Qırxıqbaşların döydükləri
Lənkəran hava limanında Rusiya reyslərilə gələnlər yerə enər-enməz bir ağızdan müxbirə şikayət ediblər: qırxıqbaşlar miqrantları döyür, söyür, öldürür. Bir neçəsi birinin üstünə tökülüşür. Təkbaşına küçəyə çıxmaq qorxuludur və s. Diaspor böyüklərimiz isə müəyyən günlərdə hətta küçəyə çıxmamağı tövsiyə edibmiş…
Qanunlarmı, polismi? — ilk ağla gələn suallardır. Polis isə küçələrdə, tində-bucaqda cövlan edən bu qırxıqbaşlara güldən ağır söz demirmiş — adam Lənkəran hava limanında hiddət və narazılığını davam etdirir.
Başqasını deyə bilmərəm, mənə görə qəbuledilməz narazılıqdır — Rusiyətin ortasında küçələri dolduran gəlmənin birinə bir neçə şillə-təpik vurulub deyə, polis öz yerlisinə nə deyəsiymiş ki? Axı aciz-aciz şikayət edən bizimkilər qəzet-dərgi oxusalar, görərdilər ki, tək beynəlxalq hüquq, konvensiyalar deyil, sovet şinelindən çıxmış çox ölkədə daxili qanunlar da çox halda kağız üstündə olur, bir çox ölkələrdə qanunlara çox da bel bağlamaq olmaz — odur ki, özünü qalın cəngəllikdəki kimi hiss etməli və özünüqoruma barədə özün düşünməlisən. Bildiyimizcə, cəngəllikdə qüvvədə olan qanuna görə, güclü zəifi basıb yeyir. Güclü olmalısan ki, səni basıb yeməsinlər — indiki halda ən azından təpiyin-şillənin altına salmasınlar.
Bizim ellərdə dədə-baba tərbiyə üsulu qüvvədə idi — uşağa deyilərdi: döyülüb üstümə gəlmə, döy üstümə gəl. Döyənə hörmətlə yanaşar, döyüləni saymazdılar. Bütün hallar üçün şərt şərt idi: Oğulsan, özünü döydürmə! Fiziki cəhətdən zəif olub, lakin başqaları ilə ağıllı rəftar yolunu tapmaq, özünü döydürməmək və ya belə bir şəraitə ayaq yeri qoymamaq özü də bir qoçaqlıq və ağıl əlaməti sayılırdı.
Daha çox güləş fəndi bilən, əla voleybol, futbol oynayan, məktəb meydançasında diski daha uzağa atan, turniklərdə məharətlə yellənən uşaqlar məktəbdə barmaqla göstərilərdi. Bu uşaqların sonralar haçansa döyüldüklərini mən eşitmədim.
Bütün məktəb — 5-cidən 10-cuya kimi, oğlanlı, qızlı səhər növbəsini kütləvi gimnastika ilə başlardı. Cəlal müəllimin qorxusundan bir uşağın ağzı nəydi gimnastika dərsinə geciksin.
Mənim bir rəhmətlik əmim vardı — qayıqçı idi — bizim uşaq vaxtımızda yadımdadır, adamları, kənd camaatının bar-barxanasını, qoyun-quzusunu öz yekə qayığında Kürdən o sahilə, bu sahilə adladardı. Azca savadı olan Məmmədkərim əmim dirədöymə ustası, güləş peşəkarı idi. Qayığını sahilə bağladığı yer yeniyetmələrlə dolu olarmış. Onlara çay qırağındakı göylüklərdə güləş fəndlərini öyrətmək onun şakəri idi (eynilə Yapon, Çin kinolarında əlbəyaxa döyüş üsullarını öyrədən ustadlar kimi). Onun güləşə bağladığı, güləşi sevdirdiyi bu uşaqlardan neçəsi sonralar dünya çempionu, Avropa çempionu, SSRİ çempionu, nə bilim Azərbaycan çempionu oldular, arenalarda canavar-canavar güləşçilərin kürəklərini yerə vurdular, kəndə gələndə isə bu kişinin önündə farağat durdular, hörmətini saxladılar, indi isə rəhmət oxuyurlar.
Bizim günlərdə, maşallah, hər kənddə bir məktəb, hər məktəbin hökmən bir idman zalı, güləş döşəkləri, hətta ali təhsilli, diplomlu idman müəllimləri var. Bu heç, hər rayon mərkəzinin bir gözqamaşdırıcı olimpiya mərkəzi də, içində ən çağdaş şəraiti də var. Di gəl, mən onların qarşısında hələ çiyni idman çantalı uşaq-muşaq görməmişəm. Sanki onlarda adam deyilən bir kəs yoxdur. İns-cins gözə dəymir. Soruşmuşam, deyirlər ora verməyə pul hardandı? Repetitora pulu güclə tapırıq. Ora getsələr, bə dərslərini haçan oxuyacaqlar?
Gedənlər tək-tük…
Nəticəsi? İndi vətəndaşımız bir əldən döyülüb, öldürülüb üstümüzə gəlir. Birini Parisdə erməni döyür, birini Moskvada rus, bir başqasını bilmirsən harda kim… Boğaza qalstuk bağlamaqla, hansı bazardasa dükan açmaqla, bir-iki kitab oxumaqla deyil. Fiziki baxımdan da rəqabətqabiliyyətli olmalısan. Bu dünya belə qurulub, sərt gerçəklik belədir və belə qalacaq.
Hər gün işə üç universitetin qovşağından keçib gəlirəm. Nə qədər çəlimsiz, üfürsən-yıxılar tələbəyə rast gəlirəm. Baxıram, qanım qaralır. Bunlardan nə kişi çıxacaq, nə əsgər çıxacaq? Bunlar ekstremal şəraitdə özlərini müdafiə edə bilərlərmi? Özlərini yumruqla, güləş fəndləri ilə, fiziki gücləri ilə müdafiə edə bilmədiklərinin nəticəsidir ki, bir şey olanda ciblərindəki balaca bıçağa əl atırlar. Bıçaqlaşma az qala məmləkətin atributuna çevrilib. Cəza evlərinin böyük faizini onlar təşkil edir. Halbuki bir güləş fəndi ilə ötüşmək olardı.
Mənim aləmimdə yaxşı hazırlıqlı gənc yumruğunu, fəndlərini işə salıb on qırxıqbaşa, ikisi bir yerdə — iyirmisinə, üçü bir yerdə — lap otuzuna cavab verər.
Güney-Doğu Asiyanın bir vaxt sayılmayan balaca və zəif ölkələri bu qansız döyüş üsullarına yiyələnməyi bir ənənə halına gətirdikləri, gəncliyi bu tələblə yetişdirdikləri ilə böyük iqtisadi, siyasi, intellektual uğurlara qovuşdular. Özlərini saydırdılar. «Sağlam bədəndə — sağlam ruh olar» formulunu yaxşıca mənimsəyən bu xalqlara dünya «gənc qaplanlar» deyir.
Fiziki baxımdan zəif millət durumunda olduğumuzu görməliyik. Bunun nəticəsidir ki, düşmən torpağımızın bir qismini tutub, dincliklə əl çəkmək istəmir, it-qurd gəlib Şuşada özünə villa tikdirir. Kəndlərimizə gətirib adam yerləşdirirlər.
Biz — bir vaxt dünyaya hökm edən qəhrəman Oğuzların törəmələri niyə bu dərəcədə acizləşdik, cılızlaşdıq, zəif duruma düşdük? Qolumuzun gücünü qaytarmaq üçün işlər necə qurulmalıdır? Bu məmləkətdə bu sualı verən varmı? Bəlkə cavabını baş müəllimdən — təhsil nazirindən soruşaq?
[email protected]