Real Madrid Fondu Bakıda sosial futbol məktəbi açır
Real Madrid Fondu Bakıda sosial futbol məktəbi açır. Bu məsələ Madriddə Santiaqo Bernabeo stadionunda AR Gənclər və İdman Nazirliyi və Real Madrid Fondu (Fundación Real Madrid) arasında yeni imzalanmış əməkdaşlıq müqaviləsində yer alır. Qarşıdakı 5 ili əhatə edən bu əməkdaşlıqda əsas məqsəd «Uşaqları futbola cəlb etməklə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası» adlı sosial layihə çərçivəsində sosial futbol məktəbinin yaradılmasıdır. Layihənin ilkin mərhələsində sosial futbol məktəbinin «Vətən» İxtisaslaşmış Uşaq-Gənclər Futbol Məktəbinin bazasında fəaliyyət göstərməsi nəzərdə tutulur.
İmzalama mərasimində nazirliyin rəsmiləri ilə bərabər
Azərbaycanın İspaniya Krallığındakı səfiri Altay Əfəndiyev, İspaniya tərəfdən Real Madrid Fondunun icraçı vitse-prezidenti Enrike Sançez, Fondun baş direktoru Xulio Qonzales Ronko, beynəlxalq əlaqələr üzrə məsul şəxs xanım Rosa Ronkal, həmçinin digər qonaqlar və çoxsaylı media mənsubları iştirak ediblər.
Enrike Sançez Real Madrid Fondunun beynəlxalq layihələrindən, dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən 200-dən artıq sosial idman məktəbinin fəaliyyətindən danışıb. Avropada 8-ci məktəbin Azərbaycanda açılmasının Real Madrid Fondu üçün şərəf olduğunu vurğulayan Sançez sosial futbol məktəbinin işinə uğurlar arzulayıb.
Real Madrid Fondunun sosial idman modeli əsasında yaradılacaq sosial futbol məktəbində 6-17 yaşlı oğlan və qızlara futbol üzrə təlim-məşqlərdən başqa, peşə yönümlü təlimlər, həyat bacarıqları, uşaqlar və valideynlər üçün psixo-sosial dəstək üzrə treninq və seminarlar təşkil ediləcək.