Rusiya, Bəhlul Divanə və Putin
Ankara
Putin Bakıya gəlir. Düşünürəm ki, bundan da böyük bəd xəbər ola bilməz. Bütün hallarda onun səfəri, siyasi iqtidara deyə bilmərəm, amma Azərbaycana yaxşı heç nə vəd etmir. Sabiq xarici işlər naziri Tofiq Qasımov deyirdi ki, böyük dövlətlərlə uzaqdan-uzağa dostluq etmək daha məqsədəuyğundur. Rusiya isə elə böyük dövlətlərdəndir ki, onunla hətta uzaqdan-uzağa belə dostluq etməyə dəyməz.
Uzaqlı-yaxınlı Rusiya ilə dostluq edən dövlətlər və xalqlar arasında nə dünən, nə də bu gün xoşbəxtinə, başqalarına nümunə ola biləcək birinə rast gəlməzsən. Buna da təəccüblənmək lazım deyil. Dostu seçəndə diqqətli olmaq lazımdır. Axı Rusiyanın özü nə dünən, nə də bu gün dünyaya örnək bir dövlət olmayıb və yəqin ki, heç vaxt olmayacaq. Rus xalqı nə dünən, nə də bu gün xoşbəxt və firəvan həyatına görə qibtə ediləcək bir xalq olmayıb və təəssüflər olsun ki, çox böyük ehtimalla heç vaxt olmayacaq. Əslində çox böyük istedada malik bir xalq, çox böyük iqtisadi resurslara malik bir dövlət üçün ağlagəlməz bir ədalətsiz taledir. Amma atalar demişkən «keçəl dərman bilsə, öz başına yaxar». Bəhlul Danəndə ilə Bəhlul Divanə arasında fərqin nədən ibarət olduğunu izah edən bir lətifə var.
Bir nəfər Bəhlulun yanına gedib deyir:
— Bəhlul Danəndə, mən nə eləyim ki, çox qazanc götürüm?
Bəhlul cavab verir:
— Get çoxlu dəmir al, bir evə yığ, saxla, sonra çox qazanc alarsan.
Kişi Bəhlul dediyi kimi eləyir. Bir müddət sonra müharibə başlayır. Dəmirə ehtiyac artır. Kişi dəmiri baha qiymətə satıb çox qazanc götürür. Bir zaman gəlib keçir, yenə kişi Bəhlulun yanına gedib deyir:
— Bəhlul Divanə, mən nə eləyim ki, çoxlu qazanc götürüm.
Bəhlul deyir:
— Get, çoxlu soğan al, anbara yığ, üstünə də su tök.
Kişi Bəhlulun dediyi kimi eləyir. Çoxlu soğan alıb, anbarı doldurur, üstünə də su tökür. Bir il keçir. Soğan cücərib çürüyür. Kişi gedib Bəhlula deyir:
— Birinci dəfə elə məsləhət elədin, çoxlu qazanc götürdüm. Bəs ikinci dəfəki nə məsləhət idi, məni cəriməyə saldı?
Bəhlul dedi:
— Birinci dəfə mənə Danəndə dedin, mən də sənə danəndə kimi məsləhət verdim, qazanc götürdün. İkinci dəfə mənə Divanə dedin, mən də sənə divanə məsləhəti verdim.
Problem ondan ibarətdir ki, Bəhlul Danəndədən fərqli olaraq, ətrafındakıların Rusiyaya nə cür münasibət bəsləməsinin elə bir önəmi yoxdur. Təəssüflər olsun ki, Rusiya ətrafdakılara yalnız və yalnız «divanə» simasında təzahür edir.
Bizim bəxtimiz gətirməyib. Əcdadlərımız daimi yaşayış yerini düz seçməyiblər. Bəlkə də dərin düşünməyiblər. Çox böyük problemlə üz-üzə qalmışıq. Rusiya ilə qonşuyuq. Hələ bu azmış kimi Rusiya bizi özünə dost görmək istəyir. Dost olmaq üçün isə onlar kimi olmaq, onlara oxşamaq lazındır. Dostluqdan imtina haqqın da yoxdur. Yəni, imtina qəbul olunmur. Səni qandalla özünə zəncirləməyə hazırdır. Axı harada görünüb ki, böyük qardaş kiçiyin dediyi ilə oturub-dursun. Sözünə baxmasan, ən yaxşı halda bir iki şapalaq yeyərsən.
İndi deyin görüm, bundan da böyük dərd, bundan da bəla ola bilərmi?! İndi də deyirlər ki, Rusiya prezidenti Vladimir Putin Bakıya gəlir. Bu o kişidir ki, «kiçik qardaşlarından» hər hansı birisi onun sözünə baxmayanda, üzünə ağ olanda onu hətta ayaqlolunda belə rahat buraxmır, nəcisin içində boğmağa çalışır. 1999-cu ildə çeçenlərin, 2008-ci ilin avqustunda gürcülərin başına gələnləri yada salmaq kifayətdir.
Düşünürəm ki, bu gün Bakıda çoxları bir sualın üzərində baş sındırır: Putin nə üçün gəlir, ona bizdən nə lazımdır? Əslində variantlar o qədər də çox deyil: birincisi, Putin özünün başa düşdüyü kimi, Rusiyanın milli-dövləti maraqlarından çıxış edə bilər. Bu bizi manevr imkanlarından məhrum edən ən təhlükəli variantdır. Putin deyə bilər ki, artıq yetər. 20 ildir ki, özbaşına qaldınız, kefinizə baxdınız, artıq «dədə-baba evi» çatısı altına qayıtmaq vaxtıdır. Bu kompromiss nəzərdə tutmayan variantdır. Bu müharibə elanı deməkdir. Çünki bu tələblə çıxış edib rədd cavabı aldıqdan sonra Rusiya kiçik qardaşının «dərsini» verməlidir. Özü də əminəm ki, dərsi daha yaxşı mənimsəməmiz üçün Rusiya tədris prosesinə İranı cəlb edəcəyinə söz verəcək. Rədd cavabı verməmək isə mümkün deyil. Çünki Putinin şərtlərinin qəbulu artıq Azərbaycanın milli-dövləti maraqlarına ziddir. Ən azı ona görə ki, Putin əvəzində heç nə təklif edə bilməz, hakimiyyətinin təkrar bərpasına dəstəkdən başqa. Bir sözlə, əgər Putin «əbədi qardaşlıq» təklifi ilə gəlirsə, onda hadisələrin ən təhlükəli inkişaf variantına hazır olmalıyıq. Əslində etiraf etmək lazımdır ki, bu təhlükəni neytrallaşdırmağa kifayət qədər hazır deyilik. Çünki bu təhlükəni neytrallaşdırmağın ən səmərəli yolu daha güclü «himayədarın» olması idi. Deyəndə ki rus ayısının qonşuluğunda balanslaşdırılmış xarici siyasətdən söhbət gedə bilməz, sözümüzü eşitmədilər. İndi isə yanımızda Rusiya qarşısında dik duruşumuzu təmin edəcək himayədarımız yoxdur. Onlara yanımızda durmaq imkanı yaratmadıq. Ona görə də işimiz bir xeyli fənadır. Amma yenə də ümidsiz vəziyyətdə deyilik. Ən azından ona görə ki, himəyadarımız olmağa hazır olanlar var.
İkincisi, Putinin daha gerçəkçi istəkləri də ola bilər. Məsələn, bizim, yəni hakim elitamızın ən azı yaxın perspektivdə əl-ayağına dolaşmamaq əvəzində rüşvət istəyə bilər. Bu variantın gerçəkləşəcəyinə ümidlər o qədər də böyük deyil. Ona görə yox ki, Putin gözütox siyasətçidir. Əsla. Deyirlər ki, o bizim korrupsionerləri sulu aparıb, susuz gətirər. Yəni, onun qazandıqları yanında bizimlikərin varı-dövləti uşaqlar üçün dondurma puludur. Məsələnin məğzi başqadır. Postsovet məkanındakı bütün siyasətçilər kimi Putinin də gəliri hakimiyyətdən çıxır. Azərbaycanın «dədə-baba evi»nin çatısı altına qaytarılması onun hakimiyyətinin uzadılmasına, yəni gəlirlərinin birə on artırılmasına yardımçı ola bilər.
Lakin bir əmması var. Azərbaycanın «dədə-baba evi»nin çatısı altına qayıtması ABŞ-ın geosiyasi regional maraqlarına cavab vermir. Rusiyanın isə ABŞ qarşısında duruş gətirməsi müşkül məsələdir. Ona görə də, Putin «çox istəyən azdan da olar» məntiqini rəhbər tutub qısa vadədə rüşvətə də razı ola bilər. Bizim Qərbdəki həmkarlarımız bu variantı istisna etmirlər.
Rusiyanın «Rosneft» şirkəti «Abşeron» qaz yatağında pay almaq istəyir, deyə enerji əməkdaşlığı üzrə Azərbaycan-Rusiya danışıqlarının gedişindən xəbərdar olan mənbə Reuter’s agentliyinə məlumat verib. Reuter’s-in məlumatına görə, «Rosneft» bununla qaz ixracında «Qazprom»un rəqibi olmaq istəyir. Qeyd edək ki, iyulun əvvəlində «Rosneft» şirkətinin rəhbəri İqor Seçin Bakıya səfəri zamanı ARDNŞ rəhbərliyi ilə görüşüb və əməkdaşlıq məsələsini prezident İlham Əliyevlə müzakirə edib. Bundan sonra Seçin Rusiya şirkətinin ARDNŞ ilə birgə planlarından danışıb, amma gələcək əməkdaşlığın detallarını açıqlamayıb. «Abşeron» qaz yatağı 2011-ci ilin sentyabrında kəşf edilib. İlk kəşfiyyat quyusu qazılandan sonra layihənin operatoru Total şirkəti 150-300 mlrd. kub. m qaz ehtiyatı kəşf edildiyini bildirib. Azərbaycan geoloqları yatağın ehtiyatlarının 2 dəfə çox ola biləcəyini gözləyir. Səhmdarlar bunlardır: ARDNŞ (40%), Total (40% — operator) və Gas de France (20%). «Abşeron» qaz yatağında ilk hasilat 2020-ci ildən tez olmayacaq. Yerli mənbələrin məlumatına görə, RF prezidenti Vladimir Putin avqustda İrana səfəri zamanı Bakıya gələcək. Putinlə birgə RF nümayəndə heyətinin tərkibində «Rosneft», «Transneft» və LUKoyl rəhbərləri də olacaq. Düşünmürəm ki, «Abşeron» yatağında payının olması «Rosneftə» «Qazpromla» qaz ixracında rəqabət aparmağa imkan verə bilər. Hətta «Rosneft» «Abşeron»un səhmlərinin 100 faizini satın ala bilsə belə. «Abşeron»dakı qaz ehtiyatlarını «Qazprom»un malik olduğu həcmlərlə nüqayisə belə etmək olmaz. Amma bu sövdələşmədən Putin bir neçə milyard dollar qazana bilər.
Əvəzində isə namizədlərin qeydiyyatı bitənə qədər Rüstəm İbrahimbəyovu Rusiya vətəndaşlığından məhrum etməmək olar. Nədən olmasın…
[email protected]