«Robot-jurnalistlər»
Yəqin ki, misilsiz Çarli Çaplinin məşhur səssiz filmlərindən birində zavod konveyerində çalışan və eyni, yeknəsəq işi görməkdən havalanan fəhlə obrazı bir çoxlarının yadındadır. Böyük komik insanın mexaniki kukla, müasir dillə desək, robot deyil, yaradıcı və düşünən bir varlıq olması kimi çox ciddi bir problemi cəmiyyətin diqqətinə çatdırmaq üçün özünəməxsus bir tərzdən istifadə edib. İşinə kreativ, yəni yaradıcı şəkildə yanaşıb, demək istəyib ki, insan maşın deyil. İnsanı maşın yerinə işlədəndə onun başı mütləq xarab olacaq, çünki insanı insan edən onun hissləri və düşünən beynidir. İndi böyük zavod və fabriklərdəki konveyerlərdə xüsusi yaradıcılıq tələb etməyən işləri robotlar görür. Son vaxtlar artıq bilgisayar proqramları vasitəsilə insanın müdaxiləsi olmadan həm musiqi bəstələnir, həm də xüsusi robotlar rəsm əsərləri yaradır.
Bu günlərdə isə oxudum ki, Qərbdə artıq bilgisayarlar yazı yazmağa başlayıb. Məsələn, Narrative Science adlı bir müxbir məşhur Forbes dərgisi üçün bir ildir ki, məqalələr yazır və bundan 6 milyon dollar qazanıb. Əslində isə, Narrative Science jurnalist deyil, xüsusi bilgisayar proqramıdır və adının hərfi mənası da «nəql edən elm» deməkdir. Bu yeni texnologiya artıq həmin «robot-jurnalist»ə məntiqə əsaslanaraq hətta siyasi yazılar belə yazmaq imkanı verir. Əvvəl-əvvəl yalnız konveyer robotları kimi cədvəl və hesabatlar hazırlayan «jurnalistlər» innən belə proqrama daxil edilmiş əsas söz və ifadələrdən istifadə edərək redaktorun sifarişiylə yazacaqları məqalələrdə məntiqi nəticələrə də gələcəklər.
Qərbdə «jurnalist-robotlar»a tələbatın əmələ gəlməsini ənənəvi medianın rəqəmsal tərəfdən sıxışdırılması və jurnalistikanın kommersiyalaşması ilə izah edirlər. Kommersiyalaşma isə jurnalist qələminin məhsulunun gəlir gətirməsini, ən azından öz xərcini ödəməsini tələb edir. Yeni rəqəmsal on-layn media isə 24 saat yenilənmə, təzə xəbər istəyir. Bu cür iş rejiminə tab gətirib Çaplinin personajı kimi havalanmamaq üçünsə böyük jurnalist ştatı saxlamaq lazım olduğundan media-strukturunun «astarı üzündən baha başa gəlir» və Qərbdə yeni texnologiyalara üz tuturlar. Məsələn, İsveçrədə bir gənc iş adamı, robotları saymasaq, iki nəfərlə jurnal buraxmağa başlayıb.
Nə isə, bu, onların öz işidir. Hərçənd, ümumbəşəri aspektdən yanaşsaq, bu prosesin xeyrindən çox zərəri ola bilər. Qərbli həmkarlarımız artıq kommersiyalaşmış jurnalistikanın demokratiyaya bir təhdid olduğunu söyləyirlər. Fikir verin, onlar «robot-jurnalistləri» deyil, kommersiyalaşmış, yəni peşəni «qara qəpiyə» satan jurnalistikanı şər mənbəyi sayırlar. Texnoloji inkişaf, cəmiyyətin yaşadığı tərəqqi demokratik toplumların məhz demokratiya ilə bağlı problemlərlə üzləşməsinə gətirib çıxarır. Ağıldan bəla buna deyərlər.
Bəs biz? Maraqlıdır, görəsən, biz bu texnologiyadan istifadə edəcəyikmi? Və istifadə etsək belə, bunu nə məqsədlə edəcəyik? Ölkə mediasına nəzər salsaq, ilk növbədə demək olar ki, heç bir media-struktur özü öz xərcini ödəyə bilmir və ən qəribəsi də budur ki, heç kim, sözün yaxşı mənasında, kommersiyalaşma haqqında düşünmür. Başqa sözlə desək, mediaya biznes kimi yanaşmır. (Təbii ki, jurnalistika xüsusi bir biznesdir və əslində, ona bir zavod, yaxud fabrik tipli müəssisə kimi yanaşmağın nə demək olduğunu «robot-jurnalistlər»in yaranması göstərir). Belə olmasaydı, yerli televiziyalar seçki zamanı ödənişli reklam verməkdən imtina etməzdi. Bir sözlə, bizdə media kommersiyalaşmaq mərəzindən, yəni ümumən tərəqqidən uzaq olduğu üçün texnoloji tərəqqi baxımından bizim «robot-jurnalistlər»ə ehtiyacımız yoxdur. Ona görə də, həm dövlət, həm də mənşəyi məlum olmayan digər maliyyə mənbələri hesabına yaradılan və ictimai rəyi formalaşdırmaq məqsədilə yaşadılan, lakin qarşıya qoyulmuş vəzifənin belə öhdəsindən gəlməyən media qurumları hələ ki rahat yaşaya bilərlər. Biz «robot-jurnalistlər»i ayılıb nə vaxtsa alsaq belə, onları tərəqqi, biznes xatirinə deyil, tamam başqa məqsədlərlə alacağıq. Axı «robot-jurnalistlər»i necə proqramlaşdırsan, elə də yazacaqlar. Onlar nə vicdan əzabı çəkəcək, nə bir etiraz edəcək, nə su, nə də yemək istəyəcəklər. Heç mənzil problemləri də olmayacaq. Vallah bu tərəqqi yaman şeydir. «Robot-jurnalistlər»i alsaq, nə həmkarlarımızla üz-göz olacağıq, nə haqlarımızın tapdandığı, söz və mətbuat azadlığının boğulduğunu dilə gətirəcəyik, nə hər il iyulun 22-də mükafat davası edəcəyik, nə də məmurlar bizi məhkəməyə verəcək. Nə Mətbuat Şurası başda olmaqla digər jurnalist təşkilatlarına ehtiyac qalacaq, nə də Nizami Cəfərov Milli Məclisdə jurnalistikanın yaradıcı peşə olmadığını ciddi-cəhdlə toplumun beyninə yeritmək əziyyətinə qatlaşacaq. Ən əsası da Əli müəllimin, yəni Əli Həsənovun, bizdən canı qurtaracaq. «Robot-jurnalist»ə bircə kəlmə deyiləcək ki, burnunu hər yerə soxma, get yazını yaz. Əsas da odur ki, hamı bir-birinə can deyib, can eşidəcək. Bəlkə düz demirəm?
Amma hayıf ki, bütün bunlar bir xülyadır. Bizim bir qismimiz hələ də illərin təsirindən müdrikləşməyib peşə etikasından, jurnalist vicdanından, onun yalan yaza bilmək haqqının olmamasından dəm vurur. Digər qismimizsə müdrikləşib, o qədər müdrikləşib ki, qorxuram heç «robot-jurnalistlər» də onlara çata bilməsin.
Xülasə, indi bizə ya Çaplinin qəhrəmanı kimi havalanmaq qalır, ya da tərəqqidən, medalı demirəm, düzgün yararlanmaq.
[email protected]