Muəllif:

«Rabitə»nin Kazan səfəri uğurlu oldu

Qadın voleybolçular arasında Çempionlar Liqasının II pley-off mərhələsinin ilk oyunları başa çatıb. Keçirilən 3 görüşdə yalnız «Rabitə» səfər qələbəsinə sevinib. 1/3 final mərhələsinin son oyun günündə «Rabitə» səfərdə Kazan «Dinamo»su ilə üz-üzə gəlib.
Azərbaycan çempionu Tatarıstanda çətin «döyüş»dən üzüağ çıxmağı bacarıb. Heyətində təcrübəli voleybolçuların olması və «evdə» oynaması hazırda Rusiya çempionatının vahid lideri olan rəqibimizin işinə yaramayıb. «Rabitə» səfərə məğlub olmaq üçün yollanmadığını sübut edib. İtaliyalı mütəxəssis Marçello Abbondanzanın rəhbərliyi altında avrokubokda məğlubiyyət acısı yaşamayan «Rabitə» bu dəfə 3:1 hesablı qələbəyə sevinib. Beləliklə, Çempionlar Liqasında qələbə seriyasını davam etdirən komandamız «Dördlər finalı»na bir addım da yaxınlaşıb.
Oyuna gəlincə, matç qarşılıqlı hücumlar şəraitdə başlayıb. Kəşfiyyat xarakteri daşıyan ilk dəqiqələrdə rəqib öndə olub (6:8). Lakin texniki fasilədən sonra Marçello Abbondanza oyunun axarını dəyişməyi bacarıb. Onun tapşırıqlarını uğurla yerinə yetirən «Rabitə» öncə hesabı bərabərləşdirib (8:8), ardınca ikinci texniki fasiləyə 2 top irəlidə çıxıb. Bundan sonra daha da ruhlanan voleybolçularımız üstünlüklərini artırıblar və yekunda seti aktivlərinə yazmaqda çətinlik çəkməyiblər — 19:25.
«Dinamo» kimi, yerli fanatları da şoka salan Azərbaycan çempionu II hissədə də inamlı təsir bağışlayıb. Hissənin gedişində voleybolçularımız hesabda önə keçsələr də (19:16) bu üstünlükdən istifadə edə bilməyiblər. Nəticədə Kazan klubu matçda tarazlıq yaradıb — 25:23.
Ardınca «Rabitə» «Dinamo»nu fanatlarını sevindirməyə peşman edib. Sankt-Peterburq Voleybol Mərkəzində əsl şou göstərən təmsilçimiz ilk texniki fasiləyə 4, ikinci texniki fasiləyə 10 xal üstün çıxıb. Bu fərq hesabın bizim xeyrimizə başa çatmasına imkan verib — 23:25.
Dördüncü hissə isə daha dramatik alınıb. «Dinamo» ilk texniki fasiləyə 6 xal öndə çıxıb. Azarkeşlər komandalarının hesabı bərabərləşdirəcəyini gözlədiyi anda «Rabitə» matçın axarını xeyrinə dəyişib və seti qələbə ilə başa vurub -21:25. Beləliklə, «Rabitə» fevralın 14-də cavab matçına rahat çıxa biləcək. Lakin onlar mərhələ adlamaq üçün ikinci oyunda da «Dinamo»ya güclərini göstərib, «Qızıl set»ə ümid etməli deyillər.
Marçello Abbondanzanın yetirmələri ev sahiblərinə qalib gəlməyi bacardıqları halda, digərləri məğlubiyyətə üzülüb. Belə ki, «Yamamay»ın evdə «Azərreyl» üzərində qələbəsinin ardından «Əczaçıbaşı» da səfərdə «Vakıfbank»a uduzub.
Çempionlar Liqası
1/3 final mərhələsi, ilk oyunlar
«DİNAMO» (KAZAN, RUSİYA) — «RABİTƏ» (AZƏRBAYCAN) — 1:3 (19:25, 25:23, 20:25, 21:25)
«YAMAMAY» (İTALİYA) — «AZƏRREYL» (AZƏRBAYCAN) — 3:2 (25:17, 16:25, 20:25, 25:23, 15:8)
«VAKIFBANK» (TÜRKİYƏ) — «ƏCZAÇIBAŞI» (TÜRKİYƏ) — 3:1 (25:23, 23:25, 25:17, 25:15).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 133