Muəllif:

Ronin

Dünən gecə vaxtilə çox böyük həvəslə izlədiyim savaş filmlərindən birini nümayiş etdirirdilər. Baş rollarda dünya kinematoqrafının Robert de Niro, Jan Reno kimi nəhənglərinin çəkildiyi bu filmin adi, lakin çox keyfiyyətli savaş lentlərindən olmasına baxmayaraq maraqlı adı var — «Ronin». Sözün mənasını bilmədikdə hətta düşünmək olar ki, bu hansısa bir rus soyadıdır. Əslində isə bu yapon sözüdür və hərfi tərcüməsi «sərgərdan insan» mənasını verir. Orta əsrlərdən də əvvələ gedib çıxan bu məfhum yapon hakim elitasında xüsusi yeri olan samuraylarla bağlıdır. Samuraylar xeyli sonralar özləri xüsusi bir hərbi elitaya çevrilsələr də, bir vaxtlar yapon feodallarının qulluğunda olan çox cəsur və qürurlu savaşçılardı. Onlar busido — «döyüşçünün yolu» mənasını verən peşə və şərəf kodeksi də işləyib hazırlamışdılar. Əslində, roninlər də elə həmin samuraylardır, amma hər hansı bir səbəbdənsə ağasız, yəni yiyəsiz qalmışlardır. Lakin məsələ tam olaraq bunda deyil. Ronin adını üstünə götürmüşlər bir daha samuray adını daşıya bilməzdilər, çünki onlar peşə və şərəf kodeksini pozmuşlardı. Həmin kodeksə görə isə, ağasını itirmiş və deməli onu qoruya bilməmiş samuray adına layiq olduğunu sübut etmək üçün mütləq sepuko etməli imiş. Bizdə el arasında sepukonun başqa adı daha populyardır — xarakiri. Bir sözlə, döyüşdə rüsvay olmuş samuray şərəfini qorumaq üçün özünü öldürməliymiş. Amma can şirin şeydir. Buna görə də bir çox samuraylar rüsvayçılığı şərəfdən üstün tutaraq sepuko etməməklə ronin olurdular, sərkərdan insan, yiyəsiz samuray və nəticədə muzdlu qatil və ya döyüşçüyə çevrilirdilər. Filmin qəhrəmanları da «soyuq müharibə» bitdikdən sonra müxtəlif ölkələrin xüsusi xidmət orqanlarından kənarlaşdırılmış yüksək peşəkarlığa malik xüsusi agentlərdir. Samuray olmadıqlarına və xüsusi əməliyyatlar keçirməkdən başqa bir iş bacarmadıqlarına görə çörək pulu qazanmaq ucbatından muzdla, ideologiyasından asılı olmayaraq, kimə gəldi işləyirdilər. Filmin adını da məhz buna görə «Ronin» qoyublar.
Roninlik, yəni yiyəsizlik və şərəfsizlik yaman şeydir. Bu gün oxuyuram ki, Ombudsman Elmira Süleymanova da media-ombudsmanlığının öhdəsindən gələ bilmir, daha doğrusu, ombudsman aparatının tərkibində təşkil olunması nəzərdə tutulan departamenti heç cür yarada bilmir. Bunun min səbəbi ola bilər, bürokratik əngəllərdən tutmuş ta şəxsi münasibətlərədək, amma, fikrimcə, əsas məsələ yiyəsizlikdədir. Milli mediamızın yiyəsizliyində. Mənimlə razılaşmamağa tam haqqınız var, çünki demək olar hər media strukturunun arxasında kimsə durur. Bizim şəraitdə isə altından kimsə çıxır desək, daha düzgün olar. Deyəcəksiniz ki, dövlət də mediaya xüsusi diqqət yetirir, KİV-ə dəstək fondu yaradılıb, medianın inkişafı konsepsiyası qəbul edilib və hətta jurnalistlərə pulsuz-parasız mənzillər də verilib. Bilirəm, hamısını bilirəm, bəlkə daha çoxunu da bilirəm. Amma yenə də bu fikirdəyəm ki, mediamız yiyəsizdir. Ona görə yiyəsizdir ki, şərəfini qorumağın daşını ətəyindən çoxdan atıb. Şərəfli media samuray olmalıdır, bizsə ən yaxşı halda zahiri atributları ilə samuraya bənzəməyə çalışan roninlərdən başqa bir şey deyilik, çünki peşənin şərəfini qoruya bilməmişik. Belə olmasaydı, az qala 2010-cu ildən bəri ombudsman aparatında media-ombudsmanı departamenti yaradılması haqqındakı ali dövlət fərmanı çoxdan yerinə yetirilərdi. Amma həmin fərman qulaqardına vurulur. Səbəbini özümüzdə axtarmalıyıq. Mən heç də hamını sepuko etməyə çağırmıram. Çağırsam da, mənası olmayacaq — axı Servantesin məlum əsərini çox adam sevə-sevə oxusa da, Don Kixotluq edib yel dəyirmanları ilə döyüşmək həvəsində olanlar yoxdur. Bir də ki, Don Kixot əməlli-başlı dəli idi, bizsə hamımız ağıllıyıq…
Məni ən çox narahat edənsə odur ki, tək jurnalistikaya deyil, elə həyatın özünə münasibətdə də roninlərin sayı samuraylarınkından qat-qat çoxdur və bu gedişlə samuray olmaq bir yana, ronin olmamağın özü də böyük bir kişilik sayılacaq…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 326