Muəllif:

Qiyabi təhsil alanlar müəllim işləyə bilməyəcək

Müəllimlərin işə qəbulu ilə bağlı təhsil nazirinin yeni əmri pedaqoji sahəni özünə ixtisas seçənlərin qarşısında mühüm şərtlər qoyub. Bakalavriat səviyyəsində qiyabi təhsil alan tələbələrin müəllim kimi sinfə daxil olmasına icazə verilmir. Bu pillə üzrə təhsilini qiyabi oxuyub başa vuran məzunlar istisna olmaqla, hazırda bakalavriat üzrə qiyabi təhsil alan 3-4-cü kurs tələbələri müəllim işləyə bilməyəcəklər. Qiyabi təhsil alan tələbələrin müəllim kimi fəaliyyəti, ümumiyyətlə qiyabi təhsilin özünün nöqsanlı tərəfləri ilə bağlı pedaqoqların, o cümlədən ekspertlərin fikirləri əksərən üst-üstə düşür.
Əməkdar müəllim Almaz Həsrət qərarı dəstəkləyir. Rusiya, Ukrayna, Latviya və Litva kimi ölkələrdə pedaqoji kadr hazırlığından misal gətirən Həsrətin sözlərinə görə, o ölkələrdə pedaqoji institutların məzunları ilk ildən müəllim işləmirlər. Yeni gələnlər iki və ya üçillik müqavilə imzalayır və təcrübəli müəllimin yanında köməkçi kimi çalışırlar: «O, dərsin gedişatını izləyir, sinfin içində olur, şagirdlərlə təmas qurur, daim kurslara gedir, təkmilləşir. Yalnız bundan sonra lisenziyalaşmış sertifikat əldə edir. Biz nə edirik? Təhsil ala-ala, hətta bakalavr təhsilli və kollecdə təhsil alanlar müəllim işləyir… 20-30 il işləyən müəllimlə yanaşı onlar da müəllim kimi çalışırlar. Baxmayaraq ki, hələ nə metodika yüksək səviyyədədir, nə də bilikləri. 9-cu sinfi qurtarıb kollecə daxil olanlar da bir ildən sonra müəllim işləyirlər. O da, təcrübəli müəllim də eyni maaşı alır, saat bölgüsü də eynidir».
Həsrət hesab edir ki, nəinki pedaqoji sahə üzrə qiyabi təhsil alan tələbələrin, hətta əyani kursları bitirənlərin də dərhal şagirdlərin qarşısına çıxması düzgün deyil: «Onların metodikası hələ zəifdir. Çünki orta məktəbdən çıxıb birbaşa ali təhsil almağa yollanırlar. Onlara ilk növbədə təcrübə lazımdır».
Professor Şahlar Əsgərov düşünür ki, təhsil nazirinin yeni qərarı müsbət dəyişiklik yaradacaq:
«Təhsili qaydaya salan subyekt müəllimdir. Əgər istəyiriksə təhsil düzəlsin, təhsili düzəldən subyekt haqda düşünməliyik. Ona görə də müəllim seçimində şərtləri ağırlaşdırmağa ehtiyac var. Hər kəsi sinfə buraxmaq olmaz. Fikrimcə, müəllimlərlə bağlı bütün informasiya nazirliyin əlində var. Onlar müəllim kontingenti arasında vəziyyətin necə olduğunu gözəl bilirlər. Əgər qiyabi təhsil alan tələbələr sinfə buraxılmayacaqsa, bu, təhsilin keyfiyyətinə müsbət təsir edəcək».
Ekspertin fikrincə, qiyabi təhsil alanlar tədricən öz təhsillərini artırmalıdırlar. Qoy tələbə bakalavriat pilləsini bitirsin, magistraturaya daxil olsun. Bu qərar daha yaxşı müəllim yetişdirməkdən ötrü tələbatı artırır».
Əsgərov hesab edir ki, təhsillə bağlı bəzi məsələlərdə dünya praktikası ilə müqayisə yaratmağın əhəmiyyəti yoxdur: «Bizim istiqamətimiz ayrı olmalıdır. Bizim Qarabağ problemimiz, qaçqınlarımız, köçkünlərimiz, dağılmış məktəblərimiz var. Belə dünya praktikası olmayıb axı. Bu baxımdan bu məsələləri dünya praktikası ilə müqayisə etmək doğru deyil».
«Təhsilin müasirləşdiyi və elektron formaya keçdiyi bir dövrdə qiyabi təhsilin ləğvi yersizdir. Nəzərə almaq lazımdır ki, qiyabi təhsil distansion təhsilin bir növüdür və tələbələrin qarşısında geniş imkanlar açır». Bu sözləri MM deputatı, professor Astan Şahverdiyev söyləyib. Millət vəkili deyilənlərlə razılaşmır: «Sovetlər dönəmində qiyabi və axşam təhsili mövcud olub və ali məktəbi bu yolla bitirənlər öz sahələrində kifayət qədər peşəkar kadr kimi fəaliyyət göstəriblər. İndiki halda axşam təhsili ləğv olunsa da, qiyabi yolla təhsil almaq tələbələrin qarşısında geniş imkanlar açırdı. Qiyabi təhsil həm ehtiyacı olan tələbələrə işləmək imkanı yaradır, həm də distansion təhsilin tərkib hissəsi olaraq müasir dövrün tələbidir. Biz XXI əsrdə yaşayırıq və artıq tələbələr mühzairələri təkcə əyani yolla deyil, həm də elektron formada əldə etmək imkanına sahibdir».
XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə hesab edir ki, qiyabi təhsil forması sovetdən qalma təhsil formasıdır. Belə ki, həmin dövrdə axşam, qiyabi və əyani təhsil formaları olub. Sonradan axşam təhsili ləğv olunsa da, əyani təhsil əsas təhsil sayılıb. Qiyabi təhsil isə sovet dövründə olduğu qayda ilə davam edir. Məsələn, sessiya müddətlərində tələbələr neçə gün dərsə gəlməlidir, imtahan hansı qaydalarla verilir və s.
«Qiyabi təhsil indi özünü doğrultmur. Çox ölkələrdə artıq distant (məsafədən təhsil) təhsilə keçilib. Baxmayaraq ki, bizdə bu proses getməyib. Bizdə böyük ali məktəblərin İKT təminatına ehtiyac var. Regionlarda sürətli internet vasitəsilə tələbə-müəllim əlaqələrinin qurulması problem kimi qalır. Ona görə də qiyabi təhsilin təkmilləşdirilməsi üçün ideyalar da mövcud deyil. Qiyabi təhsil artıq öz dövrünü bitirib. Əvvəlki qərar pedaqoji ixtisaslar üzrə təhsil alan 3-4-cü kurs tələbələrinə pedaqoji fəaliyyətlə məşğul olmağa icazə verirdi. Bu, çox ciddi nöqsan idi. Yəni kursun 60-70 faizini keçən tələbələr sinif otağına müəllim kimi daxil olurdular. Hamı bilir ki, qiyabi sessiyalar necə yola verilir. Ümumiyyətlə, qiyabi təhsilin necə keçdiyini hamı gözəl bilir. Yəni kursun 60-70 faizini keçənləri müəllim qismində sinif otağına buraxmaq çox ciddi nöqsanlardan xəbər verirdi».
Ekspertin fikrincə, 3-4-cü kurs tələbələrindən keyfiyyətli iş gözləmək lazım deyil. Əsas məsələ isə bundan sonrakı mərhələdə hansı addımların atılmasıdır. Belə ki, qiyabi təhsilin indiki vəziyyətdə qalıb-qalmaması müzakirə olunmalıdır. Bu, ya distant təhsillə əvəz olunmalı, ya da ləğv olunmalıdır:
«Artıq ölkəmizdə fəaliyyət göstərən əksər ali məktəblərdə və Müəllimlər İnstitutunda xeyli pedaqoji kadrlar hazırlanır. Qiyabi təhsilin də indiki şəraitdə mövcud olması şübhəsiz ki, yolverilməzdir və başqa məqsədlərə xidmət edir».
Əliyev hesab edir ki, qiyabi bakalavr təhsili alan tələbələr müəllim hüququ qazanmaq üçün təhsillərini davam etdirməli, kursu tam bitirməlidir. Belə ki, qiyabi təhsil əyani təhsildən bir il artıq vaxt tələb edir. Bakalavr pilləsi qiyabi təhsil üçün beşillik, əyani təhsil üçün dördillikdir:
«Heç şübhəsiz, bu formada qalacaqsa, qiyabi təhsilin dəqiq şəkildə monitorinqi aparılmalıdır. Yəni tələbələr həqiqətən sessiyalarda iştirak edirmi, onlar verilən tapşırıqları yerinə yetirirmi, imtahanlar formal, yoxsa qeyri-formal şəkildə aparılır? Monitorinqlər əsasında bu sistemin yaşayıb-yaşamayacağı haqqında qərar verilməlidir. Ola bilər ki, kimsə ailə qurur, kiminsə gəlib-getmək imkanı yoxdur, ancaq təhsilini qiyabi formada davam etdirir, bununla belə, bu təhsilin zərərli cəhətləri daha böyükdür».
Ekspertin fikrincə, müəllimlərin məsuliyyətinin artırılması üçün onlara sertifikat verilməsinə ehtiyac var: «Buna görə də onları hansı biliklə auditoriyaya buraxmaq barədə məsuliyyət olmalıdır. Ümumiyyətlə, sessiya vaxtı gəlib müəyyən yollarla qiymətlərini yazdırmaqla müəllim olmaq olmaz». Ekspert hesab edir ki, indiyə qədər qiyabi təhsilini davam etdirən, ancaq sinfə müəllim kimi daxil olan tələbələrin keçdiyi dərslərin səviyyəsi barədə monitorinq aparılmayıb: «Ümumiyyətlə, müstəqillikdən sonra bütün müəllimlərin attestasiyası keçirilməli idi. İndiyə qədər attestasiya keçirilməyib. Attestasiya həm qiyabi təhsil alan, həm də əyani təhsilini başa vuran müəllimlər üçün keçirilməli idi. İbtidai təhsil pilləsində olan müəllimlərin 70 faizə qədəri texnikum diplomu ilə dərs verir. Attestasiya prosesi keçirilsə, bəlkə növbədə olan Bakı Dövlət Universitetinin hansısa bir məzunu onu əvəz edə biləcək. Ancaq attestasiya keçirilmədiyi üçün qeyri-müəyyənlik yaranır».
Ekspertin fikrincə, qiyabi təhsilin, kollec və texnikum məzunlarının verdiyi dərsin keyfiyyəti qiymətləndirilməlidir. «Əsl müəllim kimdir? Bu suala cavab axtarılır. Bu suala cavab tapılandan sonra müəllimin əməkhaqqı məsələsinə baxılmalıdır. Müəyyən kriteriyalar vasitəsilə təyin etmək lazımdır ki, əsl müəllim kim olmalı, hansı keyfiyyətlər daşımalı, ondan sonra əməkhaqqı məsələsinə baxmaqla təhsil keyfiyyətində xeyli irəliləyişə nail olmaq mümkündür».
Distant təhsilin üstünlüklərindən danışan ekspert qeyd edib ki, bunun üçün ilk növbədə distant təhsil mədəniyyəti formalaşmalıdır. Belə ki, Qərbdə bu təhsil forması 60-70-ci illərdən tətbiq olunur: «Konkret olaraq bu təhsil qaydasına görə müəllim və tələbə öz yaşadığı yeri tərk eləmir. Müəllim tələbə üçün kursun materiallarını göndərir. Birbaşa müəllimlə tələbə arasında skype və elektron poçt vasitəsilə dialoq baş verir. Bu şəkildə qiymətləndirilmə prosesi aparılır. Bu da bizdə çoxlu maliyyə vəsaiti tələb edən məsələdir. Çünki müəllim və tələbə ilk növbədə distant təhsil prosedurunu bilməlidir, orada şəffaflıq olmalıdır. İnternet vasitəsilə ünsiyyət tələbənin biliyinin canlı nümayişinə imkan yaradır. Bizdə isə hələlik bu prosedurun elementləri tətbiq olunmayıb».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 2427