Muəllif:

«Regionda hökumətləri tez-tez dəyişdirməyə ehtiyac duyuruq»

«Ordunun Aynası» əlavəsinin növbəti qonağı Aleksandar Dedeoviç (Aleksandar Dedovic) 1966-cı ildə Monteneqronun Nikşiç şəhərində doğulub. Serbiya-Xorvatiya dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra təhlükəsizlik üzrə magist dərəcəsinə yiyələnib. Onun peşə keçmişi əsasən hərbi ilə bağlı olub, 19 il Yuqoslaviya, Serbiya və Monteneqro ordusunda xidmət keçib. Sonra 9 il dünyanın müxtəlif bölgələrində sülhü dəstəkləmə humanitar əməliyyatlarında iştirak edib. 2006-cı ildən etibarən isə A.Dedoviç Nikşiçdə yerləşən Alfa Mərkəzinin icraçı direktorudur.
— Alfa Mərkəzi barədə nə məlumat verə bilərsiniz?
— Bu QHT-nin əsas məqsədi Monteneqronun Avropa Birliyi və NATO-ya üzvlüyü yolunda mülki-hərbi münasibətləri araşdırmaqdır. Bizim baxışımız NATO və Avropa Birliyinin tam üzvü olacaq çiçəklənən və təhlükəsiz Monteneqronu görməyə hesablanıb.
— REACT — Regional Avro Atlantik Camp gənclər, tələbələr və elm adamları arasında artıq məşhur hadisədir. Bu yaxınlarda sayca 6-cı REACT keçirildi. Bu tədbir barədə nə danışa bilərsiniz? Bu tədbirin regional təhlükəsizliyin təmin olunmasında hansı rolu var?
— 2008-ci ildə bizim regiondakı gənc insanları bir araya toplamaqla bağlı ideyamız vardı. Yay məktəbi təşkil etməyi düşünürdük. Amma illər keçdikcə daha çox ölkənin vətəndaşları REACT-da iştirak üçün müraciət etdilər və biz onların hamısını qəbul etməyi qərara aldıq.
Fikrimcə, REACT ideyası faydalı oldu, çünki orada iştirak edənlərin demək olar hamısı eyni yaşdadır, təxminən eyni təhsilə malikdir və ən əsası, hamısı düşünür ki, bu dünyanı gələcək nəsillər üçün daha təhlükəsiz olmasının yollarını tapsınlar. Müdafiə, hərbi, NATO-ya inteqrasiya, diplomatiya, anti-terrorizm kimi mövzular bu istiqamətdə təhsil alanlar, bilgi əldə etmək istəyənlər üçün gözəl imkanlar yaradır. REACT müxtəlif ekspertlər, professorlarla rəsmi sessiyalar zamanı və ondan sonra, misal üçün, müxtəlif mədəni tədbirlərdə görüşmək, müzakirələr aparmaq üçün nadir imkanlar yaradır. İdman və mədəni fəaliyyətlər bu düşərgənin tərkib hissəsi olduğu üçün REACT çox maraqlıdır. REACT-a bu il 25 ölkədən 100-dən artıq iştirakçı qatılıb. Onlar bir komanda kimi fəaliyyət göstərdilər. Eyni zamanda, bu tədbir imkan yaratdı ki, hər bir iştirakçı öz ölkəsinin mədəniyyətini təqdim edə bilsin. Çünki gənc insanlar inkişafdadır və bir gün onlar öz ölkələrində qərar qəbul edən olacaqlar. Əminəm ki, REACT-dan əldə etdikləri bilik və təcrübə onlara həmişə yardımçı olacaq.
— Bu ilki REACT-da Azərbaycandan iştirakçılar vardı. Onlar barədə nə deyə bilərsiniz?
— Biz onları REACT-da görməkdən çox məmnun olduq. Bizim bu məsələ ilə bağlı danışıqlarımız 2 il əvvəl başladı. Azərbaycandan olan dostlarımız öz töhfələrini verdi və onlar daim birinci xətdə idilər. Onlar necə vətənsevər olduqlarını, öz mədəniyyətlərini, müsiqilərini iştirakçılara çatdırmağa necə həvəsli olduqlarını nümayiş etdirdilər. Qeyd edim ki, Azərbaycan Qərbi Balkan ölkələrindən olan iştirakçılar üçün çox maraqlı ölkədir. Çünki onların çoxusunun imkan və şansları yoxdur ki, Azərbaycana səfər etsinlər. Deyərdim ki, Azərbaycandan olan iştirakçılar ölkələrinin REACT-da ən yaxşı səfirləri oldular.
— Balkan regionunda təhlükəsizliyə ən böyük çağırışlar hansılardır?
— Fikrimcə, regionda əsas təhlükəsizlik çağırışları cinayət və korrupsiya ilə bağlıdır. Bosniya və Herseqovina qərbdən, Kosova və Serbiya isə şərqdən Monteneqroya qonşudur və bu regionlarda dondurulmuş münaqişə vəziyyəti davam edir. Doğrudur, hazırda hər hansı açıq münaqişə, müharibə, qaçqınlar, bomba, silah yağışı yoxdur qonşularımızda. Amma bizim düşüncəmiz budur ki, Qərbi Balkanlar hələ də beynəlxalq ictimaiyyətin ciddi dəstəyinə ehtiyac duyur. Əlbəttə, regiondakı bütün ölkələr Avropa Birliyinin üzvü olmağa can atır, bəziləri isə özünü həm də NATO-da görür. Deyərdim ki, Qərb Balkan ölkələrində demokratiyanın səviyyəsi çox aşağıdır. Biz bu regiondakı hökumətləri tez-tez dəyişdirməyə ehtiyac duyuruq. Nəzərinizə çatdırım ki, Monteneqro hakimiyyəti 24 ildən çoxdur dəyişilmir. Biz vətəndaş cəmiyyətini, sadə vətəndaşları siyasətdə aktiv olmağa, özlərinin gələcəyi ilə bağlı qərar qəbul etmə prosesində olmağa səsləməliyik. Onu da qeyd edim ki, bu gün Monteneqronun regionda heç bir qonşusu ilə problemi yoxdur. Biz Kosovonun müstəqilliyini illər öncə tanımışıq. Dövlət olaraq AB və NATO üzvü olmaq hədəfini götürmüşük.
— Regiondakı problemlərin həllində NATO-nun əsas rolu nədən ibarətdir?
— NATO-nun rolundan danışarkən ilk yerdə diplomatiyanı qeyd etmək lazımdır. Danışmaq, anlaşmaq, qəbul etmək və həllini tapmaq diplomatiyası. Söhbət söz xatirinə diplomatiyadan getmir. Alfa Mərkəzinin fikri budur ki, Monteneqro tezliklə NATO-ya üzv olmalıdır. Biz bu prosesdə NATO üzvü olan, demokratiya baxımından inkişaf etmiş 28 ölkə ilə birlikdə olma şansını əldən buraxa bilmərik. Çünki bizim imkanlarımız təhlükəsizliyimizi, xalqımızı, dövlətçiliyimizi, demokratiyamızı qoruya biləcək qədər güclü deyil.
— Monteneqronun NATO üzvü olmasında başlıca əngəllər nədən ibarətdir?
— Bu gün hökumət, xüsusilə də Müdafiə və Xarici İşlər nazirlikləri NATO-ya üzvlüklə bağlı prosesi, islahatları həyata keçirirlər. Sözsüz ki, hərbi sahə ilk yerdədir və biz orduda xeyli sayda dəyişiklik etmişik, ordudakı heyətin sayını azaltmışıq, eyni zamanda, beynəlxalq sülhməramlı əməliyyatlarda Əfqanıstan, Somalidə iştirak səviyyəsini yüksəltmişik. Qeyd edilən istiqamətdə ən böyük problem ölkənin NATO üzvlüyünə əhalinin aşağı dəstək faizidir. Monteneqro NATO-ya üzvlük məqsədini elan etdikdən sonrakı illərdə ictimai dəstək ketdikcə aşağı düşür. Mənim fikrimcə, 1999-cu ildə NATO tərəfindən bombalanma əhalinin NATO üzvlüyünü rədd etməsinin əsas səbəblərindən biridir. Çünki o zamankı hadisə NATO-nun Serbiya və Monteneqro adlı ümumi dövlətə müdaxiləsi idi. O zaman 12 nəfər həlak oldu və onların 3-ü 15 yaşdan kiçik idi. Bu əsas səbəblərdən biridir. İkinci səbəb isə odur ki, bəziləri düşünür ki, Monteneqro NATO-ya qoşulsa, biz öz suverenliyimizi, ərazi bütövlüyümüzü itirəcəyik. Üçüncü səbəb isə budur ki, NATO üzvlüyü bizim ekologiyamızı, ətraf mühitimizi korlaya bilər və nəticədə turistləri itirəcəyik. Bilirsiniz ki, Monteneqroya gələn turistlərin sayına görə məşhurdur. 4-cü səbəb isə böyük sayda terror hücumlarının olacağı barədə gözləntidir. Mən deyərdim ki, bütün bu məsələlər son 7 il ərzində keçirilən debatlar zamanı həll olunub. Məncə burada, həssas məsələ var. Monteneqro yeganə ölkədir ki, ərazilərində NATO tərəfindən atılmış çoxsaylı bombalar ola-ola alyansa üzvlüklə müraciət edib. Həssas məsələ budur. Mən və Alfa Mərkəzi hesab edir ki, əhalinin dəstəyini artırmaq üçün işlər görülməlidir. İzah edilməlidir ki, NATO-ya üzvlük sabitliyin və sülhün necə təminatçısı ola bilər və sözsüz ki, 1999-cu ildə baş verənlər yaddan çıxarılmamalıdır.
— Monteneqronun NATO üzvlüyünü dəstəkləyən əhali qisminin neçə faiz təşkil etməsi barədə məlumatınız varmı?
— Bu ondan asılıdır ki, araşdırma və sorğu üçün kim maliyyə ayırır. Ən etibarlı və hörmətli sorğunu biz — Alfa Mərkəzi həyata keçirib. Mən bəyan edirəm ki, hazırda əhalinin 40 faizi NATO üzvlüyünü dəstəkləyir. Lakin yerdə qalanın əhalinin NATO üzvlüyünün əleyhdarları olması fikri mübahisəlidir. Bir çoxları fikirlərini bildirmək istəmir və s. Biz hər gün insanlardan, sadə vətəndaşlardan ölkənin NATO üzvlüyünə dəstəyini əks etdirən xeyli sayda məktublar alırıq və bu bizi həvəsləndirir ki, NATO ilə bağlı təbliğatımızı daha da genişləndirək. Hesab edirik ki, bu gün NATO üzvlüyü Monteneqro üçün onun ərazi bütövlüyün, suverenliyini, vətəndaşları və demokratiyanı qorumaq üçün yeganə həll yoludur.
— Monteneqronun müdafiə və təhlükəsizlik sektorunda aparılan islahatların təsvirini verə bilərsinizmi?
— 2006-cı ildə Monteneqroda Müdafiə Nazirliyi təsis olunub. Elə həmin ildə Monteneqro ordusunun müqaviləli olması barədə qərar verildi. O zaman bizdə 18 min nəfərdən çox hərbçi — əsgər, zabit və mülkilər vardı. Hazırda bizim 2.042 hərbçimiz var. 35 hərbi qulluqçumuz hazırda Əfqanıstanda xidmət edir. Onlarla əlaqə zamanı görürəm ki, əsgərlərimiz NATO ilə tərəfdaşlıq planı çərçivəsində Əfqanıstanda İSAF missiyasının tərkib hissəsi olmaqdan şərəf duyurlar. Bildirim ki, müdafiə xərcləri ildən-ilə azalır. Bu il üçün müdafiə xərcləri ötən illə müqayisədə 5,4 faiz azdır. Dünyadakı böhran birbaşa Monteneqronun durumuna, eyni zamanda, müdafiə büdcəsinə də mənfi təsir göstərdi. Hökumət çalışır ki, büdcə məsələlərini, o cümlədən, müdafiə xərcləri ilə bağlı yaranmış çatışmazlıqları həll edə bilsin.
— Bu gün Monteneqroda hərbi və mülki münasibətlərdə hansı problemlər var?
— Elə bir ciddi problem yoxdur. Amma bir vaxtlar, ötən onillikdə bəzən hərbi formada kəndlərdən, qəsəbələrdən keçmək olmurdu. Amma indi Monteneqro cəmiyyəti ordunu ciddi şəkildə dəstəkləyir. Çünki bütün təbii fəlakətlər zamanı — daşqınlar, yanğınlar zamanı ordu xalqın yanındadır və vətəndaş bilir ki, ordu onların həyatının, yaşayışının və azadlığının təminatçısıdır.
— Hərbi strukturlardan informasiyaları QHT kimi asanlıqla ala bilirsinizmi?
— Bəli, əlbəttə, xüsusilə də son illər. Amma 2006-cı ildə Alfa Mərkəzi yaranan zaman hərbi strukturlar, müdafiə institutları mətbuat və QHT-lər üçün qapalı idi. Amma ötən illərdə bizim fəaliyyətimiz onlarda fikir yaratdı ki, biz hansısa casus və ya kəşfiyyat rolunu oynamırıq, doğurdan da insanların həyat səviyyəsinin qalxmasına çalışırıq. Bizim fəaliyyətimiz Monteneqronu, onun vətəndaşlarını qorumaq məqsədi güdür. Hazırda bizim Müdafiə Nazirliyi ilə yaxşı münasibətlərimiz var və biz bilmək istədiyimiz məlumatları onlardan ala bilirik. Eyni zamanda, qeyd etmək istəyirəm ki, onlar da bizi müdafiə və təhlükəsizlik sahəsində sənədlərin hazırlanması, inkişaf etdirilməsi üçün müxtəlif qruplara, şuralara dəvət edirlər.
— Monteneqroda ordu üzərində demokratik nəzarət varmı?
— Bu məsələyə geniş yanaşmaq olar. Fikrimcə, orduya demokratik nəzarət parlament tərəfindən olmaldıır. Bizim parlamentdə müxtəlif siyasi partiyalardan 11 üzvü olan təhlükəsizlik və müdafiə komitəsi var. Amma əksəriyyət hakim partiyanın üzvləridir. Bu o deməkdir ki, bütün dəyişikliklər, əlavələr hamısı hakimiyyətyönlü deputatların səsverməsi ilə keçməlidir. Yəni ki, müxalifətdən gələn ideyaların qəbul olunma şansı azalır. Bu o anlama gəlir ki, Monteneqroda orduya demokratik nəzarət anlayışı aydın deyil, baxmayaraq ki, bu barədə sənədlərimizdə yazılıb.
— Monteneqro — Azərbaycan münasibətləri barədə nə deyə bilərdiniz?
— Monteneqro və Azərbaycan arasında siyasi və iqtisadi məsələlərdə çox güclü inkişaf gözə dəyir. Yüksək vəzifəli şəxslər qarşılıqlı səfərlər edirlər. Mən Azərbaycandan çoxlu sərmayəçi görürəm ki, onlar burada biznes qurmaq istəyirlər. Ümid edirəm ki, bu əlaqələr daha da inkişaf edəcək. Mən Azərbaycan və Monteneqro gənclərinin qarşılıqlı səfərlərinin dəstəklənməsini arzulayıram. Çünki iki ölkə, millət arasında çoxlu oxşarlıqlar mövcuddur. Hansısa format, körpü yaradıla bilər ki, gənclər arasında bütün əməkdaşlıq proses, informasiyalar, imkanlar bir yerdə cəmləşsin.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 207