Muəllif:

Qubad İbadoğlu: «DNF üçün şəffaflıq və informasiya təminatı əsas olmalıdır»

İqtisadi Tədqiqatlar Mərkəzinin ilin yekunları ilə bağlı hesabatında göstərilir ki, ilin ən böyük alışı Dövlət Neft Fondu tərəfindən həyata keçirilib. Dövlət Neft Fondunun investisiya siyasətində dəyişiklər ediləndən sonra Fond əvvəlcə 10 ton qızıl, sonra isə dünyanın müxtəlif şəhərlərində daşınmaz əmlaklar alıb.
İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qubad İbadoğlu Dövlət Neft Fondunun investisiya siyasəti ilə bağlı dəyərləndirmə apararaq bir sıra suallar və təkliflər verib.
Q.İbadoğlu bildirib ki, Neft Fondunun investisiya siyasətinə edilən son dəyişikliklərə görə, Fondun daşınmaz əmlak portfeli investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizi həcmində ola bilər. Bu o deməkdir ki, 2012-ci ilin üçün daşınmaz əmlaka yönələn sərmayə 1,15 milyard dollardan çox ola bilməz. Çünki, 2012-ci il üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta çəkili həcmi) 23 milyard manata bərabər götürülüb.
Fondun ötən 9 ay ərzində vəsaitlərin idarə olunmasından əldə olunan gəlirlər 440,4 milyon manata bərabər olub və bu onu göstərir ki, artıq vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlərin faiz dərəcəsi yüksəlib. Amma hesab olunursa ki, digər alternativlər hesabına daha çox artıma nail olmaq olar, onda aktivlərinin bir hissəsini əmlaka və qızıla sərmayə edilməsi başa düşüləndir. Neft Fondu investisiya siyasətindəki son dəyişikliklərdən sonra 350,146 troy unsiya, yəni 10 ton 891 kiloqram qızıl alıb. Dekabr ayı ərzində açıqlanan məlumatlara görə, Fond Londonda, Parisdə və Moskvada daşınmaz əmlaklar alıb.
Bunlara dəyəri 177 milyon 350 min funt sterlinq olan Londonun West End səmtində, dəyəri 135 milyon avro olan Paris şəhərinin Vandom meydanı 8 ünvanında, dəyəri 133 milyon ABŞ dolları olan Moskva şəhərinin «Tverskaya 16″ünvanında yerləşən «Qalereya Aktyor» ofis-ticarət mərkəzləri daxildir.
«Göründüyü kimi, Fondun bu il üçün əmlak bazarında açıqlanan xərcləmələri onun xərcləyə biləcəyi vəsaitin həcmindən bir az çox olub. Növbəti il üçün isə Fondun bu məqsədlə xərcləyəcəyi vəsaitin həcmi çoxala bilər. Çünki, növbəti ildə Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri bu il üçün nəzərdə tutulan 23 milyard dollardan çox olacaq. Odur ki, mən ictimaiyyətdə bu istiqamətdə yaranmış narahatçılığı başa düşürəm və Fonda təklif edirəm ki, bu istiqamətdə nəinki xərcləmələri, həmçinin aldığı əmlakın idarə edilməsi ilə bağlı ictimaiyyətə əlavə izahatlar versin», — deyə iqtisadçı ekspert bildirib.
Q.İbadoğlu qeyd edib ki, burda ən başlıca məsələ şəffaflıq və informasiya təminatıdır. Əks təqdirdə yaranmış və yaranacaq şübhələr Fondun reputasiyasına kölgə salacaq:
«Mənin fikrimcə, hazırda 3 əsas suala cavab verilməldir. Birincisi, Avrozonada müşahidə olunan və gələcəkdə daha da dərinləşməsi gözlənilən, böhran nəticəsində böyük həcmdə kapitalın həmin ölkələrdən inkişaf etməkdə olan ölkələrə axdığı bir zamanda nədən Neft Fondu investisiya portfelinin 57,75 faizini Avropa banklarında, valyuta portfelinin 39,84 faizini avroda saxlayır və hələ bu azmış kimi Avropda əmlaklar alır? İkincisi, niyə alınan əmlakın necə və kimlər tərəfindən idarə ediləcəyi ilə bağlı ictimaiyyətə açıqlama verilmir? Nəhayət alınan əmlaklara görə imzalanmış kontraktlar niyə dərc edilmir? Hesab edirəm ki, neft Fondu mümkün qədər tez bu suallara aydınlıq gətirməli və əgər hər şey qaydasindadırsa, o halda biz nəticələri gözləməli və qiymətləndirməni onun üzərində aparmalıyıq. Çünki, gələn ildən alınan əmlakların idarə edilməsindən əldə ediləcək gəlirlər daha çox əhəmiyyət kəsb edəcək».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 249