Qonşusunu qətlə yetirdi, 11 il cəza aldı
Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Amin Orucovun cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Gülüstan küçəsi, 15 ünvanında yaşayan 19 yaşlı Amin Orucov şəxsi münaqişə zəminində qonşusu, 36 yaşlı Rafiq Məmmədovu bıçaqlayaraq öldürüb.
Hadisəni törədən Amin Orucov Binəqədi polisinin əməkdaşları tərəfindən tutulub. Müəyyən edilib ki, mərhum Rafiq Məmmədovun həyat yoldaşı Amin Orucovun evlərindən oğurluq etdiyini bildirib. Buna görə də Rafiq Məmmədov hər dəfə Amin Orucovu döyüb.
Döyülməkdən bezən Amin qaçaraq Rusiyaya gedib. Bir müddət Rusiyada yaşayan Amin Orucov hadisədən 2 ay əvvəl yenidən Bakıya qayıdıb. Hadisə baş verən günü Rafiq Məmmədov Amini yanına çağırıb. Yenə də qonşusu tərəfindən döyüləcəyini düşünən Amin Orucov Rafiqin yanına çatan kimi özündə olan bıçağı işə salıb….
Amin Orucov CM 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ona 11 il cəza oxundu.