Muəllif:

Rejissorlar teatrlara getsələr, görərlər ki…

Azərbaycan seriallarının müzakirəsinə həsr olunmuş dəyirmi masada rejissor Kənan M.M-in “Azərbaycanda aktyor az deyil, ümumiyyətlə, yoxdur” bəyanatı aktyorlar arasında birmənalı qarşılanmayıb.Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının təşəbbüsü ilə keçirilən tədbirdə çıxış edən Kənan M.M 6 ay ərzində 4 mindən çox aktrisanı yoxladığını və onlardan yalnız ikisini seçə bildiyini deyib: “Onlarla da 4 ay işlədikdən sonra nəticə əldə edildi. Yəni, demək istəyirəm ki, bu sahədə problem varsa və aktyor azdır deyiriksə, bu həm də rejissorların günahıdır”.

Seriala çəkilən bir neçə aktyor isə bu bəyanatı cavabsız qoymayıb.
Xalq artisti, Musiqili Komediya Teatrının aktrisası Fatma Mahmudova rejissorun söylədikləri ilə razı olmadığını deyib. Hazırda “Bacanaqlar” serialında çəkilən Mahmudova Azərbaycanda kifayət qədər istedadlı aktyorun olduğunu bildirib:

“Aktyor mən. Kənan nə vaxt çağırdı məni serialına? Azərbaycanda çoxlu istedadlı aktyor və aktrisalar var. Gənclər var, çağırsın çəksin. O, düz danışmır. Bizdə olan istedad harada var? Sadəcə, onları üzə çıxarmaq lazımdır. Bu iş də rejissorun üzərinə düşür. Rejissor aktyor və aktrisa ilə işləməyi bacarmır. Onlarda o bacarıq yoxdur, hövsələləri çatmır. Əvvəllər rejissor dizini yerə qoyub, aktyor, aktrisa yetişdirirdi. Amma indikilər deyir ki, hazır gətirin qoyun, biz də halva kimi yeyək…
Biz səhnəyə bu cür gəlmişik. Üzərimizdə rejissorlar işləyib, üzə çıxarıb. Ümumiyyətlə, “Bacanaqlar”, “Bir kəndin sevinci”, “Üç bacı”, “Qayınana”, “Aramızda qalsın” seriallarının rejissorları yaxşıdır. Sadaladığım bu seriallar hazırda ən öndə gedənlərdir”.

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası, hazırda “Bacanaqlar” serialında çəkilən Firəngiz Mütəllimova isə deyib ki, aktyor və aktrisa seçmək üçün rejissor teatrlara getməlidir:

“Kənanın bu fikri ilə razı deyiləm. Aktyoru rejissor axtarıb, tapıb üzə çıxarmalıdır. Yerli seriallara gəlincə, buna dünyanın hər yerində rast gəlinir — seriallarda və kinolarda həm istedadlı, həm də istedadsız aktyorlar olur. Rejissorlar 3-4 saatlarını sərf edib, teatrlara gedib, tamaşalara baxsalar, görərlər ki, nə qədər istedadlı aktyorlar var”.

Əməkdar artist, hazırda “Üç bacı” serialında çəkilən aktrisa Tünzalə Əliyeva öz növbəsində azərbaycanlı aktyorların artıq nəinki yerli, hətta əcnəbi seriallara dəvət aldığını da önə çəkib:

“Kənan bilmirəm hansı serialına aktyor axtarıb tapa bilməyib. Amma onu deyə bilərəm ki, indi bizim aktyorları Rusiya, Türkiyə və digər ölkələrə seriala çəkilməyə dəvət edirlər. Hər halda, bizim aktyorların istedadı olmasaydı, onları çağırmazdılar. Çünki özlərinin kifayət qədər aktyorları var. Ümumiyyətlə, rejissorlar aktyor və aktrisaları özləri gedib teatrlardan tapmalıdır.

Mütləq teatrlara gedib, teatra illərini vermiş istedadlı aktyorları görmək lazımdı. Rejissor istedadlı aktyorları üzə çıxarmalıdır. Amma bir məsələ də var ki, istedad olmadıqdan sonra yazıq rejissor nə etməlidir ki? Biz tələbə olanda deyirdilər ki, əziyyətlə istedad üst-üstə gələndə aktyor olursan. Onlardan biri olmayanda aktyor olmaz”.

Bir neçə filmin müəllifi olan Fərda Xudaverdiyev seriallara çəkilməyə dəvət almadığı üçün şikayətlənib:

“Bu məsələdə ən incik adamlardan biri mənəm. Azərbaycanda aktyor çoxdur. Amma ürəklə oynayan adam yoxdur. Hamı texnika ilə oynayır, hadisəni hiss eləmir. Ürək hamıda olmadığına görə, sünilik, bayağılıq baş alıb gedir. Ən böyük küskünlüyüm odur ki, bu qədər müxtəlif səpkili seriallar çəkilir. Amma onların heç birinə dəvət olunmamışam. Bunun səbəbini hələ də aça bilmirəm.

Daha ucuz aktyorların üzərinə qaçanda da nəticə göz qabağında olur… Bilirsiniz, aktyoru seriala çəkməzdən əvvəl baxmaq lazımdır ki, onun neçə illik səhnə və kamera önündə təcrübəsi var. Birdən-birə heç kim istedad ola bilməz. Bu, mümkün deyil”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 563