Muəllif:

Qonşuların kötük davasi ölümlə nəticələnib

Ağdamın Qiyaslı kənd sakini Cümşüd Əzizov 26 aprel  2012-ci ildə Ağdaş rayonu, H.Əliyev prospekti 67 ünvanında yerləşən yataqxananın qarşısında olan söyüd ağacının qurumuş kötüyünü kəsib və özünə məxsus anbarın qarşısına qoyub. Iki gün sonra Akif  Əliyev icazəsiz ağacın kötüyünü götürdüyü üçün Cümşüdə iradını bildirib və buna görə də onların arasında mübahisə yaranıb. Bundan sonra Akif Əliyevin tapşırığı ilə oğulları Bəhlul və Bəhruz həmin kötüyü Cümşüd Əzizovun anbarın qarşısından götürüblər. Aprelin 28-də Cümşüd söyüd ağacının götürülməsini bəhanə edərək Akif Əliyevin başından zərbə vurub. Zərbənin təsirindən Akif Əliyev yerə yıxılıb. Yerdən qalxan Akif Əliyev ona müqavimət göstərmək istəyib. Cümşüd Əliyev onu sinəsindən itələyib və Akif  Əliyev yerə yıxılıb. Cümşüd Əliyev Akifin ehtiyatsızlıqdan ölümünə səbəb olub.

Cümşüd Əliyev CM 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurmanın ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olması) maddəsi ilə ittiham edilib və onun cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Cümşüd Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, deyib ki, Akif Əliyevi Ağdam rayonunda yaşayan vaxtdan tanıyıb: “Akiflə qonşuluqda yaşadığım müddətdən kötük üstündə düşən mübahisəyə kimi aramızda heç bir narazılıq olmayıb. Yaşadığım yataqxananın həyətində olan su kranının yanında söyüd ağacının qurumuş kötüyü olub. Aprelin 26-da qonşuluqda yaşayan Elvin həmin kötüyü zibilliyə atmaq istədiyini deyib. Elvinə həmin kötüyü anbarın qarşına aparacağımı bildirmişəm. Elvinlə köməkləşib kötüyü anbarının qarşısına aparmışam. Səhəri gün ailəm ilə birlikdə Bərdə rayonuna getmək üçün yaşadığım yataqxananın dəhlizinə çıxmışam. Yataqxananın dəhlizində Akif kötüyü niyə icazəsi olmadan apardığımı soruşub. Akifə “səndən icazə alacaqdım ki?” deyərək yolumu davam etmək istədim və bu vaxt Akif kötüyü geri aparacağını bildirib. Mən isə Akifə “cəhənnəmə apar” dedim. Bu səbəbdən Akiflə aramızda mübahisə yarandı. Bir müddət sonra Akifin oğlu gəldi və atasını sakitləşdirərək evə apardı. Həmin gün ailəm ilə birlikdə Bərdə rayonuna getdim və aprelin 28-də, axşam saat 20.00-da geri qayıtdım. Həmin gün saat 21.00-da yaşadığım yataqxananın həyətinə gəldim və həyətdə anbarın qarşısından keçəndə kötüyün yerində olmadığını gördüm. Həmin vaxt kötüyü oradan Akifin götürdüyünü başa düşdüm və həyətdə həmişə oturduğum oturacağın yanına gəldim. Həmin vaxt Akif qonşularımız Anar, Arif  və Ədalətlə birlikdə orada idilər. Akifə yaxınlaşaraq anbarın qarşısında olan kötüyü onun aparıb-aparmadığını soruşdum. O da kötüyü  özü apardığını dedi. Məndə Akifə “apar gözün doysun” bildirdim. Bu vaxt Akif məni söydü, məndə ona söydüm. Akiflə aramızda mübahisə yarandı və onunla dalaşmaq üçün üstünə getdim. Həmin vaxt bacım oğlu Anar məni qucaqlayaraq Akiflə dalaşmağıma imkan vermədi. Bundan sonra Akif əlini ayağına vuraraq “hanı mənim oğlanlarım, Cümşüd məni vurdu” deyərək qışqırmağa başladı. Daha sonra Akif orada olan bacısı oğlu Amilə məndən şikayət etmək üçün onu polis şöbəsinə aparmasını istədi. Amil onu polis şöbəsinə aparmaq istəməsə də, sonradan Amil öz maşını ilə Akifi polis şöbəsinə apardı. Onların polis şöbəsinə getdiyindən bir müddət keçdikdən sonra isə məni Ağdaş rayon polis şöbəsinə çağırdılar. Polis şöbəsində olarkən Akifin öldüyü mənə məlum oldu”.

Cümşüd Əliyev qeyd edib ki, Akiflə mübahisə edərkən onu yumruqla vurmayıb, nə də ki, onun sinəsindən tutaraq arxaya tərəf itələməyib. Mərhumun oğlu Bəhruz Əliyevin sözlərinə görə, atasının qohum və qonşularla münasibəti həmişə yaxşı olub, atası heç kəslə mübahisə etməyən insan olub: “Yaşadığımız yataqxananın qarşısında olan söyüd ağacını qardaşım Bəhlul əkib. Bir neçə ay bundan əvvəl güclü külək əsən vaxt həmin ağacın qol budağı qırılıb və nəticədə ağacın kötüyü qalıb. Sonradan həmin kötüyü Cümşüd apardığını bilmişik. Atam kötüyü geri gətirəndən sonra Cümşüdlə mübahisə edib.Videoperator olduğum üçün hadisə vaxtı “Samirə” şadlıq sarayında toyda olmuşam”.

Zərərçəkmişin sözlərinə görə, atası Cümşüdlə mübahisə edəndən sonra şikayət etmək üçün rayon polis şöbəsinə gedib və orada ölüb: “Arvadım atamın polis şöbəsindən ölməsini eşidəndən sonra ora getdim. Mən ora çatanda atam keçinmişdi”.

Məhkəmənin hökmü ilə Cümşüd Əzizov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Cümşüd Əzizovun vəkili Elgiz Salahov apelyasiya şikayəti verib. Vəkil Şəki Apelyasiya Məhkəməsinə göndərdiyi şikayətində Cümşüd Əzizovun barəsində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyib. Hakim Rövşən Rəfiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, müdafiəçinin apelyasiya şikayəti qismən təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə Cümşüd Əzizovun barəsində təyin olunmuş 8 il 6 ay müddətinə azadlıqdan mərhum etmə cəzası 7 ilə endirilib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 195