Qorxuram, qorxuram, qorxuram
Ankara
Vallah-billah, söz verirəm ki, bir də zarafat etməyəcəyəm. Çünki qorxuram. Əvvəla, özüm özümdən qorxuram. Bəxtim yoxdur. Zarafat edirəm. Bir də görürəm ki, bəzi yuxular kimi çin çıxır. İsa Qəmbərə öz oğluna Bakının mərkəzindəki şadlıq evlərindən birində toyunu keçirməyi qadağan etdilər. Mən də zarafatla məsləhət verdim ki, bütün narazıları yığıb ya Tiflisə, ya da İstanbula aparsın və orada oğluna kefi istədiyi kimi toy çalsın. Puluna minnət. Heç kim mane olmaz. Mən yazıq nə biləydim ki, zarafatım bəzilərinin yuxuları kimi çin çıxacaq. Yox, İsa bəy oğlunun toyunu keçirmək üçün Bakıda bir şadlıq evi tapa bildi. Amma Milli Şura iclaslarından birini Tiflisdə keçirdi. İndi məni dərd götürüb. Bilmirəm günahsız olduğumu necə sübut edəcəyəm. Deyə bilərsiniz ki, Milli Şuranın Tiflisdə keçirilən iclasından sənə nə? Elə deməyin.
Bir təmsil yadıma düşdü. Dovşanlar dəstə-dəstə qaçışırdılar. Dovşanın birindən soruşurlar ki, niyə qaçırsınız? O cavab verir ki, kimin üç qulağı varsa, birini kəsirlər.
Sualı verən kəs təəccüblənir:
— Bundan sənə nə? Sənin ki, iki qulağın var.
Dovşan deyir:
— Bəli. Lakin bəla burasındadır ki, əvvəlcə qulağı kəsirlər, sonra sayırlar.
Bir sözlə, tülkü tülkülüyünü sübut edənə qədər dərisinə saman təpərlər. Mənim bəxtsiz taleyimə yazının sonunda qayıdacağam. Amma indi daha vacib məsələlərlə bağlı fikirlərimi sayından asılı olmayaraq, oxucularımla bölüşmək istəyirəm.
İnsanların böyük əksəriyyəti həyatını və gündəlik davranışını ya ilahi, ya da bəşəri qanunlarla tənzimləyir. Başqa sözlə desək, ya Allahın, ya da bəndənin cəzasından qorxaraq bəd əməllərdən uzaq qaçırlar. Bunu sıradan olan insanların şeytanın hiyləsinə uymamaq üçün ilahi bir dəstəyə ehtiyacı olması kimi də dəyərləndirmək də olar. Çox güclü iradəyə malik insanların belə bir kənar dəstəyə ehtiyacı olmur. Belələri isə həddən artıq azdır. Azərbaycanda ən yüksək dövlət məqamında oturan şəxs kimliyindən asılı olmayaraq, hər dəfə müqəddəs Qurana və Konstitusiyaya əl basıb and içir. Bir sözlə, özü ilahi və bəşəri qanunlara sədaqətini nümayiş etdirir və bizim hamımızın da qəbul etdiyimiz qərarlarda, gündəlik davranış tərzimizdə bu hökm toplularına boyun əymək zorunda olduğumuzu diqqətimizə çatdırır. Əslində biz bu simvolik tamaşanın gerçək həyata inikasının şahidi olmalıyıq. Hər halda nəzəriyyə belə deyir. Amma gerçək həyatımızda nə müqəddəs kitaba, nə də Konstitusiyaya məhəl qoyan var.
Məni düzgün başa düşün. Düşünməyin ki, Azərbaycanın bütün, o cümlədən demokratiya sahəsindəki nailiyyətlərinə kölgə salmağa çalışıram. Allah eləməsin. Mən çox vətənpərvər insanam. Azərbaycanın demokratiya, insan haqlarına hörmətdə hətta Şimali Avropa ölkələrinə örnək ola biləcəyini hər yerdə, özü də yeri gəldi-gəlmədi təkrarlayıram. Amma…
Ramazan ayının son günlərində oxuduğum bir xəbər diqqətimi cəlb etdi. Polis Gəncə şəhərində yüzdən artıq mömin müsəlmanı bir neçə saatlığa olsa da həbs edib. Yox, bu dəfə onları «hicaba azadlıq» şüarı ilə etiraz aksiyasına çıxdıqları üçün tutub saxlamamışdılar. Verilən məlumata görə, səbəb olduqca qorxunc imiş. Demə, yüzdən artıq dindarın yeganə günahı «QANUNSUZ İFTARDA» iştirak etmək imiş. Dəhşətə gəldim. Məhəmməd Peyğəmbər bir Şaban ayının sonunda Ramazan ayına girərkən səhabələrinə xitab edərək Ramazan ayının müqəddəsliyini və fəzilətini belə ifadə edərkən o cümlədən demişdir: «O ayda kim bir oruclunu iftar etdirsə, bu, günahlarının bağışlanmasına və cəhənnəmdən qurtulmasına səbəb olar. Eyni zamanda oruclunun savabı qədər savab verilər. Oruclunun savabından da heç bir şey əskik olmaz».
Deməli, İslama görə, hər bir kəsin iftar verib savab qazanmaq haqqı vardır və bu haqqı heç kim onun əlindən ala bilməz. Məhəmməd Peyğəmbərə İslamın hökmü bu. Azərbaycan qanunvericiliyində iftarın təşkilini tənzimləyən heç bir müddəa yoxdur. Yəni hələ ki Məhəmməd Peyğəmbərin iftarla bağlı hökmü Milli Məclisimiz tərəfindən təftiş olunmayıb. Yəni istənilən kəs imkanından asılı olaraq istənilən sayda insana iftar süfrəsi aça bilər. Buna Peyğəmbərin hökmünə və Azərbaycan qanunvericiliyinə görə haqqı var. Amma görünür ki, Azərbaycanda yazılmamış qanunlar da mövcuddur. Onlara görə, hətta yerli səviyyəli icra hakimiyyəti orqanları qanunvericiliyin ayrı-ayrı müddəalarını və Peyğəmbərin hökmlərini qüvvədən düşmüş elan edə bilərlər. Görünür, bu yazılmamış qanunlara görə, iftar verib savab qazanmaq haqqı yalnız seçilmişlərin imtiyazıdır.
Bu günlərdə informasiya saytlarından birində maraqlı videosüjetə tamaşa etdim. Məndən olsa, bu videosüjetin adını «Bakıda küçədə iki-iki, üç-üç gəzmək qadağandır» qoyardım. Yenə də deyirəm, Azərbaycanın fəth etdiyi demokratik zirvələri özüm də görürəm və hamıya örnək kimi göstərirəm. Amma… Yazıq əcnəbi turistlər! Onlara Bakıda hətta ekskursiyaya çıxan əcnəbilərə belə qrup halında gəzməyin yasaq olunduğu barədə heç kim məlumat verməmişdi. Nəticədə polisimizin qəzəbinə düçar oldular. Allah bundan betərindən saxlasın. Yaxşı ki, əcnəbi turistlər postsovet məkanında qonşularımız olan Rusiya və Belorusdan imiş. Onlar bizi başa düşərlər. Onlar Moskvada «qara» miqrantlara oxşar münasibətlə dəfələrlə qarşılaşıblar. Yəqin, düşünüblər ki, bizim polis də onları gündən-günə çiçəklənən Azərbaycana gələn və bir loxma çörək parası qazanmaq üçün küçələri səfil-səfil dolaşan «ağdərili» kölə qruplarından birinə bənzədib.
Azərbaycan çox azad ölkədir. O qədər azaddır ki, hər yoldan keçənin ağlından dövlət çevrilişi təşkil etmək keçir. İsveç, Norveç, İsveçrədə bunu ağlına gətirməyə cəsarəti olacaq bir kişi belə tapa bilməzsən. Amma…
Elə bu ilin əvvəlindən tanınmış jurnalist, Avropa ölkələrində, xüsüsilə də Almaniyada insan haqları müdafiəçisi Eynulla Fəttullayev bir-birinin ardınca, özü də təkbaşına iki dövlət çevrilişinin təşkilatçılarını və icraçılarını ifşa etdi. Özü də bu dövlət çevrilişlərindən birini ABŞ, digərini isə Rusiya xüsusi xidmət orqanları hazırlayırmış. Sən demə, bu xain xislətli, antidemokratik ruhlu yüzlərlə azərbaycanlı bu dövlət çevrilişlərinin həyata keçirilməsinə cəlb olunublar. Özü də onlardan bəziləri yüksək dövlət məqamlarında oturublar. Hətta bəziləri həbs olunduqdan sonra artıq günahalarını belə etiraf ediblər. Düzdür, sonra bəzi etirafçıların hələ ki heç nəyi etiraf etmədikləri meydana çıxdı. Amma heç bir eybi yoxdur. Əgər lazımdırsa, bu gün olmasa da, ən geci sabah bütün günahlarını etiraf edərlər. Hətta «Kapital»ın müəllifi olduqlarını belə boyunlarına alarlar.
Yeri gəlmişkən, kişinin milli təhlükəsizliyimizin təmin olunmasındakı zəhmətlərini dəyərləndirmək lazımdır. Kişi özü təkbaşına Milli Təhlükəsizlik Nazirliyinin görə bilmədiyi işlərin öhdəsindən gəlir. Nədən bir ordeni də kişiyə çox görürük? Bu günlərdə «Şərəf» ordeni ilə təltif olunan İlhamə Quliyevadan nəyi əskikdir? Allah bundan olan qalan şərəfimizi qorusun… Bir şeyi başa düşə bilmirəm. Kişi o qədər zəhmət çəkir, amma fikir verən yoxdur. ABŞ xüsusi xidmət orqanları tərəfindən dövlət çevrilişinin hazırlanmasında «krışa» kimi istifadə olunan Milli Demokratiya İnstitutu nədən qapadılmadı?! Nədən keçmiş Baş Prokuror guya hazırlanan dövlət çevrilişinin fəal iştirakçısı olan Eldar Həsənov hələ xaricdə səfir qismində Azərbaycan dövlətini və prezidentini təmsil edir?! Fikir verməyin. Bütün bunlar xırda məsələlərdir.
Əsas məsələ demokratiyanın təntənəsidir. Bu ağır işin öhdəsindən iqtidarımız gəlir. Məşhur jurnalistsə demokratiyanın qaçılmaz olan ağır sonuclarının aradan qaldırılmasını təmin edir.
Azərbaycan demokratiyanın təntənəsi ölkəsidir. Özü də bu təntənənin sınırı belə yoxdur. Hamının olmasa da, bəzilərinin başqaları üzərində linç məhkəməsi qurmağa çağırış haqqı belə var. Bir saytın, hətta ən «məşhur» jurnalistimizin belə rəhbərlik etdiyi saytın, boykot edilməsinə çağırışda qeyri-qanuni heç nə yoxdur. Mən bu çağırışa uymadım. Heç olmasa ona görə ki, çörəyim oxuyub-yazmaqdan çıxır. Amma yenə də deyirəm boykot çağırışında qeyri-qanuni heç nə yoxdur. Bizim məhsulumuz bizim yazdıqlarımızdır. İstehlakçını onları boykot etməyə çağırışda qeyri-qanuni heç nə yoxdur. Əkrəm Əylisli kimi kitablarını yandırmadılar, qulağını kəsməklə təhdid etmədilər ki…
Məşhur jurnalistimiz bu çağırışla çıxış edən həmkarından adından imtina etməyi tələb etdi. Bu tələbin özündə də qeyri-qanuni heç nə yoxdur. Amma məşhur jurnalistimiz məsələyə dini çalar verdi. «Əxlaqsız həyat tərzi sürən» həmkarı «müqəddəs addan imtina etməyənə qədər» dindarları «üsyana» çağırdı. Bu, demək olar ki, açıq şəkildə konkret fərdə qarşı zorakılığa çağırışdır. Rafiq Tağının taleyi bizə dərs olmadı?! İndi anladınızmı nədən qorxuram?! Azərbaycandakı kimi sınırsız demokratiyadan və onun acı sonuclarından…
Bu yay Bakıya gəlib dəniz kənarındakı bağımızda istirahət etmək istəyirdim. Sonra isə eşitdim ki, bizim «narazılar» Tiflisdə toplaşıblar, özü də Rüstəm İbrahimbəyovun başına. Başqa bir yerdə toplaşa bilmirdilər?! Lap elə təbiətdən Qafqaz sıra dağlarındakı çoxsaylı mağaralardan birini icarə edə bilərdilər. Tiflisdə toplanmaları mənim üçün fəna oldu. Bakıya səfərimi təxirə saldım. Çünki uğursuz zarafatı mən etmişdim. Zarafatım çin olandan sonra nədən məni növbəti dövlət çevrilişinin təşkilatçılarından biri kimi qəbul etməsinlər? Əllərində deyil…
Bir sözlə, qorxuram. Qorxaq deyiləm, amma dahi Mirzə Ələkbər Sabirdən daha çox qorxuram. Azərbaycansayağı sınırsız demokratiyadan və onun tükürpədici sonuclarından qorxuram. Axı tülkü tülkülüyünü sübut edənə qədər, dərisinə saman təpərlər…
[email protected]