Muəllif:

Ruhani ağa-bəy havasıdır

«Bu uruslar əl-ayağa yaman dolaşırlar. Qorxuram axırda kişiliyimizi də əlimizdən alalar»
«Dəli Kür», İsmayıl Şıxlı

Bu gün mənimçün çox əlamətdar bir gündür. İnanıram ki, bir çoxları üçün də belədir, amma bu günün mən və ailəmiz üçün xüsusi özəllikləri var. 1991-ci ilin 18 oktyabrında Parlamentimiz Azərbaycanın müstəqilliyinin bərpasına səs vermişdi. Uzaq 1920-ci ildə əlimizdən alınmış müstəqilliyimizin. Və bu müstəqilliyin bərpasına səs verən bir çox vətən oğlunun arasında atam İsmayıl Şıxlı da vardı. Bu, mən və ailəmiz üçün ən azından bir qürur mənbəyidir.
Ailə üçün ikinci özəlliksə düz bir il əvvəl oğlumun məhz həmin gün toyunun olmasıdır. Ailəmizçün bayram bayrama qarışmışdı və bütün toy ərzində atamın ruhunun başımız üstündə olduğuna tam əmindim, çünki onun ən sevdiyi, bəlkə də məxsusi şövqlə qol açıb ağır-ağır oynadığı yeganə hava olan «Ruhani»ni oynayanda mənə qoşulan dostlarımın arasında gözümlə elə hey onu axtarırdım, tapmasam da, bilirdim ki, bığının altından qımışıb bizə baxır…
Ən azı yarım saat oynadığımız bu rəqsdən sonra dostlardan biri hətta demişdi ki, «bu rəqsi oynayanları görəndən sonra anladım ki, millət ölməyib, hələ var». Başqa cür ola da bilməz, çünki «Ruhani» ağa-bəy havasıdır.
Amma bu günlər müstəqilliyimiz və millət olaraq qürurumuza təhdid kimi qavradığım bir hadisə yerdə qalan hər şeyi, deyəsən, unutdurub. Hamı elə hey Moskvadakı qətldən danışır — soydaşımızın törətdiyi qətldən. Hərçənd, hələ bu da sual altındadır. Son məlumatlara görə, Orxan Zeynalov əvvəlcə qətli boynuna alsa da, indi bunu danır. Nə isə, məsələ bunda deyil, Moskvadakı rus millətçilər və ən əsası, Putin elitasının bundan bizə qarşı təhdid kimi istifadə etməsindədir. Demə, Rusiyanın bütün qaraiqballığının baiskarı biziymişik. Təhdidin əsas mövzusu da oradakı soydaşlarımızın qovulub evlərinə qayıtmaq təhlükəsidir. Guya belə olarsa, Azərbaycan çökər. Zənnimcə, Kreml üçün əsas və bəlkə də ən vacib leytmotiv elə budur. Keçmiş metropoliya keçmiş vassallarının müstəqilliyini və deməli, «özbaşınalığını» heç cür sinirə bilmir.
Yadıma bir neçə ay əvvəl Moskvada erməni avtobus sürücüsünün törətdiyi və xeyli insanın tələf olduğu ağır yol qəzasından sonra onun məhkəmə zalına qəsdən arvad xalatında gətirilməsi düşdü. Məqsəd erməniləri alçaldaraq onlara göstərmək idi ki, Rusiya istəsə, başınıza oyun açar. Açır da.
Bəs Kremlağası Putinin Bakıya son səfəri zamanı «Dağıstan» hərbi gəmisinə prezident İlham Əliyevlə getməsi yadınızdadırmı? Çox maraqlı və eyhamdolu bir məqam vardı orada. Gəminin kapitanı ali qonaqları salamladıqdan sonra hərbi qaydaya uyğun olaraq özünü də təqdim edir. Amma İlham Əliyev zatən onun soyadına əhəmiyyət vermir və ya özünü belə göstərir. Gəmini gəzib-dolaşdıqdan sonra göyərtəni tərk edərkən Rusiyanın prezidenti və Ali Baş Komandanı Vladimir Putin ayaq saxlayıb guya heç nədən xəbəri yoxmuş kimi kapitandan bir daha adını və soyadını soruşur… və nəsə kəşf etmiş kimi hündürdən «siz azərbaycanlıymışsınız ki» deyə İlham Əliyevə səslənir. Kapitan, doğrudan da, soydaşımızmış — Vüsal Miriyev. Deyim ki, «Dağıstan» raketdaşıyan kreyseri Rusiya Xəzər Donanmasının flaqmanıdır. Belə bir gəminin kapitanının kimliyi, yəqin ki, əvvəlcədən Putinə məlumdu…
İndi bu iki məqamın — azərbaycanlının hərbi gəmi kapitanı olmasının şəxsən Putin tərəfindən qabardılması və digər soydaşımızın törətdiyi qətlin Moskvada milli zəmində çaxnaşmalara gətirib çıxarmasının elə həmin Putin elitası tərəfindən körüklənməsinin nə məna kəsb etdiyi barədə düşünür və çox bəsit bir nəticəyə gəlirəm. Kremlağası Azərbaycanda da ağalıq etmək istəyir.
Dünən axşam maşınla Bakıdakı rus səfirliyinin yanından ötəndə radio birdən xışıldamağa başladı və səs batdı. Dalğanı dəyişsəm də, xışıltı kəsilmədi, digər kanallarla da vəziyyət eyni idi, amma tezliklə xışıltı kəsildi və diringi bir rəqs havası eşidildi. Dalğanı tezcə dəyişdim, amma bu şit havadan yaxamı qurtara bilmədim — bütün kanallardan eyni zəhlətökən musiqi eşidilirdi…
İndi, müstəqillik günündə bu sətirləri yazanda bir il əvvəl oğlumun toyunda qol açıb «Ruhani» getdiyimiz yadıma düşdü və dünya-aləm başıma hərləndi. Olmaya innən belə vedrə dalına dınqıra süzmək məcburiyyətində qalacayıq?!
Sizi bilmirəm, amma mən buna hazır ola bilmərəm, çünki MÜSTƏQİLLİYİMİZƏ səs verən KİŞİLƏRİN RUHU BİZİ BAĞIŞLAMAZ, ATAMSA CƏMDƏYİMƏ TÜPÜRƏR, çünki RUHANİ AĞA-BƏY HAVASIDIR VƏ O, MƏNƏ YALNIZ BU HAVAYA OYNAMAĞI ÖYRƏDİB!
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 444