Qeydiyyatda olan 4500 dərmanın 1,3%-i Azərbaycan məhsuludur
Ölkədə rəsmən qeydiyyatda olan 4500-ə yaxın dərmanın 1,3%-i Azərbaycanın öz məhsuludur. Yəni Azərbaycanın xaricdən dərman asılılığı bu dərəcədədir. Rəqəmlərə görə, bu il 4500-ə yaxın dərman rəsmən dövlət qeydiyyatından keçib və onların ölkəyə idxalına icazə verilir. Bunu APA-ya açıqlamasında SN Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.
O bildirib ki, bu dərmanların böyük əksəriyyətini xaricdən idxal olunan dərman preparatları təşkil edir. Əzizbəyovun sözlərinə görə, Azərbaycan istehsalı olan dərman preparatlarının sayı azdır:
“Belə ki, ölkədə rəsmən qeydiyyatda olan dərmanların yalnız 60 adda olanı Azərbaycanın öz istehsalı olan dərman preparatlarıdır. Qalanları isə əsasən Avropa Birliyi ölkələrindən idxal olunur. Bunların 50%-dən çoxunu Avropa istehsalı olan dərman preparatları təşkil edir”.