Muəllif:

Rəqibini balta ilə, arvadını döyə-döyə öldürüb…

Xüsusi ilə ağır cinayət törətməkdə təqsirli bilinən paytaxt sakini Musaxan Şamıyevin cinayət işi üzrə məhkəmə keçirilib. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən il fevralın 10-da Suraxanı rayonu ərazisində Musaxan Şamiyev (1958) həyat yoldaşı Nailə Şamıyevanı (1966) oğluna məxsus avtomobildə döyüb. Nailə Şamıyeva aldığı xəsarətlərindən keçinib. Musaxan Şamıyev rayon prokurorluq və polis idarəsi əməkdaşları tərəfindən saxlanılıb. Istintaq araşdırması zamanı Musaxan Şamıyevin 1998-ci ildə törətdiyi cinayətin də üstü açılıb.
Bəlli olub ki, Musaxan Şamıyev 1998-ci il martın 28-də Bakı şəhər sakini Vəzir Allahverdiyevi balta ilə vuraraq qətlə yetirib. O, Vəzir Abdullayevin həyat yoldaşı ilə intim münasibətdə olmasından şübhələnib və bunun izinə düşüb. Onları izləyəndən sonra şübhələri özünü doğruldub. Nəticədə balta ilə vuraraq Vəzir Abdullayevi qətlə yetirib.
Musaxan Şamıyev həmin vaxt Vəzir Abdullayevi qətlə yetirsə də, arvadını öldürməyib. Bu hadisədən sonra Musaxan Şamıyev arvadı ilə boşanıb və ayrı yaşayıblar. Son iki ildə isə Musaxan Şamıyevin həyat yoldaşı ilə mübahisələri yenidən gərginləşib.
Hətta Nailə qətlə yetirilməzdən bir neçə gün əvvəl qayınatasını çağıraraq həyat yoldaşından boşanmaq və evi onunla yarı bölmək istədiyini də deyib. Lakin hadisədən bir gün əvvəl axşam saatlarında xəstəxanada olan nəvəsinin yanından qayıdarkən avtomobildə yenidən Nailə ilə mübahisəsi düşüb. Əsəblərini cilovlaya bilməyib və onu təpikləyib. Evə çatanda arvadının maşından düşmədiyini və səsinin çıxmadığını görüb. Qapını açanda isə onun keçindiyini görüb.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı Musaxan Şamıyevin ömürlük azadlıqdan məhrum edilməsini və cəzasını Qobustan Həbsxanasında çəkməsini hakimlərə təklif edib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə nitqi ilə çıxış edib. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs 1998-ci ildə Vəzir Abdullayevi öldürüb. Onun sözlərinə görə, Musaxan Şamıyev həmin ittiham üzrə özünü təqsirli bilib. Vəkil deyib ki, Musaxan Şamıyev Vəzir Abdullayevin həyat yoldaşı ilə münasibətdə olmasından şübhələnib: “Şübhəsi özünü doğruldandan sonra bir balta zərbəsi vuraraq onu qətlə yetirib. Ekspertiza isə belə bir rəy verib ki, guya Musaxan Şamıyev Vəzir Abdullayevə bir neçə balta zərbəsi vuraraq qətlə yetirib. Buna görə də Musaxan Şamıyevə xüsusi amansızlıqla adam öldürmə ittihamı verilib. Musaxan Şamıyev deyir ki, bir balta zərbəsi vurub və nəticədə də Vəzir Abdullayev ölüb. Ekspertizanın göstərdiyi rəydə olduğu kimi, mərhum vəfat edəndən sonra yenə də balta zərbələri vurulması yenə də cinayətin xüsusi amansızlıqla törədilməsi nəticəsinə gəlmək qanunsuzdur. Çünki mərhum birinci balta zərbəsindən sonra keçinib. Buna görə də xüsusi amansızlıqla adam öldürmə ittihamının verilməsi düzgün deyil. Xüsusi amansızlıqla adam öldürmə ittihamının xaric edilməsini xahiş edirik”.
Vəkil daha sonra qeyd edib ki, təqsirləndirilən şəxs arvadını öldürməsi ittihamını da həm istintaq dövründə, həm də məhkəmə dövründə etiraf edib. Onun sözlərinə görə, Musaxan Şamıyev arvadını öldürməsindən peşman olduğunu deyib: “Musaxan Şamıyevin əməlindən peşman olmasını yüngülləşdirici hal kimi qiymətləndirilməsini məhkəmədən xahiş edirəm”.
Vəkil onu da əlavə edib ki, ittihamlar nə istintaq dövründə, nə də məhkəmə dövründə təsdiqini tapmayıb.
Müdafiəçisi bildirib ki, prokuror müdafiə etdiyi şəxsə ən ağır cəza istəyib. Onun sözlərinə görə, prokurorunun çıxışının cəza ilə bağlı hissəsi ilə razı deyil. Vəkil təqsirləndirilən şəxsin işlədiyi Xəzər-Dəniz Neftçıxarma müəssisəsindən xasiyyətnamə aldığını və həmin xasiyyətnamədə təqsirləndirilən şəxsin müsbət xarakterizə olunduğunu göstərib.
Vəkil bildirib ki, Musaxan Şamıyevin ailə üzvləri Qarabağ döyüşlərində iştirak edib. Musaxan Şamıyevin qardaşı Zahid Şamıyev 1992-ci ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Vəkil əlavə edib ki, təqsirləndirilən şəxsin başqa bir qardaşı da Qarabağ müharibəsi zamanı şəhid edilib: “Şamıyevlər ailəsi vətən uğrunda aparılan mübarizədə canlarını qoymağa hazır olublar, bu gün də hazırdılar. Həmçinin Musaxan Şamıyevin ailə vəziyyətinin nəzərə alınmasını xahiş edirəm. Onun 2 azyaşlı övladı var. Cəza təyin edərkən Musaxan Şamıyevə ömürlük yox, müddətli cəzanın təyin edilməsini xahiş edirəm”.
Daha sonra hakimlər son söz demək üçün Musaxan Şamıyevə söz versələr də, o, çıxışa hazır olmadığını və çıxışa hazırlaşmaq üçün hakimlərdən vaxt istəyib. Onun istəyini nəzərə alan hakimlər məhkəmə iclasının davamını avqustun 29-na kimi təxirə salıblar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 7,00 из 10)
Oxunma sayı: 264