Muəllif:

Rəsul Quliyev də ACP və Milli Şuradan istefa verdi

Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər partiyanın lideri Rəsul Quliyevin və digər şəxslərin istefasına münasibət bildirib. S. Əkbər APA-ya açıqlamasında bildirib ki, R. Quliyev istefaya getməklə düzgün qərar verib: “Rəsul Quliyev Azərbaycanda demokratiya uğrunda bundan sonra da mübarizəsini davam etdirəcəyini bəyan edib. O, indiyə qədər bir partiya çərçivəsində demokratiya uğrunda mübarizə aparırdısa, mübarizəsini bundan sonra cəbhəsini genişləndirərək aparmaq istəyir və bildirir ki, Azərbaycanda bu istiqamətdə mübarizə aparan bütün təşkilatlarla əməkdaşlıq etmək niyyətindədir. Mən onun istefa qərarını düzgün qiymətləndirirəm və hörmətlə yanaşıram”.

S. Əkbər Zəminə Dünyamalıyeva və Solmaz Ələsgərovanın da istefalarına münasibətini açıqlayaraq partiya funksionerlərinin bu addımını təəssüflə qarşıladığını qeyd edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Partiya sədri təmsil olunduğu Milli Şuradan özünün hələ ki istefa verməyəcəyini açıqlasa da, bunu istisna da etməyib: “Hələlik Milli Şuradan istefa vermək niyyətimiz yoxdur. Bu, Milli Şuranın bundan sonra aparacağı siyasətlə bağlı olacaq. Yəni, istefamız Milli Şurada gedən müzakirələrdən, qurumun bundan sonra atacağı addımlardan asılı olacaq”.

Bəlli olduğu kimi, ACP lideri Rəsul Quliyev partiyadan və Milli Şuradan istefa verib.
Bu barədə APA-ya R. Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu məlumat verib.

Onun sözlərinə görə, R. Quliyevin istefasının səbəbi Azərbaycan müxalifətinin 20 ildə heç bir uğur əldə etməməsidir: “Rəsul Quliyev hesab edir ki, müxalifətin uğursuzluğunun səbəbi köhnə düşüncəli liderlərin hələ də siyasi səhnədə qalmasıdır. Rəsul Quliyev partiya liderliyindən istefa verməsi digər liderlərə nümunə kimi atılan addımdır. Yəni, səbəbindən asılı olmayaraq, uğur əldə edə bilməyən, uzun müddət partiya liderliyində qalan şəxslər də Rəsul Quliyevin bu addımından dərs götürməlidir”.

Qeyd edək ki, R. Quliyev özü də “facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi video-müsahibəsində də yaranmış situasiyada ACP-nin lideri kimi qalmasının düzgün olmadığını deyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 163