Muəllif:

Qida məhsullarına təcili nəzarət yoxdur

Azərbaycanda keyfiyyətə təcili nəzarətlə bağlı dövlət qurumu yaradılmalıdır, keyfiyyətlə bağlı dövlət mükafatı təsis olunmalıdır. Bu fikrin müəllifi Azad İstehlakçılar Birliyinin (AİB) eksperti Sənan Kərimovdur. Onun sözlərinə görə, AİB Azərbaycanda keyfiyyət şurasının yaradılması, keyfiyyət mükafatının təsis edilməsi, statistik göstəricilərdə keyfiyyət statistikasının da yer alması kimi təkliflərlə müvafiq qurumlar qarşısında çıxış edib:
«Sahibkarlıq azad olmalıdır, amma bu o demək deyil ki, onlar özbaşına olmalı, istehsal etdikləri məhsulun keyfiyyətinə cavabdehlik daşımamalıdırlar. Obyektivlik naminə onu da deməliyik ki, sahibkarlıq subyetklərinə həddindən artıq subyektiv nəzarət var. Adi bir misal, tutaq ki, hansısa bir nəzarət yoxlaması gəlir, bir neçə şəxs sexə daxil olur, bu zaman, onların heç birinin əynində ağ xalat olmur. Halbuki daxil olduqları sex istehsal müəssisəsidir, burda yeyinti məhsulları istehsal olunur və həmin yoxlamanın da oranın işçilərindən etdikləri tələbin biri məhz ağ xalatda olmaqdır. Daha pisi isə budur ki, onlar özləri də qanunu, müvafiq qaydaları pozduqlarının fərqində deyillər, bu vəziyyəti televiziyalarla, mətbuatla yayımlayırlar, halbuki bu, yolverilməzdir».
Kərimov qeyd edir ki, keyfiyyətin sistematik olaraq yaxşılaşdırılması ölkə iqtisadiyyatının inkişafı üçün mühüm amildir:
«Yeyinti məhsulunun təhlükəsiz olması ona mənfi təsir edə biləsi fiziki-kimyəvi, mikrobioloji amillərin olmaması ilə təsdiqlənir. Azərbaycanda yeyinti məhsullarının keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyinin təmin edilməsi olduqca mürəkkəb və çoxşaxəlidir. Yaxşı keyfiyyətə malik məhsulun istehsalı, əlavə xərclər tələb edir. Təcrübə göstərir ki, keyfiyyətə sərf edilən vəsait ümumi istehsala çəkilən xərclərin 25 faizindən az olmamalıdır. Bu zaman istehsal müəssisəsi özəldir, yaxud dövlətə aiddir, heç bir fərqi yoxdur».
AİB təmsilçisinin sözlərinə görə, Azərbaycanda yeyinti sənayesində keyfiyyət üzrə bütün idarələr, institutlar ləğv edilib. Elə bu səbəbdən də bugünkü gündə əhali, istehlakçılar böyük təhlükələrlə üz-üzədir:
«Yeyinti sənayesini idarə edən strukturlar ləğv edilib və fiziki-kimyəvi laboratoriyalarda analiz aparılmır. Belə şəraitdə istehlakçı məhsulun keyfiyyətini müəyyənləşdirə bilmir. Buna qarşı mübarizə aparmaq üçün məhsulların fiziki-kimyəvi xüsusiyyətləri müəyyənləşməlidir. Ərzağı yoxlamazdan əvvəl, müəssisəyə daxil olan xammalı yoxlamaq lazımdır. Daha sonra isə onun saxlanması, nəql edilməsi məsələsinə nəzarət etmək lazımdır. Hər bir xammal istehsalata göndərilən zaman onun keyfiyyətli olmasını sübut edən müşayiətedici sənədləri olmalıdır. Ərzaq təhlükəsizliyi ilə bağlı maarifləndirmə artırılmalı və mütəxəssislər hazırlanmalıdır. Keyfiyyətə nəzarətin olmaması, özbaşınalıq durumu zəhərlənmələrin sayının da artmasına səbəb olub. 2012-ci ilin 6 ayında respublikada 616 nəfər qidadan zəhərlənib».
Kərimov ölkəyə xaricdən gətirilən məhsullarla bağlı danışarkən, qeyd edib ki, bu məhsulların da keyfiyyətinə, demək olar ki, nəzarət yoxdur:
«Gömrük Komitəsinin müasir avadanlıqlarla təmin edilmiş laboratoriyası var. Ölkəyə gətirilən bütün yeyinti məhsulları orada fiziki-kimyəvi-bioloji analizdən keçməlidir. Xüsusilə də uşaq qidaları. Amma mən 100 faiz təminat verirəm ki, belə bir analiz aparılmır. Çünki o laboratoriyalarda peşəkarlar işləmir. Elə sahibkar var ki, xaricdən gətirdiyi mal aylarla gömrükdə çürüyür, lakin bunun səbəbi heç də analiz deyil, başqadır. Analizlər üçün az vaxt lazım olur».
Ekspertin sözlərinə görə, yeni ailə quranlar arasında sonsuzluq, çətin valideyn olma kimi hallar artıq 50 faizi aşmaq üzrədir: «Bunun ən başlıca səbəbi yediyimiz qidaların tərkibi, keyfiyyətsizliyi ilə bağlıdır. Bu, böyük həyəcan siqnalıdır, dövlət təcili tədbirlər görməlidir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 228