Rəsul Quliyev Putindən dəstək istədi və Kremlə sanballı vədlər verdi
Rəsul Quliyev Rusiya səfiri ilə görüşüb Putindən dəstək istədi və öz növbəsində Kremlə sanballı vədlər verdi.
Milli Məclisin sabiq sədri, Milli Şuranın üzvü Rəsul Quliyev Rusiyanın ABŞ-dakı səfiri ilə görüşüb. AzadlıqRradiosu bildirir ki, eks-spiker səfir Sergey Kislyakla görüşündə seçkilərdə Moskvanın ona siyasi dəstək verməsini xahiş edib və Rusiya hökuməti ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.
R.Quliyev Rusiya Federasiyası ilə ikitərəfli əməkdaşlığı möhkəmləndirəcəyini və Kremlin Azərbaycanda və Cənubi Qafqazdakı geopolitik proseslərdə iştirakını gücləndirəcəyini vəd edib.
Prezident seçiləcəyi təqdirdə R.Quliyev Dağlıq Qarabağ münaqişəsini Rusiyanın maraqları və tövsiyələri əsasında həll edəcəyini bildirib.
Görüş zamanı R.Quliyev Rusiya XİN rəhbəri Sergey Lavrova müraciət göndərib. Müraciətində eks-spiker Lavrova yazıb ki, Rusiya hakimiyyəti və dövlət orqanları ilə əməkdaşlığa hazırdır. O, seçkilərdə Putinin siyasi dəstəyini xahiş edib: “1993-96-ci illlərdə mən parlament sədri ikən Rusiya rəhəbərliyi ilə görüşmüşəm və Federasiya Şurasının deputatları qarşısında çıxış etmişəm. 2003-cü ildə Moskvada olarkən bir sıra yüksək rütbəli şəxslərlə görüşlər keçirmişəm. Mən bu məsələləri sizinlə görüş zamanı müzakirə etməyə şad olardım”.
AzadlıqRadiosu Rusiyanın ABŞ-dakı səfiri ilə görüşün detallarını dəqiqləşdirə bilib. Radio R.Quliyevin rus XİN rəhbərinə müraciətinin surətini əldə edib. Yaxın günlərdə bu müraciətin yayımlanacağı bildirilib.