Muəllif:

Rusiya yenə də təcavüzkara silah-sursat verdi

Rusiyanın Ermənistana güzəştli şərtlərlə və yaxud təmənnasız silah-sursat və hərbi texnika verməsi Bakıda kəskin reaksiya doğurdu. Hesab edildi ki, Cənubi Qafqazda balansı pozmağa yönəlmiş addımdır.
APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlının fikrincə, Rusiya xarici siyasətində təcavüzkar dövlət olan Ermənistanı silahlandırmaqdan yayınmalıdır:
«Təcavüzkarı silahlandırmaq açıq-açığına onu dəstəkləmək deməkdir. Hesab edirik ki, Rusiya hakimiyyəti bu cür addımlardan çəkinməlidir. Bölgədə sülh və əmin-amanlıq yaradılması üçün səylər artırılmalıdır. Ermənistandakı mövcud rejimi silahlandırmaq bir tərəfdən həmin rejimin yaşamasına dəstək verməkdirsə, digər tərəfdən onun təcavüzkarlığına rəvac verməkdir. Bütövlükdə Rusiyanın Ermənistana silah göndərməsi bölgədəki vəziyyəti kəskinləşdirməyə yönələn addımdır. Həmçinin Avropada Adi Silahlar haqqında Müqavilənin pozulması deməkdir».
M.Qurbanlı həmçinin qeyd edib ki, Rusiya zamanında Ermənistana pulsuz silah verib, hazırda isə Azərbaycan tərəfi son məlumatları araşdırır.
YAP nümayəndəsi bu cür addımlara cavab olaraq Azərbaycanın Avropada Adi Silahlara dair Cinah Sazişindən çıxma ehtimalına da toxunub. Onun sözlərinə görə, Azərbaycan hər zaman bu sazişə sadiq qalır: «Rəsmi Bakı bu sazişə əməl etdiyini daim sübut edib. Sazişin müddəalarına əməl etməyən Ermənistan isə aldığı silah və texnikanı işğal olunmuş ərazilərə yerləşdirir. Eyni zamanda, Ermənistanın təmənnasız aldığı silahlardan Yaxın Şərq və Ön Asiyadakı terror qruplaşmalarına satmasına dair məlumatlar mövcuddur».
Deputat Rasim Musabəyov Rusiyanın dəfələrlə Ermənistana pulsuz silah və hərbi texnika ötürdüyünü xatırladaraq deyib: «Əvvəllər bunu maksimum şəkildə gizlətməyə çalışırdılar. İndi isə aşkar şəkildə gedir. Bütün hallarda mahiyyət dəyişmir. Yenə həmin siyasət davam olunur».
Musabəyovun fikrincə, Azərbaycan buna beynəlxalq ictimaiyyətin diqqətini cəlb edə bilər. Burada başqa bir problemin olduğunu söyləyən millət vəkili qeyd edir ki, Ermənistan yeni silahlar əldə etdikcə istifadəsində olan, nisbətən köhnə sayıla bilən silah və hərbi texnikanı Qarabağdakı separatçı rejimə ötürür, bununla da kvota sayını saxlamağa çalışır.
MM Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc isə deyib Ki, Rusiyanın Ermənistana hərbi yardımlarına dünyanın diqqətinin cəlb edilməsinə ehtiyac var: «Bu gün Ermənistana verilən silah sabah Qarabağda cəmləşir və Azərbaycana qarşı istifadə olunur. Digər tərəfdən, Rusiya açıq şəkildə Ermənistanın zəifləməsindən ehtiyat edir və Qafqazda maraqlarının qorunması üçün ona hərbi yardımlar göstərir. Düşünürəm ki, Ermənistanın silahlandırılması Azərbaycan ərazilərinin işğal altında qalmasına xidmət edən addımlardır. Birmənalı şəkildə Rusiyanın sülhməramlı missiyasının saxta olduğunu sübuta yetirir».
Orucun sözlərinə görə, Ermənistana verilən silahların əksəriyyəti hücum xarakterlidir. Halbuki bu dövrdə Ermənistanın təhlükəsizliyi üçün təhdidlər mövcud deyil: «Azərbaycanın müvafiq qurumları bununla bağlı məsələni araşdırmalıdır. Buna diplomatik dözümün nümayiş etdirilməsi daha ağır nəticələr yaşada bilər. Təəssüf ki, ATƏT-in silah kvotasını təftiş edən müvafiq qurumları bu məsələyə qarşı passivlik nümayiş etdirir.
Deputat Qüdrət Həsənquliyev Rusiyanın Ermənistana göstərdiyi son hərbi yardımdan təəccüblənməyib. Onun sözlərinə görə, Rusiya indiyədək dəfələrlə dəyəri milyardlarla dollar təşkil edən silah və hərbi texnikanı Ermənistana hədiyyə edib: «Rusiya Ermənistanı silahlandırır, Cənubi Qafqaza ciddi silah və texnika toplayır. Bu gün Azərbaycan torpaqlarının işğal altında qalmasının əsas səbəbkarlarından biri Ermənistanın müttəfiqi Rusiyadır. Moskva Ermənistanı silahlandırmaqla bölgədə sülhün əldə olunmasına imkan vermir».
Buna cavab olaraq rəsmi Bakının özü üçün ciddi müttəfiqlər düşünməsinə ehtiyac olduğunu deyən millət vəkili hesab edir ki, güclü ordunun formalaşdırılması, yeni və daha müasir silahların alınması, ölkədə istehsalının yaradılması cavab ola bilər.
Həsənquliyev onu da qeyd edib ki, artıq bölgədə silah kvotasını müəyyənləşdirən Avropada Adi Silahlara dair Cinah Sazişi çoxdan pozulub: «Rusiyanın Ermənistanı birtərəfli qaydada silahlandırması və bunun bölgədə yaratdığı gərginliklə bağlı məsələnin beynəlxalq təşkilatlar qarşısında qaldırılmasına ehtiyac var».
Qeyd edək ki, bu günlərdə Rusiya ilə Ermənistan arasında hava vasitəsilə hərbi daşımaların həyata keçirildiyi, Rusiyadan Ermənistana çoxlu sayda silah və sursatın ötürüldüyünə dair məlumatlar üzə çıxıb. Ermənistana verilən silah və texnikalar arasında BMP-2 və BMP-3 tipli piyadaların döyüş maşınları, BTR-70 və BTR-80 tipli zirehli transportyorlar, 2A65 «Msta-B» haubitsaları, 2A36 «Qiatsint-B» topları, 2S3M «Akasiya» özüyeriyən artilleriya qurğuları, habelə çox sayda müxtəlif döyüş sursatları, raketlər, bir divizion «KUB» zenitraket kompleksi və s. yer alıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 388