Rusiya qanunsuz miqrantlara qarşı tədbirləri sərtləşdirdi
Rusiyanın iki mərkəzi şəhərində — Moskva və Peterburqda qanunsuz miqrantlara qarşı tədbirlər sərtləşdirildi. Rusiyada olma və əmək fəaliyyəti qaydalarını pozan miqrantlara qarşı tətbiq edilən cərimələr avqustun 9-dan etibarən Moskva, Peterburq şəhərlərində və həmçinin Moskva və Leninqrad vilayətlərində artırılaraq 7 min rubl təşkil edəcək.
Müvafiq qanunu Dövlət Duması ötən həftə üçüncü yekun oxunuşda qəbul edib. Qanun prezident Putin tərəfindən təsdiqlənib. Qanuna əsasən, əgər xarici vətəndaş qeyd olunan bölgələrdə miqrasiya qanunvericiliyini pozarsa, 7 rubl məbləğində cərimələnərək, ölkədən inzibati qaydada çıxarılacaq.
Rusiyanın digər bölgələrində qeyd olunan qaydalar pozulduqda, miqrantlar, barələrində 5 min rubl cərimə tətbiq edilməklə, ölkədən çıxarılacaq.
Müqayisə üçün: öncəki qanuna görə, ölkəyə giriş və əmək fəaliyyəti ilə məşğul olma qaydalarını pozan miqrantlar ya cərimə olunurdular, yaxud da ki, ölkədən çıxarılırdılar.