Muəllif:

Qızılın qiyməti: qiymətli metaldan qiymətsiz əşyaya doğrumu?

Qızıl dünya bazarında psixoloji həddən aşağı düşüb: artıq bir qramı 39 dollara təklif edilən qiymətli metalın 40 dollarlıq “döşəməni” silkələməyəcəyi ilə bağlı nisbətən nikbin proqnozlar doğrulmadı. Bu isə qızılın hər unsiyasına 1220 dollar təklif edilməsi deməkdir. Son 1 ildə qızılın qiyməti rekord səviyyədə — 28 faiz azalıb. Qiymətli metal 2013-cü ilin ikinci yarısında 17 faiz ucuzlaşıb.

Əslində, 2008-ci ildə müşahidə edilən qlobal maliyyə böhranından sonra qiymətində artım qeydə alınan qızılın 2012 və 2013-cü illərd ciddi dəyər itirəcəyi öncədən proqnozlaşdırılırdı. Böhran qızıla olan tələbatı artırsa da, sonrakı mərhələ bu qiymətli məhsula olan tələbin azalması iqtisadi qanunlara uyğundur. Belə ki, 2008 və 2009-cu illərdə böhranın nəticələrini və eləcə də müddətini proqnozlaşdırmaqda çətilik çəkən investorlar öz pullarını qızılda saxlamağa üstünlük verdilər. Bu isə həmin dövrdə qızılın qiymətində artımlar ilə müşahidə edildi və bu qiymətli metalın qiyməti 2008-ci il böhran dövrü ilə müqayisədə 62 faizə yaxın artıb. Belə ki, əgər o zaman qızılın bir unsiyasının qiyməti 756 dollar idisə bu göstərici indi 1220 dollardır. Amma son 1 ildə qızılın qiymətindəki artımlar azalmalar ilə əvəz olunub. Bu baxımdan, əgər son 5 ildə qızılın qiymətində artımlar müşahidə edilibsə də bu son 1 ildə kəskin azalma ilə əvəzlənib.
İqtisadçı Vüqar Bayramov hesab edir ki, qızılın qiymətinin ucuzlaşmasına təsir edən digər amil isə bu qiymətli metala zinət əşyası kimi marağın azalmasıdır:”Hazırda isə dünya bazarında inflyasiya minimuma enib, səhmlərin qiymətləri isə artmağa başlayıb və avro güclənir. Bütün bunlar isə qızılın investisiya baxımından cəlbediciliyini azaldır. Eyni zamanda, 2008 və 2009-cu illərdə ehtiyatlarının bir qismini qızıla çevirən bir sıra ölkələr, o cümlədən Çin və Hindistanda qızıl külçələr və sikkələr ötən ildən başlayaraq bazara çıxarıblar ki, bu da qızıl təklifinin artmasına səbəb olub”.
İqtisadçı qeyd etdi ki, dolların son 2 ayda avroya nisbətən dəyər itirməsi də ABŞ valytası ilə satılan qızılın qiymətinin dəyər ifadəsində azalmasına gətirib çıxarıb. Digər tərəfdən, qızıl bazarında spekulyatıv oyunlar da kifayət qədər yüksəkdir və vu da qiymətlərin dəyişməsini şərtləndirir.
Bayramovun proqnozuna əsasən, azalma tendensiyası 2014-cü ilin ilk aylarında da davam edəcək. Dünya bazarında neft qiymətinin yüksəlməsi və eləcə də bir sıra inkişaf etmiş ölkələrdə xüsusən də ABŞ-da real sektorda gəlirlik normasının yüksəlməsi investorların öz vəsaitlərini qızıl bazarından çəkməsinə səbəb olub. Qızıl bazarında investor aktivliyinin azalması qiymətli əşyanın dəyərinin aşağı düşməsinə səbəb olub.
Qızılın dünya bazar qiyməti Azərbaycanın dövlət rezervlərinin dəyəri baxımdan da əhəmiyyətlidir. Belə ki, Dövlət Neft Fondu 2012-ci ildə 15 ton qızıl alıb və bu il qızıl ehtiyatlarını 2 dəfə artırıb. Mərkəzi Bankın qızıl ehtiyatları yarım tondan çoxdur. Neft Fondu qızılın alma tarixi və eləcə də qiyməti ilə bağlı ictimaiyyətə məlumat vermədiyindən 1 qızılın Azərbaycana neçəyə baş gəldiyi bəlli deyil. Bununla belə, iqtisadçının qənaətincə, son 1 ildəki qiymət azalmaları Neft Fondunun qızıl biznesindən gəlir deyil, zərər əldə etdiyini söyləməyə imkan verir. Praktik olaraq, Neft Fondunun aldığı qızılın qiymətinin aşağı düşməsi səbəbindən dövlət rezervlərinin dəyərində nisbi azalmalar müşahidə edilir.
“Biz 2008-ci ildə Neft Fondu aktivlərinin bir hissəsinin qızıla saxlanılmasını təklif edirdik: “O zaman bu onunla əlaqələndirilirdi ki, aktivlərin valyuta ilə saxlanılması arzuolunan deyildi. Qızıl isə qlobal maliyyə böhranı dövründə ən çox dəyər qazanan yığım vasitəsi idi. Bu baxımdan ativlərin qızılla saxlanılması həmişə aktualdır. Lakin təəssüf ki, həmin vaxt Dövlət Neft Fondu aktivlərin qızılla saxlanılması barədə qərar qəbul etmədi. Qızılın qiymətindəki son azalmalar fonunda isə aktivlərin qızılla saxlanılması daha çox gecikmiş qərar kimi qiymətləndirilə bilər”.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 288