Rəisi güllələdi, dəli çıxdı
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham olunan 77 yaşlı Heydər Dadaşovun cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, 2011-ci il noyabrın 5-də Heydər Dadaşov Böyük Şor Lokomotiv deposunun inzibati binasında deponun rəisi, 67 yaşlı Kamal Ocaqverdiyevə «Makarov» markalı tapançadan atəş açıb…
Kamal Ocaqverdiyev 3 saylı şəhər Kliniki Xəstəxanasına aparılıb. Vaxtında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub. Heydər Dadaşov saxlanılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, rəisi güllələyən 77 yaşlı Heydər Dadaşov əvvəllər həmin depoda işləyib. Onun silaha əl atmasının səbəbi işdən çıxarılması ilə bağlı olub. Hadisədən ilyarım əvvəl Kamal Ocaqverdiyev ərizə yazdıraraq onu təqaüdə göndərib.
Təqaüdə göndərilən Heydər Dadaşov depo rəisindən qisas almaq qərarına gəlib. Hadisə baş verən gün «Makarov» tapançası ilə silahlanan Heydər Dadaşov deponun inzibati binasına gəlib və Kamal Ocaqverdiyevə yaxınlaşaraq onu güllələyib. İstintaq araşdırmaları zamanı həmçinin müəyyən edilib ki, Heydər Dadaşov tapançanı bacısı oğlu Eldar Hacıyevdən alıb. Eldar Hacıyev də saxlanılıb və barəsində ayrıca icraatda cinayət işi aparılıb.
Hakim Həsən Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi araşdırlıb. Məhkəmə araşdırması zamanı ağır qətl hadisəsi törədən 77 yaşlı kişinin cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi müəyyən edilib. Onun anlaqsız olması ilə bağlı məhkəmə tibbi ekspertizası təyin edilib. Ekspertizanın rəyindən də məlum olub ki, Heydər Dadaşov cinayəti anlaqsız vəziyyətdə törədib.
Bütün istintaq araşdırması aparan hakim heyəti sonda hökm elan edib. Məhkəmə hökm çıxararkən Heydər Dadaşova ittihamedici hökm qəbul etməyib. Məhkəmənin gəldiyi nəticəyə görə, CM 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz silah gəzdirmə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Heydər Dadaşov cinayət məsuliyyətindən azad edilib.
Məhkəmənin hökmünə əsasən, Heydər Dadaşova ümumi tipli psixiatriya stasionarında tibbi xarakterli məcburi müalicə təyin edilib. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı psixiatriya stasionarın tapşırılıb. Beləliklə keçmiş rəisi güllələyən yaşlı kişi həbsxanaya yox, ruhi əsəb xəstəxanasına göndərilib.