Rusiya cənub istiqamətində hərbi gücünü artırır
Rusiya Xəzər və Qara dəniz ətrafı əraziləri əhatə edən Cənub Hərbi Dairəsinə yeni hücum təyinatlı hərbi texnikalar cəmləşdirir. APA-nın Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, cari ilin sonuna kimi Cənub Hərbi Dairəsinin hərbi hissələri 450-dən artıq müasirləşdirilmiş hərbi texnika — yük və nəqliyyat avtomobilləri, özüyeriyən artilleriya sistemləri, zirehli avtomobillər, müxtəlif raket kompleksləri alacaq. Bölgədəki hərbi hissələrin silahlanmasına 100 ədəd raket-artilleriya sistemi, o cümlədən «İskəndər-M» operativ-taktik raket kompleksləri, 120 mm çaplı 2S9 «Nona-C» özüyeriyən haubitsa, «Xrizantema-S» tank əleyhinə raket kompleksləri daxil edəcək.
Hərbi dairənin motoatıcı və kəşfiyyat bölmələri isə 250-dən artıq BTR-82A yeni zirehli transportyor, «Tayfun» və «Tiqr-M» tipli zirehli nəqliyyat vasitələri ilə təchiz ediləcək.
Qeyd edək ki, Rusiya 2008-ci ildə Gürcüstanla hərbi münaqişədən sonra Cənub Hərbi Dairəsində sürətli silahlanma işləri aparır. Bu kontekstdə Dairənin tərkibinə daxil olan Ermənistandakı 102-ci hərbi baza da yeni hərbi texnikalarla təchiz olunur.