QMİ sədri Nabat Aşurbəylinin adını əbədiləşdirməyi təklif edir
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bakı meriyasına Təz Pir məscidinin yerləşdiyi küçənin adını dəyişdirilməsi ilə bağlı müraciət edib.
Müraciətdə Təzə Pir məscidinin ərazisinin dini kompleks olması qeyd edilir. Dindarların, şəhər sakinləri və ölkəyə gələn qonaqların bu kompleksə ziyarətə gəldikləri xatırladılır. Kompleksin əsas qapısının hazırda Mustafa Sübhi adını daşıyan küçəyə açıldığı vurğulanır. M.Sübhinin bir müddət Rusiyada fəaliyyət göstərən ateist və peşəkar-inqilabçı olduğu bildirilir. Bu şəxsin adına nə vətəni Türkiyədə, nə də fəaliyyət göstərdiyi Rusiyada küçə, yaxud da hansısa müəssisənin olmadığı yada salınır.
Daha sonra sənəddə Təzə Pir məscidinin yerləşdiyi küçənin Nabat xanım Aşurbəyova adlandırılması təklifi verilir. Bu addım savab əməl olmaqla yanaşı, həm də dövlətin Azərbaycan qadını və möminlərə ehtiramının nümunəsi olacağı kimi dəyərləndirilir.
Mustafa Sübhi XX əsrin 20-ci illərində Türkiyə Kommunist Partiyasının rəhbəri olub. Bolşevik Rusiyası bu şəxsin əli ilə Türkiyədə sovet rejimi qurmağa hazırlayırdı. M.Sübhi 1921-ci ildə Trabzonda bir neçə kommunist yoldaşı ilə qətl edılərək cəsədləri dənizə atılıb. “Sovet Bakısı”nda onun adına küçə verilib.
Bakının məşhur milyonçu Aşurbəyovlar nəslindən olan Nabat xanım isə Təzə Pir məscidini öz puluna tikdirib. Onun qəbri məscidin əsas giriş qapısının sağında yerləşir (Turan).