Muəllif:

«Qəzəbin» ünvanı nədən Türk Hava Yollarıdır?

Ötən həftə 60-a yaxın turizm şirkəti “Türk Hava Yolları”ndan bilet alışını “boykot” etmişdi. Buna səbəb sözügedən aviaşirkətin turizm şirkətlərinə bilet satışından ödədiyi komisyon haqları ləğv etməsi oldu. Məsələyə münasibət bildirən Azərbaycan Turizm İnstitutunun turizmin təşkili və texnologiyası kafedrasının müdiri Bahadur Bilalov hesab edir ki, turizm şirkətləri yalnız bilet satışı ilə deyil, turizm xidmətlərinin satışı ilə də məşğul olmalıdır:

“Xaricdə turizm şirkətləri yalnız bilet satışı ilə məşğul olmadıqlarına görə, bilet satışına görə aldıqları komissiya haqlarının ləğvi onlara o qədər də təsir göstərmədi. Turizm xidmətləri dedikdə mehmanxana xidmətlərinin, insanların istirahətinin təşkili və s. nəzərdə tutulur. Turizmdə turizm məhsulu deyilən bir anlayış var. Turizm şirkətləri turizm məhsulunun satışından qazanc götürməlidir. Dünyanın müxtəlif yerlərində turizm şirkətləri bu işlərlə yanaşı, sığorta işi, hətta xarici ölkələrdə ev kirayəsi, satışı ilə də məşğul olurlar. Amma Azərbaycanda turizm şirkətlərinin əksəriyyəti çox dar çərçivədə fəaliyyət göstərir. Buna görə də hər hansı aviasiya şirkətinin komissiya haqqı verməməsi narazılığa gətirib çıxarır”.

B.Bilalov turizm şirkətlərinin digər aviaşirkətləri deyil, məhz “Türk Hava Yolları”nı “boykot” etməsini başa düşmür: “Başa düşə bilmirəm ki, qəzəbin ünvanı nədən “Türk Hava Yolları”dır? Məsələn, AZAL da komissiya haqlarını ləğv edib və əvəzində heç bir bonus vermir”.

Hazırda dünyada qloballaşma gedir, informasiya texnologiyaları çox sürətlə inkişaf edir. İnternet əsrində insanların aviaşirkətlərin saytına girərək elektron bilet sifariş verdiyi üçün onlar da biletlərinin turizm şirkətləri vasitəsilə satılmasına ehtiyac görmürlər. İndi evdə oturub hətta təyyarədə oturacağın cərgəsini, yerini belə sifariş vermək mümkündür.
Bu baxımdan müsahibimiz turizm şirkətlərinin “boykot” qərarı verməklə cığallıq etdiklərini dedi:

“Yaxşı olardı ki, turizm şirkətləri aviaşirkətlərlə əməkdaşlığın yeni mərhələsini razılaşsınlar ki, hər iki tərəf bu əməkdaşlıqdan razı qalsın. Bunu işləyib hazırlamaq lazımdır”.

Aviaşirkətlərin komissiya haqlarını ləğv etməsinin biletlərin qiymətinin artmasına təsirinə gəlincə, B.Bilalov dedi ki, sözügedən qərar biletlərin qiymətinə təsir etməyəcək: “Komissiya haqqı ləğv olunandan sonra kim ki, İnternetdən istifadə edə bilir, o özü internet vasitəsilə Türk Hava Yollarının saytına girərək biletini də alacaq, oturacağı yeri də bron edə biləcək və problemsiz haqqını da ödəyəcək. İnternetdən istifadə edə bilməyən müştərilər isə Türk Hava Yollarının baş ofisinə müraciət edərək THY-nın əməkdaşlarının köməyi ilə bileti ala bilərlər. Düşünürəm ki, “boykot” qərarı ilə əslində turizm şirkətləri özləri üçün problemi yaradırlar”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 218