Qiymət artımına etiraz aksiyası keçirilib
Dekabrın 8-də Bakının mərkəzində Fəvvarələr Meydanında yüzə yaxın gənc yanacağın qiymətinin artırılmasına etiraz olaraq aksiya keçirib. Aksiya Azərbaycan Avropa Hərəkatının (AAH) lideri Ramin Hacılı tərəfindən saat 16:00-a təyin edilib. Lakin səhər tezdən Fəvvarələr Meydanı polisin və mülki geyimli şəxslərin nəzarətinə götürülüb.
Gənclər “Makdonalds” kafesinin qarşısında toplaşaraq əllərində ağ vərəqələr tutublar. Polis əməkdaşları və mülki geyimli şəxslər kağızları alaraq cırmağa başlayıblar. Toplaşanlardan dağılışmaq tələb olunub.
Gənclər etiraz etməyə başlayıb. Nəticədə AAH-in mətbuat xidmətinin rəhbəri Pərviz Əzimov saxlanılıb. Aksiya iştirakçıları digər bir fəalı mülki geyimli şəxslərin əlindən alıblar.
Polislə qarşıdurmaya yol verməmək üçün Hacılı aksiya iştirakçılarını dağılışmağa çağırıb. O, polisin hərəkətlərini pisləyib.
“Təəssüf ki, hökumət nəinki vətəndaşların sosial-iqtisadi maraqlarına məhəl qoymur, həm də siyasi azadlıqlara hörmət etmir. Polis və mülki geyimli şəxslər hətta meydanda gəzişməyə belə imkan vermədi. Bu, qanuna məhəl qoymamaqdır”, — Hacılı Turan-ın müxbirinə bildirib.