Qiyabi təhsil ləğv edilir
Bakalavr təhsil pilləsini bitirənlərin bir çoxu magistratura pilləsi üzrə təhsil almaq arzusunda olur. Bir qismi isə praktik işlə məşğul olmaq və magistr təhsillərini qiyabi davam etdirməyə üstünlük verir. Lakin BDU Hüquq fakültəsinin timsalında yaranan maneə göz önündədir.
BDU magistratura və doktorantura şöbəsinin müdiri Afət Məmmədovanın sözlərinə görə, təhsil ocağının bütün istiqamətlər və ixtisaslar üzrə əyani və qiyabi magistratura təhsili var, təkcə hüquq fakültəsindən başqa. Belə ki, bu il ilk dəfə olaraq hüquq fakültəsində magistratura üzrə təhsil almaq istəyən tələbələr üçün qiyabi təhsilə müraciət olunmayıb: «Bu il ilk dəfə olaraq hüquq təhsili üzrə qiyabi magistratura təhsili nəzərdə tutulmayıb. Keçən il TQDK sədri Məleykə xanım belə bir şans verdi ki, ixtisaslar üzrə qiyabi və əyani təhsili hər bir institut özü seçsin. Tutaq ki, biz ixtisaslaşma üzrə əyaniyə 5 yer, qiyabiyə isə 2 yer vermişdik. Bir növ tələbələrə seçim sərbəstliyi verilmişdi. Bu da böyük ajiotaja səbəb oldu. Hamı dedi ki, biz qiyabi təhsil almaq istəyirik. Bu bizim bütün tədris planlarımızı, yükümüzü pozdu. Nə otağımız var idi, nə də müəllim fondumuz. Bu qərar bütün prosesi korladı, çox böyük problem yaratdı».
Məmmədova qeyd edib ki, universitetin hüquq fakültəsi magistraturada qiyabi təhsilin olmamasına özü qərar verib: «Bu il hüquq fakültəsi elan etdi ki, onlar əyani oxuya, təhsilini artıra bilən mütəxəssislər yetişdirəcək. Yəni fakültə bu il qiyabi təhsil üzrə qəbul elan etmədiyini bildirib».
Məmmədovanın sözlərinə görə, bu seçimi vermək universitetin öz daxili səlahiyyətində olan bir işdir. BDU hüquq fakültəsi üzrə magistraturaya daxil olmaq istəyən tələbələr əks təqdirdə, seçimlərini İdarəçilik Akademiyasına, Naxçıvan Dövlət Universitetinə yönəldə bilərlər. Bu təhsil ocaqlarında ixtisas üzrə qiyabi təhsil mümkündür: «Bu seçim azaddır. İstənilən təhsil ocağını qiyabi təhsil üzrə seçmək olar. Əgər bu institutda qiyabi təhsil yoxdursa, başqa institutları seçə bilər. Tutaq ki, bizə 106 magistr daxil olur. Onların 90-ı qiyabi təhsil istədiyini bildirir. Universitet isə yükündə əyani üçün 80, qiyabi üçün 20 magistr yeri ayırır. Keçən ilki prosesdən sonra isə bütün qəbulu əyani üzrə elan etdilər».
BDU təmsilçisinin sözlərinə görə, fakültədə yaranan narazılıq konkret olaraq əyani oxumaq istəyi ilə bağlı olub. Rektor, millət vəkili Abel Məhərrəmov bir neçə dəfə Milli Məclisdəki çıxışlarında işləyənlərin magistraturada qiyabi təhsil almasının düzgün saymayıb: «Yəni tələbə iki il magistr pilləsini əyani bitirsin, sonra da gedib hüquq-mühafizə orqanlarında işləsin. Amma indi bu sistemdə işə düzəlir, sonra da təhsil almağa gəlirlər. Təhsil də yarımçıq olur, iş də pozulur». TQDK mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə BDU hüquq fakültəsində qiyabi magistratura təhsilinin ləğvinin TQDK-nın səlahiyyətində olmadığını bildirib: «Bu qaydanı biz təsdiq etmirik. Ona görə bu sualı cavablandıra bilmərik. Bu sualı Təhsil Şurasına ünvanlayın».
BDU hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev də bu il üçün qəbul planında qiyabi magistr təhsilinin plandan çıxarıldığını təsdiqləyib: «Hesab etmişik ki, magistraturada əyani təhsil daha effektli nəticə göstərir».
Əliyev qiyabi təhsilin bu ixtisas üzrə gələn ildən yenidən tətbiq olunması fikrini təkzib edib: «Bu fikirlər düz deyil. Fakültə Elmi Şurası qərar verib ki, magistraturada əyani təhsilin daha böyük üstünlükləri var. Biz burada bütün reallığı görürük. Ümumiyyətlə, əyani təhsil çox effektlidir. Hər bir tələbə əyani təhsil almalıdır. Qiyabi magistratura təhsili üzrə magistr elmi dərəcə üçün o nəticəyə nail ola bilmir». Bununla belə, fakültə dekanının qərarın qüvvədə qalıb-qalmayacağı fikrinə münasibəti də birmənalı olmadı: «Biz gələn il bu qərara bir də baxacağıq. Ola bilsin, qərarı qüvvədə saxladıq, ola bilsin dəyişdik». Ə.Əliyev ixtisas üzrə əyani magistr təhsil haqqının illik 2000-2600 AZN civarında olduğunu da qeyd edib. Professor Şahlar Əsgərov isə hüquq fakültəsində qiyabi təhsili qaçılmaz sayır: «Magistr təhsili, qiyabi təhsil, distant təhsil, özünü təhsilləndirmək — bunlar hamısı təhsilin variantlarıdır. Bu variantlar o qədər çox olmalıdır ki, kimə hansı əl verirsə, insanlar ondan istifadə etməlidirlər. Ona görə qiyabi təhsil də lazımdır». Liberal cəmiyyətdə təhsil azadlığı elə təşkil olunmalıdır ki, insanlar ondan istifadə edə bilsinlər».
Ş.Əsgərovun fikrincə, bakalavr pilləsini başa vurub işləyən tələbələr iş şəraitləri ilə əlaqədar olaraq magistratura pilləsi üzrə qiyabi təhsil almalıdırlar: «Əgər kimsə işləyirsə, ona qiyabi təhsil almaq uyğun olar. O, ildə 3-4 dəfə elmi rəhbərinin yanına gedib planlar almaqla işini təmin edə bilər. Elə ixtisaslar var ki, orada qiyabi təhsil almaq olar, eləsi var ki, yox. Məsələn, hüquq fakültəsində qiyabi təhsil almaq olar, amma təcrübi fizikada, kimyada bu mümkün deyil. Bu ixtisaslar üzrə təhsil alan magistrlar gərək laboratoriyada işləsinlər. Hətta jurnalistika ixtisası üzrə də qiyabi magistr təhsili almaq olar». Təhsildə beynəlxalq standartların tətbiqi istiqamətində atılan addımlardan, verilən qərarlardan sonra «Qiyabi təhsil çoxdan ləğv olunmalı idi» fikirlərini deyənlərlə yanaşı, qiyabi təhsili təhsilin variantlarından biri hesab edənlər də var. Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov da ümumiyyətlə, dünya ölkələrində qiyabi təhsilin olmadığını bildirib: «Bu qədər müəllim var. İş tapa bilmirlər. Qiyabi təhsili bitirənlərin də bəziləri işləyir, bəziləri yox. Qiyabi təhsil keçmiş sovet dövründən qalma formadır. İndi həmin təhsil distant təhsillə əvəz olunub. Amma mən hələ bu təhsilin də şəffaflığına inanmıram. Ona görə ki, hələ bizdə o psixologiya sonadək formalaşmayıb. Birdəfəlik distant təhsilə keçid, digər tərəfdən bu sahədə şəffaflığın gözlənilməsi o qədər də asan deyil».
A.Mehrabov təhsil nazirinin qiyabi təhsilini başa vurmayan tələbələr müəllim kimi sinfə daxil olmamaları ilə bağlı əmrinə də münasibət bildirib: «Keçmişdə üçüncü kursdan sonra tələbələrə öz ixtisasları üzrə işləməyə icazə verilirdi. Yeni nazirin əmrinə görə qiyabi təhsilini başa vurmayan şəxs müəllimlik fəaliyyəti ilə məşğul ola bilməz. Sovet dövründə qiyabi təhsil alan tələbələr öz ixtisasları üzrə işləyirdilər. İndiki dövrdə isə bu cür təhsil alan tələbələrin çoxu öz ixtisasları üzrə işləmir. Əksəriyyəti ayrı-ayrı ixtisaslar üzrə çalışırlar. Ona görə necə ola bilər ki, 3-cü kursdan sonra tələbə müəllimlik fəaliyyəti ilə məşğul olsun?» A.Mehrabov qiyabi təhsillə müqayisədə əyani təhsilin üstünlüyünü qeyd edib. Belə ki, əyani oxuyan tələbələrin auditoriyada müəllimlə təmasda olmaq, məşğələlər keçmək, laboratoriyalarda məşğul olmaq, mühazirələr dinləmək və s. imkanları var.
«Qiyabilər isə sessiyaya çağırıldığı 10-12 gün ərzində müəllimə qulaq asır. Ancaq ilboyu əyani təhsil tam fərqlidir. Əyani təhsilin tələbləri də başqadır». İnstitut direktorunun sözlərinə görə, distant təhsilin formalaşması üçün müəyyən zamana ehtiyac olsa da, müasir texnologiyaların inkişafı prosesi sadələşdirə biləcək: «Hazırda müasir texnologiyalar o qədər inkişaf edib ki, bölgələrlə də əlaqələr yaradılacaq, lazım gələndə distant təhsilə cəlb olunan tələbələrə tapşırıqlar göndəriləcək və əgər şagird və tələbənin bir sualı varsa həmin sayta göndərəcək. Tələbə bütün tapşırıqları özü həll etməlidir».
BDU coğrafiya fakültəsinin humanitar və sosial məsələlər üzrə dekan müavini Elxan Nuriyev hazırda Rusiya və digər ölkələrdə distant təhsilə keçildiyini qeyd edib: «Ümumiyyətlə, distant təhsil də qiyabi təhsil kimidir. Əziyyət çəkib rayondan Bakıya gələrək kirayədə yaşayıb qiyabi təhsil almaq, əlavə xərclər çəkməkdənsə distant təhsil daha yaxşıdır». İkinci təhsilin də faydasız olduğunu qeyd edən E.Nuriyev hesab edir ki, tələbə birinci təhsili normal almalıdır: «O, magistratura pilləsini oxuyub bitirsin — bu, elə ikinci təhsildir. Biri Texniki Universiteti bitirəndən sonra könlünə hüquqşünas olmaq düşür və təzədən hüquq fakültəsinə daxil olur. Sizcə o, yaxşı mütəxəssis ola bilərmi?» E.Nuriyevin sözlərinə görə, hazırda dünya ölkələri qiyabi təhsil sistemini qəbul etmir: «Ümumiyyətlə, dünya ölkələrində qiyabi təhsil yoxdur. Elə distant təhsillə oxuyub öz-özünə hazırlaşmaq, lazım gələrsə ildə bir dəfə müəlliminlə görüşüb məsləhətlər almaq qənaətbəxşdir. Tələbə qiyabi oxuyanda dərslərə yalnız bir ay müddətində gəlir və imtahan verir. Bir ayda nə mənimsəmək olar ki, imtahan da verəsən?» E.Nuriyev xarici ölkələrdə oxumaq üçün yer alan elanları müsbət qarşıladığını bildirib: «Məsələn, Ukrayna universitetlərinin hüquq fakültələrində oxumaq üçün qəbul elan olunub. Onlar burada tələbələrlə ünsiyyətdə olur, onlara məsləhətçi təyin edir və imtahanı keçirib gedirlər. Düzdür, təhsil pulludur, ancaq tələbə adını qazanan şəxs yaşadığı yerdən ayrılmadan təhsilini davam etdirir».
Təhsil sahəsi üzrə ekspert Etibar Əliyev isə hesab edir ki, distant təhsil şəffaf təhsildir. Belə ki, bu, internet vasitəsilə həyata keçirilən təhsildir və bu sistem ilk dəfə 1970-ci ildə ABŞ universitetində tətbiq olunub. «Bu təhsil formasının üstünlüyü ondan ibarətdir ki, tələbə yerini dəyişmədən internet vasitəsilə müəllimlə ünsiyyət qurur. Müəllim materialları tələbəyə, o da öz növbəsində müəllimə göndərir. On-line yolla böyük auditoriyalarda imtahanlar keçirilir. Hətta indiki situasiyada distant təhsil qiyabi təhsildən daha şəffaf təhsildir. Artıq postsovet məkanına daxil olan bir sıra ölkələrdə bu təhsil prosesinə keçilib».