Rəssam Günləri rəssamların ürəyincə olub
Rəssam Günləri rəssamların ürəyincə olub. Görürükki, rəssamlıq sahəsinə diqqət artıb və bunun nəticəsidir ki, rəssamların işində daha da canlanma yaranıb. Bu sözləri AYNAya açıqlamasında xalq rəssamı Nazim Bəykişiyev deyib. O, bildirib ki, məhz bu diqqətin sayəsində rəssamlıq sahəsində daha uğurlu işlər həyata keçirilib:
“Rəssamların işində bir canlanma yaranıb. Bu yaxınlarda Rəssamlar İttifaqında Rəssam Günləri keçirildi. Bu tədbir bir həftə davam edib. Rəssam Günləri çərçivəsində bir sıra maraqlı tədbirlər oldu. Sərgilər təşkil edildi, müsabiqələr keçirildi. Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov belə bir fikir irəli sürdü ki, bundan sonra Rəssam Günləri mütəmadi keçirilsin. Biz hər gün çalışırıq ki, yeni əsərlər yaradaq”.
Bəykişiyev Rəssamlıq Akademiyasının istifadəyə verilmiş yeni korpusunda təmirdən sonrakı şəraiti bəyənir:
“Üçmərtəbəli yeni korpusda 128 sinif otağı, fənn kabinetləri, laboratoriya və emalatxanalar yaradılıb. Sinif otaqları, kabinetlər və təcrübə laboratoriyaları ən müasir avadanlıq və ləvazimatla təchiz olunub”.