Qəzanı törədən sürücü sərxoş olub
DİN və Baş Prokurorluq mətbuat xidmətləri millət vəkili Hikmət Atayevin avtomobil qəzasına düşərək həyatını itirməsi haqda birgə məlumat yayaraq bildirirlər ki, martın 7-də saat 21:40 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolunun Balakən rayonunun Poçtbinə kəndi ərazisində Milli Məclisin deputatı Hikmət Atayev idarə etdiyi VAZ-2106 markalı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən əks istiqamətdən hərəkət edən Poçtbinə kənd sakini Şaban Qardaşovun idarə etdiyi VAZ-21015 markalı avtomobillə toqquşub. Nəticədə Hikmət Atayev hadisə yerində keçinib, digər avtomobilin sürücüsü və sərnişini Vüsal Bodurov isə xəsarət alıblar.
Rayon prokurorluğu və rayon Polis Şöbəsi əməkdaşları dərhal hadisə yerinə gedərək mütəxəssislər və məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla Şaban Qardaşovun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunub.
Faktla bağlı Balakən rayon prokurorluğunda CM 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərşəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri ekspertizalar təyin edilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Cinayətin törədilməsində şübhəli bilinən Şaban Qardaşov tutularaq istintaqa cəlb olunub.
Hikmət Atayev bu gün Zaqatala şəhər qəbiristanlığında dəfn olunmuşdur. Mərasimdə YAP icra katibi Əli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı, millət vəkilləri Hadı Rəcəbli, Kamilə Əliyeva, Musa Quliyev və başqaları, ətraf rayonların icra başçıları və digər rəsmi qurumların rəhbərləri iştirak ediblər.
Hikmət Atayev 1953-cü ildə Zaqatala şəhərində doğulub. Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. 1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb. 2005–2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olub. 2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilib. MM Sosial siyasət daimi komissiyasının, Azərbaycan-Almaniya, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.