Rəhbərlikdəki dəyişiklik korrupsiyanı azaldacaqmı?
«Ordunun Aynası» əlavəsinin Facebook səhifəsində (https://www.facebook.com/TheArmyMirror) keçirilən sorğu zamanı maraqlı fikirlər ortaya çıxdı. Xatırladaq ki, Facebook iştirakçılarına bu sual ünvanlanmışdı: «Sizcə Müdafiə Nazirliyinin rəhbərliyindəki dəyişikliklər Silahlı Qüvvələrdə korrupsiya və rüşvətxorluğu, eyni zamanda, qeyri-döyüş itkilərini azaldacaqmı?» Müxtəlif vəzifələrdə olan insanların, jurnalistlərin, hərbi ekspertlərin, ehtiyatda olan zabitlərin, QHT nümayəndələrinin cavabları isə bu şəkildə olmuşdur:
Nabil Seyidov: Müdafiə Nazirliyində aparılan deyişikliklər ümidvericidir, lakin onların davamlı olması və doğrudan da korrupsiyanın aradan qaldırılması üçün həm aşağıdakılar (əhali, valideynler) hazır olmalı, həm nazirliyin bütün vəzifəli şəxsləri qanunlara riayət etməli, həm korrupsiyaya qarşı mübarizə və monitorinq aparan dövlət qurumları daha mükəmməl işləməli və həmçinin ordu üzərində ictimai nəzarət sistemi püxtələşməlidir.
Orduda korrupsiya və digər problemlər yalnız hərbi çağırış, qidalanma, hərbi hazırlıq və s. sahələrdə deyil, həm də əsgər və zabitlərin və onların ailələrinin sağlamlıqlarının mühafizəsi və hərbi qulluq zamanı travma almış əsgər və zabitlərin fiziki reabilitasiyası zamanı da baş verir. Ordunun hərbi səhiyyə sistemində də güclü dəyişikliklər və təkmilləşdirmələr aparılmalıdır.
Elşad Əliyev: Maraqlı sual qoymusunuz. Bilirsiz, çox gözəl və şablon sözlər işlətmək olar. Mən də fikrimi bildirim: Nə rüşvətxorluq azalacaq, nə də qeyri-döyuş itkiləri. Fikrimi izah edim. Mən özüm qısa müddətdə olsa da orduda zabit olmuşam və gəldiyim nəticə budur: Ordu elə bir yerdir ki, orda həqiqətən heç kim valideyni pul verməyə məcbur etmir, orduda valideyn məcbur rüşvət vemir, yəni söyləmək istədiyim odur ki, orduda rüşvəti yığışdırmaq üçün Müdafiə Nazirliyində heş kimi dəyişməyə ehtiyac yoxdu, insanların düşüncəsini dəyişmək lazımdır.
Qeyri-döyüş itkilərinə gəlincə, bəzi halları çıxmaq şərti ilə (donvurma, elektrik cərəyanı, tikinti, uçqun və s.) qalan bütün halların qarşısını almaq Müdafiə Nazirliyində kimisə dəyişməklə olmayacaq, çünki bunun üçün yenə gənclərin savadlanması lazımdır. Sözləri çəp gələn kimi hadisə baş verir, məsələn, sən mənim sevgilimə zəng vurdun, sən məni söydün, sən mənim filan şeyimi oğurladın, yəni bütün bunlar gündəlik Bakı küçələrində gördüyümüz halların orduda məntiqli davamı kimidir. Əgər mənim kiminləsə sözüm çəp gəlirsə, dalaşırıqsa, istəyirsiniz 10 dənə nazir dəyişin, kimsə bunun qarşısını ala bilməyəcək… Ordunu, vəziyyəti düzəltmək üçün bu addımlar atılmalıdır: 1) Zabitlərin adlarını ləkələyib orduya qarşı mənfi münasibət olmasına yol verilməməlidir; 2) İnsanların düşüncələri dəyişməli, gənclər savadlanmalıdırlar ki, boş şeylərə görə qisas üçün əllərinə bıçaq, silah almasınlar; Qanunlarda dəyişiklik edilməlidir. Məsələn, sözləri çəp gələn iki əsgərə görə taqım, bölük, tabor və briqada komandirlərinin cinayət məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Sırf bu səbəbdən yüzlərlə həqiqətən layiqli zabit ola biləcək insan orduya getməkdən imtina edir ki, hansısa tərbiyə görməyən birisi başqasına nəsə edəcək, nəticədə həmin adam həbsxanaya düşəcək.
Zöhrab İsmayıl: İntizam bir az arta bilər, rüşvət azala bilər, amma korrupsiya azalmayacaq.
Çingiz Sultansoy: Hələlik bu barədə danışmaq çətindir, daha dəqiqiq tezdir. Yeni müdafiə nazirinin təyin olunması, hansı ki, yeni təyinatların zəncirvari reaksiyasını ortaya çıxardı, korrupsiya, rüşvətxorluq və qeyri-döyüş itkiləri ilə bağlı vəziyyəti bir qədər müsbət istiqamətə dəyişə bilər. Çox az və ən yaxşı halda. Orduda prinsipial müsbət dəyişiklikləri gözləməyə dəyməz. Azərbaycanda miqyaslı islahatlar həyata keçirilməlidir, ölkənin siyasi rəhbərliyində dəyişiklik olmadan bu münkünsüzdür.
Rəsul Cəfərov: Korrupsiya elə kök salıb ki, aradan götürüləcəyi inandırıcı görünmür…
Bəyalı Əzizov: Hazırkı sistemin özündə islahatlar zəruridir. Mövcud şəraitdə bütün sahələrdə, o cümlədən, orduda olan bir çox neqativ halların kökündə korrupsiya, rüşvətxorluq kök salıb. Bütün bu hallara qarşı mübarizədə «Atəşkəs Qurbanları» İctimai Birliyi də öz müvqeyini ortaya qoyub. Şübhəsiz kadr dəyişilişləri də olmalıdır, amma təkcə bununla iş bitmir. Mövcud hakimiyyətin özündə islahatlar aparılmalıdır.
Asəf Quliyev: Korrupsiya deyəndə nədənsə ilk yada düşən «rüşvət» olur. Əlbəttə «rüşvət» də korrupsiya sövdələşməsidir. Amma Azərbaycanda ən ciddi korrupsiya faktları büdcə vəsaitərinin xərclənməsi ilə bağlı olur. Sözsüz ki, Azərbaycan dövlət büdcəsinin müdafiə sektoruna ayrılan hissəsi kifayyət qədər iri məbləğdir və bu məbləğın xərclənməsinə nəzarət mexanizmi yoxdur. Ümid etmək olar ki, yeni müdafiə nazirinin fəaliyyəti nəticəsində rüşvət hallarının azalması və sıfır səviyyəsinə çatdırılması üçün kifayət qədər önəmli addəmlar atılacaq. Sözsüz ki, rüşvətin azalması barədə dərhal cəmiyyət xəbər tutacaq. Amma büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı problemin həll olunmasından cəmiyyətin xəbərdar olması üçün orduya nəzarət mexanizmi olmalıdır. Yeni nazir iri korrupsiya hallarının olmamasını cəmiyyətə çatdırmaq üçün bu mexanizmi formalaşdırmalıdır. Əks-təqdirdə bu məsələdə dəqiq nəsə demək çətin olacaq. Eyni zamanda, əgər orduya nəzarət mexanizmi formalaşdırılsa qeyri-döyüş itkilərinin azalması da baş verəcək. Nə qədər ki, Orduya nəzarət mexanizmi yoxdur, rüşvətxorluq hallarının azaldılması sadəcə cəmiyyəti sakitləşdirmək üçün atılan addımlardan başqa bir şey olmayacaq.
Yaşar Cəfərli: Mən bu sahələrdə də ciddi irəliləyişlərin olacağına şübhə etmirəm. Mənim əminliyimi şərtləndirən əsas səbəbləri: ordunun yeni rəhbərliyinin əzmi, onun komandasının peşəkarlıq səviyyəsi, Əbiyevin çıxarılmasından sonra orduda yaranmış yüksək əhval-ruhiyyə və vətəndaş cəmiyyətinin ordudakı dəyişiklikləri dəstəklədiyini bildirən bəyanatlardır.
Xaqani Səfəroğlu: Hələlik kadr dəyişiklikləri yalnız nazirlikdə aparılıb. Digər tərəfdən yeni nazir özünün üstünlük verəcəyi prioritetləri barədə KİV-də hər hansı bir açıqlama ilə çıxış etməyib. Halbuki onun yeni nazir kimi hansı işləri görəcəyi, ümumi prinsipləri açıqlamalı idi. Rüşvətin azalacağını isə zaman göstərər. Kadr islahatlarına gəlincə, ordu o qədər ictimaiyyətdən qapalı saxlanılıb ki, ictimai rəy hərbçi elitada təmsil olunan general və zabitlərini yaxşı tanımır. Odur ki, yeni təyinatların effektini yalnız 2015-ci ildən hiss edə bilərik.
Tofiq Məmmədov: Adətən Silahlı Qüvvələrin tərkibində dəyişikliklər konsepsiyanın və yeni qoyulmuş tapşırıqların dəyişməsi ilə bağlı olur. Əgər belədirsə, onda alqışlamaq lazımdır (hər bir halda görünür ki, yeni nazir şoumenlər və boşboğazların əvəzinə peşəkarları yığır). Yox əgər bu,sadəcə nazir üçün növbəti yeni komandanın yığılmasıdırsa, çox təəssüf. Birinciyə ümid edirik.