Qızıl ehtiyat depoziti kimi etibarlılığını itirə bilər
Bu il qızıl 10 faizdən çox dəyərdən düşüb. Bu ucuzlaşma son 30 ildə qeydə alınan ən yüksək göstəricidir. Tendensiya davam edərsə, bu qiymətli metal ehtiyat depozit kimi etibarlığını itirə bilər. Hazırda qızılın bir unsiyasının qiyməti 1296 dollara düşüb. İqtisadçı Oqtay Haqverdiyevin sözlərinə görə, bu qiymətli metalın qiymətinin psixoloji həddən aşağı düşməsi deməkdir.
O qızıl bazarında əhval-ruhiyyənin dəyişməsinin bir neçə səbəbi olduğu qənaətindədir.
Məlumdur ki, Avrozonada borc böhranının uzanması, Amerika Birləşmiş Ştatları və Çində iqtisadi artım tempinin yavaşıması və məşhur iş adamı Corc Sorosun qızıl sərmayələrini azaltması təsirsiz ötüşmür. Kipr hökumətinin müflisləşmədən qurtulmaq üçün qızıl ehtiyatlarının bir hissəsini satışa çıxaracağı barədə verdiyi açıqlama da qızılın qiymətinə zərbə vurub.
Yeri gəlmişkən, Avropa Mərkəzi Bankı da qızıl ehtiyatlarını satmağa hazırlaşır. Haqverdiyev deyir ki, bu alqı baş tutarsa, qızıl uzun müddət ucuzlaşmaqda davam edəcək:”Bu qiymətli metal hətta ehtiyat depozit kimi etibarlığını itirə bilər. ABŞ Geoloji Xidmətinin məlumatına görə, qızılın qiyməti 1300 dollarlıq psixoloji həddən aşağı düşərsə, yataqlarda fəaliyyət göstərən müəssisələrin 30 faizinin fəaliyyəti rentabelli olmayacaq. Artıq bəzi mədənlərin fəaliyyətinin dayandırıldığı bildirilir. Bəzi hasilatçı şirkətlər məsrəflərini azaltmaq üçün tədbirlərə başlayıblar».
Bütün bunlara baxmayaraq ekspert hesab edir ki, ucuzlaşma uzun sürməyəcək. Yaxın müddət ərzində qızıl əvvəlki qiymətini qaytaracaq. Qeyd edək ki, 2011-ci ilin sentyabr ayında qızılın bir unsiyası 1921 dollar 15 sentlə tarixi maksimuma çatıb.