Qraçya Arutyunyanın arvad xələtində ortaya çıxarılması erməniləri hirsləndirib
Moskvada 18 vətəndaşın ölümünə səbəb olan Ermənistan vətəndaşı, sürücü Qraçya Arutyunyanın məhkəməsi başlayıb. O məhkəmə zalına arvad paltarında gətirilib. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Qraçya Artyunyan Tver məhkəməsinə istintaqın tələbi ilə üzü tüklü və güllü arvad xələtində gətirilməsi dünya ermənilərinin bərk xətrinə dəyib.
Yayılan video görüntülərdə yük maşınının sürücüsünün hələ də şok vəziyyətində olduğu görünür.
Ötən məhkəmə prosesində “KamAZ” sürücüsü Qraçya Arutyunyana qarşı “Ehtiyatsızlıqdan iki və daha artıq adamın ölümünə səbəb olan yol hərəkəti qaydalarının pozulması” maddəsi üzrə ittiham irəli sürülüb. Ermənistan vətəndaşı isə özünü bu qəzada günahkar hesab etmədiyini bildirərək sərbəst buraxılmasını xahiş edib.
Ermənistanda bu ölkənin vətəndaşı ilə belə rəftar ciddi narazılığa səbəb olub. Ermənistanda Rusiya səfirliyinin qarşısında bu məsələyə etiraz olaraq aksiya keçirilməsi planlaşdırılır. Erməni mətbuatı dəhşətli cinayət törətmiş sürücünün bu cür alçaldılmasını erməni millətinin beynəlxalq səviyyədə alçaldılması kimi dəyərləndirir.
Bu dəhşətli yol qəzası iyulun 13-də baş verib. Çınqıl yüklənmiş “KamAZ” maşını sərnişinlə dolu avtobusla toqquşub. Qəza nəticəsində 18 vətəndaş, o cümlədən iki azyaşlı uşaq ölüb, daha 30 nəfər xəstəxanaya yerləşdirilib. Bu hadisə ilə bağlı bu gün Moskvada matəm günüdür.