçilik» çağına qayıdış
XIX yüzildə Çar Rusiyası nəinki ölkə boyunca, işğal etdiyi bölgələrdə də təhkimçilik siyasətini dövlət idarəetməsində başlıca metod hesab edirdi. 1998-cu ildə Rusiyada demokratik dalğanın hakimiyyətdən sıxışdırılması, bunun ardınca idarəetmənin sərt inzibati nəzarətə keçməsi «təhkimçilik» dönəminin qayıdışına bənzəməkdədir. İndi Dağıstanda bunun ilkin işartılarını görürük. Bölgənin inzibati regiondan çıxaraq, oliqarxların nüfuz dairəsinə çevrilməsi, onlara məxsus maliyyə resursları əsasında idarə edilməsi, investisiyaların da bu maraqlar əsasında təmin edilməsi prosesi gedir. Bu yolda ilk addım kimi modernləşmə və liberallaşma kursunu müdafiə edən hakimiyyətin devrilməsinə nail oldular. Beləliklə dargin, avar və ləzgilərdən ibarət etnoklanların rəhbərliyində yeni oliqarxların peyda olması Kremli idarə edən hakim komandanın siyasi prioriteti idi. Bunu belə qəbul etmək daha məntiqidir.
Öncələr hakimiyyət səlahiyyətləri daxilində etnomafiya idarəetmə taktikası önəmli hesab olunurdusa, indi neoliberalizm siyasi kursu tədricən dəbə çevrilməkdədir. Bu dəfə «milli oliqarxlar» inzibati əraziləri nəzarətə götürürlər. Bu halda bölgə əhalisi tamamilə onlardan asılı duruma düşəcək, bu isə təhkimçilik hüququnun gücləndirilməsi kimi qəbul edilir.
«Smolnı qruplaşması» və Abdulatipov
67 yaşlı Ramzan Abdulatipov Dağıstan və bölgə əhalisinin ruslaşdırılması, Rusiyanın Qafqaz siyasətində etnik bölücülük üzrə elmi, siyasi və idarəetmə sahəsində ixtisaslaşmış ən ciddi fiqurlardan biri hesab olunur. Bu gün faktik olaraq Rusiyanı idarə edən «Smolnıy qruplaşması» üçün Abdulatipov «Primakov doktrinası»nın icrasında ən böyük imkanlardan biri hesab olunur. Çünki Dağıstan bu gün Rusiyanın 80 minlik hərbi qüvvəsi tərəfindən nəzarətə götürülüb, bununla da kriminal oliqarxiyanın yerli əhalini təhkimçilik hüququ əsasında idarəetmə imkanı təmin edilmişdir.
İndi bölgədə mövcud sosial-iqtisadi problemlərin həlli və terrorizmin qarşısının alınması üçün həmin oliqarxlar bir sıra effektiv addımlar atmaqla Kremlin strateji hədəflərini icra etməyə başlamışlar. Dağıstanda 2015-ci ilin prezident seçkilərinə qədər bu məcrada getməyə çalışacaqlar. Zahirən bazar iqtisadiyyatının inkişafı kimi görünən bu siyasət həm də bölgədə bütün maraqların balanslaşdırılması kimi təqdim olunacaq. Dövlət və oliqarxiyanın effektiv təsir dairəsinin uzlaşdırılmış inkişaf yolu kimi də adlandırılacaq. Çünki böyük özəlləşdirmə siyasətində yerli xalqlara məxsus iri torpaqların və mülkiyyətin oliqarxların tam nəzarətinə keçməsi, Dağıstanın Kreml tərəfindən asanlıqla idarə olunmasının yolu kimi görülür. Primakov doktrinası da bunu nəzərdə tutur, bunu istəyirdi.