Rus qanununun dublikatı gəlir
Azərbaycanda yaşayan və işləyən miqrantlar Azərbaycan dilindən imtahana cəlb edilə bilər. Bununla bağlı «Əmək miqrasiyası haqqında» qanuna dəyişikliklər edilməsi gözlənilir. Azərbaycan dilindən imtahan verən xaricilərə isə dövlət tərəfindən təsdiq edilən sertifikat veriləcək. Xatırladaq ki, bu yaxınlarda Rusiyada belə qanun qəbul olunub.
Azərbaycan Miqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev isə ölkəmizdə belə bir qanuna ehtiyac olmadığını vurğulayıb: «Rusiyada qanunun qəbulu ondan irəli gəlib ki, Rusiya immiqrasiya ölkəsidir. Rusiya Amerikadan sonra dünyada ən çox miqrant qəbul edən ikinci ölkədir. Həmin qənunun dublikatını dərhal Azərbaycanda da qəbul etmək istəyirlər. Əvvəla Azərbaycana gələn miqrantlar əsasən İrandan və Gürcüstandan gəlir. Onların da hər biri Azərbaycanın dövlət dilini bilir».
Digər tərəfdən Azərbaycanda əcnəbilər yalnız iki il yaşadıqdan sonra immiqrant statusu ala bilərlər. Yəni əcnəbi ölkəmizə gəlir, iki il burada yaşayır, yalnız bundan sonra immiqrant statusu ala bilər. Ölkəmizə gələn şəxslər dərhal bu statusu ala bilməz. Həmçinin, mövcud qanunvericiliyə görə, immiqrant statusu alan şəxslər Azərbaycanda nikahda olan şəxslərdir. Amma Rusiyada ölkə vətəndaşı ilə nikahda olan şəxslər immiqrant kvotasından əlavə olaraq bu statusu alırlar və dil bilmə ilə bağlı arayış onlara şamil olunmur.
İkinci qrup immiqrantlar isə Azərbaycana sərmayə qoymaq istəyən şəxslərdir. Əliyev deyir ki, əgər həmin şəxslər ölkəyə sərmayə qoymaq istəyirsə, amma dil bilmirsə, indi onlara status verilməyəcək. Ölkəyə gələn əməkçi miqrantlara da stutus bir illiyə verilir.
«Qanuna görə ölkəyə o şəxslər əməkçi miqrant kimi gələ bilər ki, burada həmin şəxslərə ehtiyac olsun. Bu halda da həmin miqrantların Azərbaycana yox, Azərbaycanın onlara ehtiyacı olur. Bu mənada həmin qanun Azərbaycan iqtisadiyyatının əlehinə yönələn bir qanun olardı. Belə bir qanunun qəbuluna ehtiyac yoxdur».