Muəllif:

Quzey Qafqaz: Terror siyasəti bu il daha da güclənəcək

İndi Quzey Qafqazın Çeçenistan, İnquşetiya və Dağıstan respublikalarında əhalinin düşüncəsində yer alan əsas mövzu «istənilən an savaş alovlana bilər»dir. Buna inam artmaqdadır. Bu gerçək olarsa, Dağıstanda durum daha da ağırlaşa bilər.
Çeçenistan iqtisadi və ictimai təhlükəsizlik aparatının başçısı Əbdürəhman Alimxanov bildirmişdir ki, bölgədəki Rusiya hərbi birləşmələrinin blok-postları Dağıstana köçürüləcəkdir. Bu ideyanı prezident Ramzan Qədirov irəli sürmüşdür. O, bunu belə əsaslandırıb ki, indi Çeçenistanda çoxsaylı blok-postlara o qədər də ehtiyac yoxdur və öz resurslarımız hesabına problemləri həll etmək iqtidarındayıq.
Beləliklə, Dağıstanın Çeçenistanla həmsərhəd bölgələrində Rusiya hərbi birləşmələrin sayı artırılacaqdır. Durumun bu həddə çatması yerli əhali üçün əlavə bürokratik əngəllər və başağrısı deməkdir.
Qroznı, Mahaçqala və «Qara Qisasçılar»
Ramzan Qədirov hələ 2010-cu ildə bəyanat verərək demişdir ki, Çeçenistanın hər qarışında hərbi blok-postların mövcud olması, regionda hərbi durum mövcud olduğunun göstəricisidir. Buna görə də, onların sayının azaldılmasına çalışacağıq. İndi bu niyyət gerçəkləşir. Lakin bu dəfə blok-postlar Dağıstanın Çeçenistanla həmsərhəd bölgələrinə köçürülür.
Bu tendensiya, Dağıstan bölgələrində blok-postların sayının artırılması yerli əhali tərəfindən ciddi narazılıqla qarşılanır. Belə ki, otlaq sahələri, ormanlar yerli əhali üçün qapalı olur. Onlar odun tədarük edə bilmirlər. Ormanlardan cır meyvə, dərman bitkilərinin yığımı ilə məşğul olan yerli əhali bu maddi gəlir mənbəyindən məhrum olur. Əgər hər kəndin giriş-çıxışında əhalinin sərbəst şəkildə hərəkət etməsinə mane olan blok-postlar varsa…
Beləliklə, blok-postlar özü ilə dinc əhali üçün bütün bu problemləri də gətirir. Vətəndaşlar ya rus əsgərlərinin müntəzəm şəkildə ehtiyaclarını ödəməyə məcbur olmalı, ya da onları bölgədən uzaqlaşdırmaq üçün daim terror təhdidi altında saxlamalıdırlar.
Çeçenistandan fərqli olaraq, Dağıstana gətirilən hərbi qüvvələrin əsas dayaq gücü «Qara Qisasçılar» adı ilə fəaliyyət göstərən, heç bir komandanlığa tabe olmayan, deyilənlərə görə ancaq Rusiya prezidentinin xüsusi nəzarətində hərəkət edən xüsusi hərbi dəstələrdir. Bu xüsusi hərbi birləşmələr istədikləri formada hərəkət edir, əhali ilə istədikləri formada rəftar edirlər. Quzey Qafqazda ilk dəfə bu növ hərbi qruplar Kabarda-Balkar və İnquşetiya respublikalarında fəaliyyət göstərmişdir. Hər iki bölgədə «Qara Qisasçılar» istədikləri şəxsi yerindəcə terror edərək öldürmək, heç bir məhkəmənin qərarı olmadan və sorğu-sualsız həbs edərək istədiyi kimi davranmaq səlahiyyətinə malikdir.
Bu yarıleqal hərbi strukturun Çeçenistanda yerləşdirilməsi planı olsa da, sonucda onlar Dağıstana göndərilmişlər. İndi «Qara Qisasçılar» Dağıstanda yerləşdirilən RF DİN daxili qoşun qüvvələri ilə birlikdə hərəkət edəcəklər. Yəni daxili qoşunlar daha çox mühafizə və blok-post xidmətini icra etməli, «Qara Qisasçı» hərbi qruplar isə onların arxa gücü rolunda çıxış etməlidir. Yerli əhali isə yaranacaq bütün problemlərin təqsirkarı qismində daxili qoşunları tənqid etməklə kifayətlənməli olacaqdır.
Məşhur vəkil və insan haqları müdafiəçisi Qazıməhəmməd Xiriev bildirmişdir ki, bölgədə blok-postlar yaradılarkən ən çox əziyyət çəkən xırda və orta biznes sektorda fəaliyyət göstərənlər olacaqdır. Digər yandan, Dağıstan hökuməti ötən müddətdə bölgədə turizmin inkişafı məsələsində çoxlu işadamlarını cəlb etməyə müvəffəq olmuşdu. Biznes çevrələri üçün bu blok-postlar hər addımda başağrısına çevriləcəklər. Necə deyərlər, silahların kölgəsində turizm və istirahət…
Narazıların sayı artır
Yerli müşahidəçilərin fikrincə, Dağıstanda heç bir güc strukturu bölgə hakimiyyətini saya salmır. Faktik olaraq Dağıstan hökumətinin hərbi qüvvələrə nəzarət etmək imkanı tamamilə məhduddur. Güc strukturları da belə bir psixoloji məqamdan istifadə edərək istədikləri kimi hərəkət edirlər.
Əhalini ən çox narazı salan məqam isə heç bir səbəb olmadan mütəmadi şəkildə antiterror əməliyyatlarının keçirilməsi və sonucda heç bir günahı olmayan vətəndaşların oğurlanması, hətta hərbçilər tərəfindən insanların güllələnməsi və öldürülməsidir. Bu kimi hallar azalmaq bilmir. İnsan Haqları üzrə fəaliyyət göstərən təşkilatları, müxtəlif dərəcədə hüquqları pozulmuş vətəndaşların vəkillərini belə hərbi birliklər saya salmır, onları ümumiyyətlə qəbul etmir və antiterror əməliyyatları ilə bağlı hər hansı açıqlama verməkdən yayınırlar. Faktiki olaraq Dağıstan «poqonlu federallar», yəni birbaşa hərbi qüvvələr tərəfindən idarə olunur.
Bəs yerli məmurlar? Yerli məmurlar isə səlahiyyətləri olmadığından hər hansı bir problemlə bağlı susqunluq nümayiş etdirməyə məcbur qalmışlar. Dağıstanı İnsan Haqları təşkilatları bir qədər ehtiyatlı şəkildə olsa da, bəyan etmişlər ki, Rusiya DİN-ə tabe olan «Güney» və Müdafiə Nazirliyi tərkibində fəaliyyət göstərən «Şərq» hərbi alayları nə qədər sərt olsalar da, antiterror əməliyyatları ilə bağlı ictimaiyyətə müəyyən açıqlama verirlər. Dağıstanda isə bunu görmək belə mümkün deyil. Hətta yerli hökumət strukturu olan Daxili İşlər Nazirliyi, sadəcə, ictimai asayişi qorumaq tipli işlərə cəlb edilmişdir.
Çeçenistanda Ramzan Qədirovun Rusiya DİN 2-ci Baş İdarəsi cinayət axtarış şöbəsinin rəhbərinin işdən qovulması haqqında irəli sürdüyü tələbinə dərhal əməl olunmuşdur. Mahaçqalada antiterror əməliyyatlarından zərər çəkmiş insanların hüquqlarının müdafiəsi ilə məşğul olan vəkil Ziyavdin Uvaysov bildirmişdir ki, Qədirov 2-ci İdarə əməkdaşlarının Çeçenistanda vətəndaşları qanunsuz yerə həbs etmək və onlara qarşı işgəncələrin tətbiqi barəsində məlumat əldə edən kimi dərhal öz iradəsini nümayiş etdirdi. Bununla da, bir daha Federal güc stukturlarından gələn hər hansı hərbçi və yüksək rütbəli zabit orada istədiyi kimi hərəkət edə bilmir.
Dağıstanda dağlıq və yarımdağlıq, eləcə də ormanlıqların çevrəsində yerləşən ərazilərin əhalisi yenicə sayları artırılmağa başlanılan blok-postlara görə öz etirazlarını müxtəlif səviyyələrdə bildirməyə başlamışlar. Çünki, bu bölgələrdə yerli əhali islam ehkamlarına əsaslanan həyat tərzinə malikdir. Onlar gündə beş dəfə məsciddə namaz qılmağı çox vacib əməllərdən biri hesab edirlər. Elə kəndlər var orada bir neçə məscid fəaliyyət göstərir. Bu zaman məscidlər arası hərbi blok-postların qoyulması və hər addımda vətəndaşlardan onların kimliyini təsdiq edən sənədlərin yoxlanılması, kəndə gələn qonaqların kimliyinin araşdırılması üçün onların saatlarla, bir neçə günlüyə belə həbs şəraitində saxlanılmaları çox üzücü hadisələr kimi başa düşülür.
Hərbçilərin heç birinin yerli adət-ənənələr üzrə təlimatı belə yoxdur. Hərbçilər kənd yerlərində şəriət qanunlarına ciddi şəkildə əməl edən insanları isə «fanatik» adamlar hesab edərək onları müxtəlif bəhanələrlə cəzalandırmağa çalışırlar. Əhalinin hökumətə olan şikayətlərinin heç bir nəticəsi olmadığına görə, nə prezidentə, nə hökumətə, nə də parlamentə inanırlar. Politoloq Denqi Xalidovun fikrincə, bölgədə güc strukturlarının sayının artmasına baxmayaraq, mövcud durum dəyişməyəcək. Çünki, insanlar nə yerli hakimiyyətə, nə də federallara inanırlar.
«Sallaqxana keçisi» axtarışında
İndi ardıcıl bir şəkildə şəkildə Mahaçqalada sosioloji, dini, siyasi, etnoloji və digər sahələrdə sinergetik araşdırmalar aparan Moskva mütəxəssislərinin əksəriyyətinin fikrincə, burada əsasən etnoklan və rüşvət mafiyalarını diz üstə çökdürmək, bir də qeyri-professional kadrları hakimiyyətdən təmizləmək lazımdır. Digər tərəfdən, federasiyanı təmsil edən informasiya resursları dağıstanlı zənginlər haqqında reklam olunan «monstr» obrazını tamamilə yığışdırmalıdır. Bölgədəki hər şeyə sağlam beyinlə yanaşılmalıdır.
Rusiya İnsan Haqları təşkilatlarının fikrincə isə, Dağıstanda korrupsiya və traybalizmə qarşı federal hökumət mübarizə aparırsa, beləcə «Qara Qisasçılar» tipli yarıməxfi hərbi strukturların cinayət əməlləri də ortaya qoyulmalıdır: «Bu tip hərbi birləşmələr əslində Quzey Qafqaz bölgələrini süni şəkildə savaş provakasiyalarına cəlbetmə siyasətində bir alətdir».
Məsələn, Qaziməhəmməd Xiriev bildirir ki, bu yaxınlarda DİN naziri Əbdürəşid Məhəmmədov açıqlamasında qeyd etdi ki, bölgədə silahlı radikal dirənişçilərin sayı 200-300 nəfərdən ibarətdir. Təbii olaraq 3 milyonluq Dağıstan əhalisi üçün bu çox kiçik rəqəmdir. Ancaq, bu qədər radikal silahlı üsyançı dirənişçiyə görə Dağıstanda 50 min nəfər əlavə hərbi birləşmələrə ehtiyac yox idi.
Bu yaxında xidməti işimlə bağlı dağlıq bölgələrdən birinə getməli oldum. Yolboyu az qala 2 km-lik uzunluqda hərbi yük karvanına rast gəldim. Axı bu qədər hərbi qüvvəni saxlamaq, əməliyyat tədbirlərinə cəlb etmək, əlavə məsrəfləri çölə atmaqdır. Bu yolla federal büdcəyə nə qədər zərərin dəydiyini isə heç kim hesablamaq fikrində deyil.
Mahaçqalada başqa bir yerli politoloq Məhəmməd Məhəmmədovun fikirncə, Dağıstan Rusiya üçün ən strateji dövlətlərlə həmsərhəd bölgə hesab olunur. «Ərəb baharı»nın ortaya çıxması, bölgənin strateji mənada yerinin nə qədər vacib olduğunu ortaya qoymuşdur. İran çevrəsində yaranan gərginlik, Gürcüstan və Azərbaycanın Rusiya siyasətində qeyri-sabit strateji baxışlarının olması, digər yandan isə 2014-cü ildə baş verəcək Soçi Qış Olimpiya Oyunlarının təhlükəsizliyinin təminatında güc strukturlarına mühüm rol ayrılır. Buna görə də, bölgədə onların sayı artırılır və əlavə qüvvələr gətirilir.
Ancaq Dağıstanda fərqli cür düşünənlər də var. Zənginlərin demək olar əksər Qərb ölkələrində evləri, digər mülkiyyətləri vardır. Savaş durumu ortaya çıxdığında onlar qaçıb gedəcəklər. Həmin ölkələri isə «ehtiyat aerodrom» adlandırılar.
Dağıstanda yerləşdirilən on minlərlə hərbçi məsələsində yerli hökumət əhalini sakitləşdirmək üçün «onlar rotasiya qaydasında burada məskunlaşıblar və bir azdan Rusiyanın digər regionlarına köçürüləcəklər» deyə açıqlamalar verilmişdi. Həmin bəyanatdan 8 ay keçsə də, rotasiya prosesi bitməmişdir. Bunun əvəzində yeni kiçik həcmli hərbi mobil hissələr qurulmuşdur. Bu hərbi hissələrin sayı 10 ədəddir. Hər birində isə 1400 nəfər xidmət edir. Dağıstan DİN-də 20 min nəfər, Mahaçqaladakı 102, Buynakskdakı 136 saylı briqadalarda, Kaspiyskdəki 77 saylı hərbi dəniz qvardiya briqadasının hər birində 10 min nəfər hərbçi xidmət edir. Rusiya DİN-ə məxsus xüsusi alayda 500, operativ qruplarda 3 min, FSB-nin strukturunda 1500 nəfər əlavə güc strukturu da proseslərdə iştirak edirlər.
Beləliklə, balaca bir bölgədə toplam 57 min hərbçi xidmət edir. Xalq hakimiyyətin, hakimiyyət isə güc strukturlarının timsalında beləcə «Sallaqxana keçisi» axtarışına çıxıblar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 270