Qəzetdən qorxanlar ölkəsi
Mətbuat hökumətdən də, toplumdan da narazıdır. Öz növbəsində hökumətimizin qəzetləri görən gözü yoxdur, toplumun isə bu sferaya etimadı qalmayıb. Məmur gözlüyünün üstündən qəzetçiyə şübhə ilə baxır, sıravi vətəndaş qəzetçini pula satılan, yalançı, qəzeti isə yalan yazan sayır və düşünür ki, «onlarda bircə ayın tarixi düzdür».
Bu ölkədə, bu toplumda qəzet institutunun tarixi 140 ili haqlasa da, ictimai həyatın bu seqmenti hələ də ayağını yerə bərk dirəyə, özünü Avropa standartında təsdiqləyə bilmir. Hökumətin mətbuat siyasəti, toplumun mətbuata münasibəti o dərəcədə qəliz bir şəkil alıb ki, münasibətlər o dərəcədə dolaşıb ki, vəziyyətdən çıxış yolunu tapmaq, münasibətləri tənzimləmək normal bir situasiya arzusunda olan, normal bir situasiyada topluma faydalı olmaq istəyən media başçılarına da zor görünür.
Heç kəs milli təhlükəsizliklə birbaşa bağlı olan bu qorxulu tendensiyanın haraya aparıb çıxaracağını, hansı sahilə yan alacağımızı bilmir, ya anlamır, ya da sadəcə fərqində deyil. Ən absurd fikirlər, ən bəsit yanaşmalar bu sferanın ətrafında cərəyan edir. Eynilə XX yüzilin başlarında ölkədə «qəzet fırtınası» yaşananda nə kimi mürəkkəb və ağır durum vardısa, bu gün də elədir, belə görünür, bu son yüz illik zaman kəsimində baş verənlər bizə heç nəyi öyrətməyib, elə yerimizdə ayaq döyürük.
Bunu normal ölkədən gəlmiş bir əcnəbiyə desək, heyrətdən gözü bərələ qalar: indi keçmiş balaca rayon mərkəzlərimizin az qala iri şəhərlərə çevrildiyi bir zamanda onlarda qəzet köşkü deyilən bir zad yoxdur (?!). Məsələn, «rayon ziyalısı» deyilən subyekt səhər durub sallana-sallana işə gedəndə bilmir hardan bir qəzet alsın. Hələ mən böyük kəndlərimizi demirəm. Elə kəndlərimiz var, onlarda az qala on min əhali yaşayır, amma içində beş-on qəzet satılan balaca bir köşkü yoxdur. Yüzlərcə işsizi var, biri bu kəndin, bu rayon mərkəzinin mətbuat ehtiyacını ödəməklə pul qazanmağı yaxına belə qoymur. Bəlkə ağlına gəlir, amma bu işdən qorxur — polis gəlib qulaqlayıb aparar.
Lap mat qalınmalı işdir — zamanı ayaqlaya-ayaqlaya elə bir günə gəldik ki, qəzet (ümumiyyətlə qəzet — istər hökumətin (yəni vergi ödəyicilərinin) pulu ilə buraxılan qəzet olsun, istər qeyri-hökumət qəzetləri olsun) oxuyana ya düşmən gözü ilə, ya da ağlı yerində olmayan bir adam kimi baxılır. Vətəndaşın qəzet oxumaması, mətbuatdan ayrı salınması, arada hasar hörülməsi üçün növbənöv üsullar yalnız bu başı bəlalı məmləkətdə işləkdir.
Gör işin nə yeridir ki, qəzet oxumaq istəyən qəzeti qorxa-qorxa alır, ya da qəzet almağa pulu yoxdur, yaxud təfəkkürü elədir ki, qəzet almağı pul sərf ediləsi an sonuncu vacibat, ən sonuncu tələbat sayır. Ya da ümumiyyətlə bunu gündəlik yaşamının bir elementi kimi görmür. Bir sürücü tanışım var, hökmü çox yerə işləyən rəisi üçün hər gün səhər qəzet almalıdır, rəis hər dəfə ona tapşırır: «o biri» qəzetlərdən də al, amma «Azərbaycan»a bük gətir, görək kimi söyürlər…
Unudulmaz Üzeyir bəy Hacıbəylinin məşhur felyetonunu xatırlasaq, qəzetlər çıxmasa, Fransada ictimai həyat donar, kollaps yaranar, xaos ölkəni məhv edər. Bizdə Azərbaycanda isə — XX yüzilin başlarında olduğu kimi «heç zad olmaz». Hətta mən deyərdim ki, hökumət də, toplum da bundan dolayı özünü çox məmnun, çox rahat hiss edərdi.
Hələ onu demirik ki, toplum istədiyi qəzeti almaq, qəzetləri operativ oxumaq üçün son texnoloji imkanlardan xəbərsizdir, bu yenilikləri hələ mənimsəməyib (az faiz istisnanı nəzərə almasaq).
Bəli, qəzetçiliyin az qala kramol bir məşğuliyyət, qəzetin təhlükə mənbəyi sayıldığı bir məmləkətdə yaşayırıq. Buna «əyri güzgülər» mühiti də deyə bilərdik. O dərəcədə ki, ölmədik, bir məmurun metroda qəzet satışını yasaqlamasını terrorizmlə mübarizə aspektində doğru sayan media adamını da gördük…
Təbii ki, ölkəmizin zahiri simasını dəyişmək gərəkdir, quruculuq işi aparılmalıdır, yollar da vacib məsələdir, güclü olmaq üçün ordunu da möhkəmlətməyi bir an da olsun unutmamalıyıq. Güclü Azərbaycan… Bunu ağlı başında olan hər kəs istəyir. Fəqət hər baxımdan güclü Azərbaycan olmasını istəyiriksə, biz insanı düşünməliyik, onu da bir an da olsun unutmamalıyıq. Bizim insanın dünyanın indiki çağırışları qarşısında duruş gətirməsini, özünü və ölkəsini müdafiə edə bilməsini, bütün sahələrdə rəqabətqabiliyyətli olmağını istəyiriksə — o həm də məlumatlı olmalıdır. Bu isə bizim işimizdir.
Bizim işimizə köməyinizə görə sağ olun, amma işimizə mane olan əngəlləri aradan götürsəniz, daha yaxşı kömək etmiş olardınız.
[email protected]