Rayonları aqrar məhsulların istehsalı üzrə ixtisaslaşdırmaq təklifləri hazırlanıb
İqtisadi və inzibati rayonlarının kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşmasına dair təkliflər hazırlanıb. Bunu jurnalistlərə İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev deyib. Çərşənbə axşamı «Azərbaycan Respublikasının iqtisadi və inzibati rayonlarının kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşması — zəruriyyət və səmərəlilik» mövzusunda «dəyirmi masa» keçirilib.
Onun sözlərinə görə, «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı aqrar sahə üzrə rayonların ixtisaslaşmasına dair İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırıq verib.
Vəliyev bildirib ki, institutun mütəxəssisləri tərəfindən kənd təsərrüfatı üzrə ixtisaslaşmaya dair beynəlxalq təcrübə öyrənilib, respublikanın iqtisadi və inzibati rayonlarının təbii-iqlim xüsusiyyətləri, statistik göstəriciləri nəzərə alınmaqla xüsusi işlənilmiş metodika əsasında bölgələrin kənd təsərrüfatı məhsulları üzrə ixtisaslaşmasını özündə əks etdirən «İqtisadi və inzibati rayonlarının kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşması»na dair hesabat hazırlanıb: «Hesabatda hər bir iqtisadi və inzibati rayon üzrə kənd təsərrüfatı sahəsində məhsulların ixtisaslaşma səviyyəsi öyrənilib, üstünlük dərəcələri prioritetləşdirilib və müvafiq təkliflər öz əksini tapıb»
Onun sözlərinə görə, məsələn, ölkənin bütün rayonlarında yunan qozunun yetişdirilməsi və qoyunçuluğun inkişafı üçün əlverişli şərait var: «Göyçay rayonu nar, Quba isə alma istehsalı üçün daha uyğundur. Bu araşdırmalar yekun nəticədə dövlət proqramlarında və digər sənədlərdə öz əksini tapacaq».