Rusiyada iki adamı öldürənə ömürlük cəza verilmədi
Rusiyada xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən 38 yaşlı Yevlax rayon sakini Vəfadar Əliyevin cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun protesti üzrə məhkəmə başa çatıb. İki nəfərin qətlində təqsirli bilinən şəxsə ömürlük cəza verilmədi
İttihama görə, Vəfadar Əliyev Moskvada olduğu müddətdə qeyri-rəsmi ər-arvad kimi yaşadığı 31 yaşlı Yelena Dmitriyevaya narkotikdən istifadə etməyi, eləcə də ona xəyanət etməsini son qoymağı tapşırıb. Yelena da tapşırıqlarını yerinə yetirəcəyinə söz versə də, vədinə əməl etməyib.
Yelenanın nənəsi 73 yaşlı Nadejda Morozova isə onun tələblərinə əhəmiyyət verməyərək, nəvəsini müdafiə edib. Bundan əsəbləşən Vəfadar Əliyev qısas almaq məqsədilə nənə və nəvəni öldürmək qərarına gəlib.
Bu məqsədlə 13 noyabr 2006-cı il tarixdə, saat 21 radələrində Moskva şəhəri Filevski bulvarı 41 nömrəli evin 9-cu mənzilində Yelena Dmitriyeva ilə yalnız ikisi olub. Bu zaman Nadejda Morozovanın evdə olmaması, azyaşlı oğullarının isə yatdığını görən Vəfadar Əliyev Yelena Dmitriyevnanı öldürmək üçün əlverişli şəraitin yarandığını görüb. Məqsədinin həyata keçirən Vəfadar Əliyev Yelenanın boğaraq həyatdan məhrum edib.
Bundan yarım saat sonra bu mənzilə gələn Nadejda Morozovaya qarşı da fiziki zor tətbiq edib. O, kətan parçası ilə Nadejda Morozova boynunu sıxaraq qətlə yetirib. Vəfadar Əliyev daha sonra azyaşlı oğlu Aleksey Əliyevi də götürərək mənzildən çıxıb. O, oğlunu anası Göyçək Əliyevaya verəndən sonra ayrı-ayrı ünvanlarda gizlənib.
Vəfadar Əliyev RF qətl hadisəsi törətdiyi üçün Rusiya CM 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olub. Rusiya polis və prokurorluğu Vəfadar Əliyevin yerini müəyyən edə bilməyəndə onu beynəlxalq axtarışa verib. Vəfadar Əliyev Qaradağ rayon Polis İdarəsinin 10-cu bölməsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsi ərazisində saxlanılıb. Saxlanılan Vəfadar Əliyev Rusiyaya ekstradisiya olunmadığından Rusiyada aparılan istintaqın davamı Şəki Prokurorluğunda aparılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəfadar Əliyev 14 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Baş Prokurorluq narazı qalıb və apelyasiya şikayəti verib.
Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Fuad Musayev apelyasiya protestini onunla əsaslandırıb ki, məhkəmə tərkibi Vəfadar Əliyevin himayəsində iki azyaşlı övladının olmasını, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qəbul etməklə təqsirləndirilən şəxsin şəxsiyyətinə və törətdiyi cinayətin xarakterinə açıq-aşkar uyğun olmayan cəza təyin edib: “Vəfadar Əliyev uzun müddət Rusiyada yaşayıb, hazırkı cinayət hadisəsini törətdikdən sonra hadisə yerindən qaçıb, gizlənmək məqsədi ilə Azərbaycan ərazisində yaşamağa başlayıb. Qaradağ rayonu ərazisində törətdiyi oğurluq cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməklə Qaradağ rayon məhkəməsinin hökmü ilə məhkum olunub. Ona görə də iş materiallarına əlavə edilmiş xasiyyətnamə obyektiv gerçəkliyi əks etdirməyən, təqsirləndirilən şəxsin şəxsiyyətinə zidd olan formal sənəd kimi qiymətləndirilməlidir”.
Prokuror bildirib ki, təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin 12 iyul 2012-ci il tarixli hökmü ilə CM 177.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə islah işləri cəzasına məhkum olunub: “Bütün bunlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs əvvəllər törətmiş olduğu cinayət əməllərinə görə məhkum olunsa da, islah olunmayıb, hər hansı nəticə çıxarmayıb, cəmiyyət üçün hələ də təhlükəli olmaqda davam edir”.
Prokuror çıxışının sonunda Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsini, Vəfadar Əliyevin barəsində ömürlük azadlıqdan məhrum edilməsini xahiş edib.
Hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun protesti üzrə qərar elan edilib. Qərara görə, protest təmin edilməyib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.