Rusiya məhkəməsi İbrahim Musayevin ekstradisiyası haqqında qərar çıxarıb
Yaroslavl vilayət məhkəməsi hakim Yuri Zuyevin sədrliyi ilə keçən iclasda Naxçıvan MTN-nin sabiq əməkdaşı İbrahim Musayevin Azərbaycana ekstradisiyası haqqında qərar çıxarıb.
İbrahim Musayev İran lehinə casusluqda ittiham olunmuş, sonradan Naxçıvan MTN həbsxanasında dünyasını dəyişmiş Turac Zeynalovun həyat yoldaşını qətlə yetirmək barədə tapşırıq aldığını, lakin bu tapşırığı yerinə yetirilməkdən imtina etdiyini bildirib. Başqa ifşaedici faktlar da səsləndirib.
Naxçıvan MTN isə bəyanat yayaraq, İ. Musayevlə heç bir əlaqəsi olmadığını qeyd edərək onu dələduz və fərarı adlandırıb. Naxçıvan MTN-nin açıqlamasında T. Zeynalovun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir. 2012-ci ilin sentyabrında İ. Musayev həyat yoldaşı ilə Rusiyaya gələrək, bu ölkədə qaçqın statusunu almağa cəhd göstərib. Lakin Rusiya müvafiq orqanları onun Azərbaycan tərəfindən axtarışa verildiyi əsas gətirərək, müraciəti rədd ediblər.

