Muəllif:

«Qırğı balası»

Bu həftə diqqət mərkəzinə «dedovşina» ilə bağlı daha bir əcayib xəbər düşdü, amma bu dəfə «dedovşina»nın qurbanı əsgər deyil, məktəbli olmuşdu. Təəccüblənməyin, bu nə müəllim səhlənkarlığı, nə də savadsızlığıydı, əsl «dedovşina» idi. Söhbətin Sumqayıt məktəbindəki şagird ölümüylə nəticələnən hadisədən getdiyini, hörmətli oxucu, yəqin ki, anladı. Unudanlar üçün bir daha işin nə yerdə olduğunu qısaca xatırladıram. Dərsə gecikən 20-yə yaxın məktəblini dərs-hissə müdiri özünün pedaqoq, məktəbinsə kazarma olmadığını unudub, sovet ordusunda hamının zəhləsi getdiyi əsl «praporşik» kimi cəzalandırmaq qərarına gəlib. Cəza isə ondan ibarət olub ki, məktəb «praporşiki» uşaqları başqa bir sinfin idman dərsinə gətirərək idman müəlliminə onları qaçırtdırmağı tapşırıb. Bədbəxtlikdən ürək xəstəsi olan 11-ci sinif şagirdi Azad İlyasov bu cəzaya dözməyib və dünyasını dəyişib. Allah ona rəhmət eləsin, valideynlərinə isə səbir və təpər versin. Böyük faciədir. Artıq məktəbin direktoru və «praporşiki» işdən azad edilib, prokurorluqsa cinayət işi açıb. Yəni bu hadisədə günahı olanlar qanuna uyğun şəkildə cəsasını alacaq. Amma bütün bunlar belə halların təkrarlanmayacağına zəmin yarada bilərmi?
Şübhəm var. İndi niyəsini izah etməyə çalışacam. Bunun üçün belə bir halın başvermə səbəblərini araşdırmaq lazımdır. İlk növbədə dərs hissə müdirini nədən «praporşik» adlandırdığımı izah edəcəm. İzahı çox bəsitdir, predmetindən başı çıxan heç də hər bir müəllimə pedaqoq demək olmaz, çünki pedaqoq şagirdi cəzalandırmalı deyil, səhvini izah etməlidir ki, bir daha onu təkrar etməsin. Bu, məsələnin ən bəsit və üzdə olan tərəfidir. Problemin məğzinə vardığında isə işin daha qəliz olduğuyla üzləşirsən. Birincisi, müəllim atdığı addımın yanlış olduğuna görə deyil, bədbəxtlikdən şagirdlərdən birinin öldüyünə görə cəzalandırıldığından əmindir. Əslində, hamı — Təhsil Nazirliyi də, hüquq-mühafizə orqanları işçiləri də, elə ictimai fikir də bu qənaətdədir. Bax elə problem də bundadır. Və bu problemin adı insan qürurunun nə demək olduğunu unutmağımız, haqlarımızı bilməməmiz və hətta bilib də haqqımızı tələb etməyə cürət etməməmizdir. Çünki bizdə belə bir vərdiş yoxdur, biz ya bunu əvəzimizə kiminsə edəcəyini gözləyəcəyik, ya da haqq sözümüzün onsuz da qulaqardına vurulacağına öyrəndiyimiz üçün əlimizi yanımıza sallayıb müti bir görkəm alacağıq, çünki başqa cür olmayacağına inandırılmışıq. Belə olmasaydı, dərs-hissə müdirinin ağlına bu cür əcayib pedaqoji priyoma əl atmaq gəlməz, direktor bu Sumqayıt Makarenkosunun adi bir hala çevrilmiş həmin «əyləncəsinə» göz yummaz və ən nəhayət, bir ləşkər həddi-buluğa çatmaqda olan gənc öz haqqını tələb edərdi. Tələb etsəydilər, Azad indi, yəqin ki, onlarla birlikdə olardı…
İkincisi, bu hal yeganə deyildir, əksinə, bizim üçün dünyanı bir qavrama tərzidir. Yadınızdadırsa, ilin əvvəlində müəllim-şagird münasibətlərilə bağlı daha bir biabırçı hadisə baş vermişdi. Xoşbəxtlikdən o zaman ölüm-itim olmamışdı, sadəcə, direktor oğlan şagirdləri bütün sinfin qabağında, qızların gözü qarşısında şapalaqlayıb alçaltmışdı. Yaxşı ki, internet var — hadisənin üstü açılmışdı. Amma ən dəhşətlisi döyülən uşaqlardan birinin anasının sonradan telekameralara müəllimin hərəkətinə adi bir hal kimi baxdığını deməsi və buna haqq qazandırması idi. Bax budur problemin kökü! Bu münasibətlə biz vətəndaş tərbiyə edə bilərikmi? Məncə, bu sualın cavabı birmənalıdır — yox!
Bu yerdə yadıma bir hadisə düşdü. Yenə də milli mentalitetimizdən irəli gələn bir hadisədir. Qonşumuz balaca qızını bulvara gəzdirməyə aparıbmış. Qızcığaz həmyaşı olan digər qonşu uşağıyla oynayanda oğlan qızı itələyib yıxır və ağladır. Qızın anası əsl azərbaycanlı kimi övladını günahsız olduğu halda danlamağa başlayır və belə düşünür ki, qonşu oğlanın anası da balasını danlayıb qızları incitməyin yaxşı iş olmadığını söyləyəcək. Amma gözləmədiyi halda anasının qorxmuş oğluna ürək-dirək verərək «qırğı balasısan» deməsinin şahidi olur. Qonşu qızın anası söhbətini belə bitirmişdi: «Biz uşaqlarımızı döyə-döyə gözüqıpıq böyüdürük, özgə millətlərsə balalarına ürək-dirək verərək, qırğı balasısan deyə-deyə».
Demə, oğlanın anası rusuymuş…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 7,50 из 10)
Oxunma sayı: 528