Rektorun rüşvət əhvalatına yenidən baxılacaq
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru Muğan Salahov, prorektoru Ramazan Hüseynov və xəzinədarı Nemət Həsənovun kasasiya şikayətləri üzrə məhkəmə keçirilib.
Ittihama görə, təqsirləndirilən şəxslər abituriyentləri ali məktəbə qanunsuz qəbul etməkdə ittiham olunublar. Cinayət işi üzrə 61 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 179-cu (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Muğan Salahov 4 il, Ramazan Hüseynov 3 il, Nemət Həsənov isə 2 il şərti azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar (!). Həmin hökmdən təqsirləndirilən şəxslər yenə də narazı qalıblar (!?). Onlar barələrin də bəraət hökmünün çıxarılması üçün apelyasiya şikayəti versələr də, bir müddət əvvəl onların şikayətinə Bakı Apelyasiya Məhkəməsi baxaraq, şikayətlərini təmin etməyib. Onu da əlavə edək ki, cinayət işi üzrə zərərçəkmişlər də apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində dəymiş ziyanın ödənilmədiyini əsas gətiriblər. Zərərçəkmiş tərəfində şikayəti təmin edilməyib.
Həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti edilib. Ali Məhkəmə işə baxarkən zərərçəkmişlərin şikayətini təmin edib və işin yenidən araşdırlması üçün apelyasiya instansiyasına qaytarıb. Bakı Apelyasiya Məhkəməsində şikayətə baxılması üçün hakim Əflatun Qasımovun icraatına verilib və məhkəmə baxışı iyulun 17-nə təyin edilib…