Rejissor teatrı
Gövhərin keçməyən yerdə
Satma, qardaş, kərəm eylə.
Ləl daşını çay daşına
Qatma, qardaş, kərəm eylə.
Şah İsmayıl Xətai
Bir ilə yaxındır ki, vaxtı ilə fəaliyyət göstərdiyim Akademik Milli Dram Teatrına ayda bir dəfə getmək imkanına malikəm. O da əgər repertuarda olan, hazırladığım yeganə tamaşa «Yaşlı xanımın gəlişi» oynanılırsa. Başqalarını bilmirəm, ancaq rejissorlara qarşı olan «karantin», yəni qadağa gözlənilməz olmasa da, məni düşünməyə vadar etdi və xeyli güldürdü.
Yəqin ki, rejissorun teatrda gedən yaradıcı proseslərə təsir gücünü azaltmaq, tamamilə cilovlamaq, idarə olunan manekenə çevirməkdən ötrü düşünülüb bu addım.
— Cənab rejissor, sən heç kimsən! İcazə versək, teatra gələrsən, istəməsək, qapıdan içəri buraxmazlar. Sən ancaq icraçı ola bilərsən, biz sənə nə təklif etsək, onu hazırlamalısan! Razı deyilsən?! Onda get qocal, acından öl. Onsuz da maaşından da kəsmişik səni.
Gülməlidi, deyilmi? Həkimsiz xəstəxana, mühəndissiz zavod, müəllimsiz məktəb, rejissorsuz teatr. Əladır, həzərat! Marş, iri addımlarla irəli..! Dünyada analoqu olmayan teatr yaradılır.
Bununla belə, hər dəfə teatra yaxınlaşarkən həyəcan keçirirəm. Görəsən, tamaşaçı olacaq? Yaşlı teatr sevərlərin ağız dolusu danışdığı xatirələr (tamaşaya bir ay əvvəldən bilet alardıq… Teatrın qarşısında hər axşam iynə atsaydın, yerə düşməzdi… Filan tamaşaya düz 10 dəfə baxmışam… və sair və ilaxır.) yenidən reallığa dönəcəkmi?
Tamaşaçı. Rejissor, aktyor. Ədəbiyyat. Bu üçlük teatr adlanan möcüzəni yaradır. Zaman dəyişib, dəyərlər yenidən qiymətləndirilir, hər millətin arzuladığı, həsrətində olduğu müstəqillik qazanmışıq. Onu qorumaq, yaşatmaq, gələcək nəsillərə ötürmək borcumuzdur! Müstəqil dövlətin azadfikirli, heyrətdoğuran, yaradıcılığında böyük idealları, möhtəşəm tarixini yaşadan, eybəcərliklərlə barışmaz olub gözəlliyi dəyərləndirən, kəskin olduğu qədər kövrək ürəkli teatrı da, həmçinin ötürməyi bacarmalıyıq.
Deyəsən, bir qədər təmtəraqlı oldu? Olsun…
Teatr üçün zəngin ədəbiyyat var. Bu kitabxana əsrlərlə yığılıb.
Tamaşaçı teatrdan ayrı düşüb. Səbəb nə?
İlk olaraq səbəbi özümüzdə axtaraq. Düşünürəm ki, sovet dövründə olduğu kimi, indi də eyni yanaşma (akytor və rejissor arasında sədd çəkmək, onları ayırmaqla zəiflətmək, yaradıcı idarəçiliyi inzibati idarəçiliklə əvəzləmək) teatrın inkişafına ziyandan başqa heç nə gətirmir.
«Həmkar və tələbələrim, izninizlə deyim ki, rejissor teatrı haqqında tezis inanılmasına dəyməyən tam cəfəngiyatdır. Sənətini teatrın başlıca fiquru olan aktyorun maraqlarından üstün tutan heç bir əsl rejissor yoxdur. Rejissura ustalığı, mizan-səhnələrin qurulması ustalığı, işıq və musiqinin bir-birini tamamlaması — bütün bunlar gözəl, böyük ustalığa malik aktyorların oyununa qulluq etməlidir!.. …Rejissor teatrı — aktyor teatrı və bütövlük kompozisiyası ustalığının vəhdətidir!»
V.E.Meyerxold
Zaman və məkan…
Teatr tamaşası adlanan möcüzə bu iki anlamın çərçivəsindədir.
Teatr nə dünəndi, nə də ki sabah… Teatr bu gün deməkdir. Bu günün dərdi, problemləri, bizi əhatə edən mühitin eybəcərliyi, gözəlliyi, bir sözlə, cəmiyyətdə baş verən qıcıqlandırıcı hər nə varsa.
Yazıçı, bəstəkar, rəssam deyə bilər ki, məni anlamırlar. Mən gələcək üçün yaradıram. Teatrda bu mümkün deyil. Tamaşanın ömrü kəpənək ömrüdür. Bu gün var, sabah isə o ancaq xatirələrdə qalacaq. Teatr canlı sənətdir. Bu günlə sıxı surətdə bağlıdır. İstər antik, istər klassik əsərlər hazırlayırsa belə, teatr müasir həyatla ayaqlaşmağa məhkumdur. Bu yükü çiyinlərində daşıyansa aktyor və rejissordur. Bəzən söhbətlərimdə tez-tez işlətdiyim bir fikri təkrarlamaq zorundayam:
— Aktyorlar qladiatorlardır! Hər tamaşada hər an ölümə hazır olan qladiatorlar! Rejissor da qladiatordur, amma Spartak adlanan qladiator.
Bu iki sənətin birliyi nə qədər möhkəm, sarsılmaz olarsa, tamaşa da o dərəcədə bütövləşəcək. Beləliklə, teatr yaşadığı cəmiyyətdə heç kəsin deyə bilmədiyini yüksək ustalıq, təkrarsız bədii dəyəri ilə yaddaşlara hopdurmalıdır. Teatr mövcud olduğu cəmiyyətdə vətəndaş mövqeyi ilə seçilməlidir. Təbii ki, belə teatrın tamaşaçısı zalda əskik olmur. Mövqeyi olan teatr heyrət doğuracaq! Teatr tamaşaları məkan anlamı ilə də bağlıdır. Mən inanmıram ki, dramaturgiyanın ən dəyərli nümunələri olsa da belə (Şekspir, Boler, Çexov, Qoqol, T.Uilyams, F.Dürrenbatt və s. və i.), yaşadığımız məkan üçün hazırlanmasa, tamaşaçıların marağına səbəb olsun.
Kimə lazımdır XVII əsrdə Avropada olan 30 illik müharibənin tarixini gözə soxmaq. Əgər teatr o müharibənin fəsadları ilə bu günün Qarabağ paralelini tapmadan tamaşanı hazırlayırsa, səhnədə texniki vasitələrlə yaradılan ən yüksək səviyyəli effektlər belə hoqqabazlıqdan o yana keçməyəcək.
Çox heyflər olsun ki, işıq, kino effektlərindən istifadə, zaman və məkanın yükündən uzaq olan bər-bəzək müasirlik adlandırılır…
Nə vaxtsa, kimdənsə eşitdiyim:
— Məni heç bir qüvvə qaranlıq, boş səhnə qədər cəlbedici, ecazkar, sirli məkan olub özünə çəkmir.
Sadəlik incəsənətin ən uca nöqtəsidir. Sadəlik adilik deyil. Ona gəlib çatırlar, ondan təkan almırlar. Sənətdə sadəlik zirvədi, əsla özül deyil. Sadə, lakonik teatr dili ilə mürəkkəb duyumlara doğru aparan yolu tapmaq şərəfli olduğu qədər də çətindir!..
«Bilmirəm, inanacaqsız, ya yox, amma bəlkə də dünyada heç bir rejissoru məni qədər danlamayıblar, bununla belə, hələ mənə özüm qədər tənqidi yanaşan olmayıb. Hərçənd, özümü bütün millət qarşısında bir heç etməkdən də xoşlanmıram, çünki bu iş əslində yalnız bizim ikimizə aiddir: mənə və bir də mənə… Amma daxili özünütənqid qəribə şeydir. Elə qələbələr olur ki, onlar səni utandırır, elə məğlubiyyətlər də olur ki, onlarla fəxr edirsən».
V.E.Meyerxold
Aynanın yeni köşə rubrikasından.