«Rabitə» Çempionlar Liqasında 1/3 finala yüksəlib
Bakının «Rabitə» voleybol klubu Çempionlar Liqasında növbəti oyununda «Sərhədçi» Olimpiya Mərkəzində Fransanın «Kann» komandasını qəbul edib. Oyun hazırda əla forma yığan Marçello Abbondanzanın komandasının tam üstünlüyü şəraitində keçib. İlk matçda 3:1 hesabı ilə qalib gələn «Rabitə» doğma divarlar arasında rəqibə heç 1 set də güzəştə getməyib — 3:0.
Nəticədə «Rabitə» Çempionlar Liqasının 1/3 finalına «Azərreyl»dən sonra yüksələn ikinci Bakı klubu olub. Onlar yarımfinal uğrunda Kazan «Dinamo»su ilə oynayacaqlar. İlk görüş fevralın 5-7-də Rusiyada, cavab qarşılaşması 1 həftə sonra ölkəmizdə olacaq.
Çempionlar Liqası
I pley-off mərhələsi, cavab oyunu
24 yanvar
«Rabitə» (Azərbaycan) -«Kann» (Fransa) — 3:0 (25:19; 25:18; 25:17)
İlk oyun
«Kann» (Fransa) — «Rabitə» (Azərbaycan) — 1:3 (17:25, 25:15, 19:25, 19:25)
Qeyd edək ki, «Azərreyl»in növbəti mərhələdə rəqibi «Yamamay» (İtaliya) — «Sveriner» (Almaniya) görüşündən sonra bilinəcəkdi. İlk matçda ikincilər 3:2 hesabı ilə qalib gəliblər.
Dünən qadın voleybolçular arasında Çempionlar Liqasının 1/3 finalçılarının hamısı məlum olub. Apasport.az saytının məlumatına görə, 1/6 final mərhələsində sensasiya qeydə alınmayıb. Gözlənilən kimi, favoritlər mərhələ adlayıb. Onlar arasında Azərbaycanla Türkiyənin hərəyə 2, İtaliya və Rusiyanın 1 klubu yer alıb.
İlk oyunlar fevralın 5-7-də, cavab oyunları bir həftə sonra olacaq.
«Dinamo» (Kazan, Rusiya) — «Rabitə» (Azərbaycan)
«Vakifbank» (Türkiyə) — «Əczaçibaşi» (Türkiyə)
«Yamamay» (İtaliya) — «Azərreyl» (Azərbaycan)
Qeyd edək ki, «Dördlər finalı» martın 15-17-də İstanbulda olacaq. Yarışın ev sahibi «Qalatasaray» isə yarımfinalda rəqibini gözləyir.