Muəllif:

Qərib ölkədəki əsgərin ağrıları

Harada olursa-olsun, o, fevralın 26-da mütləq məni axtarır, Rusiyanın müxtəlif şəhərlərindən zəng edir. Hal-əhvaldan sonra Xocalıdan, həlak olmuş döyüş dostlarından, qətlə yetirilmiş qocalardan və uşaqlardan, bir də Azərbaycanın bugünkü dərdlərindən danışırıq. Bir qayda olaraq, söhbətin sonunda vətən üçün darıxdığını və fürsət düşən kimi Bakıya qayıdacağını deyir. Deməyinə deyir, amma gəlmir, bəlkə də gəlmək istəmir…
Bu il zəngi gecikmişdi, adətən, məni səhərlər arayırdı, amma indi günortadan keçsə də, bir xəbər yoxuydu. Şəhidlər Xiyabanına yaxınlaşarkən vücudumu bürüyən qeyri-adi hisslərin təsiri altında onu bir də xatırladım. Hətta «bəlkə başında bir iş var» deyə düşündüm. Amma Xiyabanda Xocalı qurbanlarının sıra ilə düzülmüş məzarlarına tərəf burulanda telefonum «dilləndi», onun zəngi idi. Həmin əzəmətli və bir az da hüznlü səs idi. Hal-əhval tutandan sonra, sanki dayandığım yeri görürmüş kimi «haradasan» deyə soruşdu:
— Düz Aqilin məzarının yanındayam, — dedim. Sualından hiss etdim ki, o, məzarın ətrafındakı qadınların xəfif-xəfif ağlamasını aydınca eşidir.
— Allah komandirə rəhmət eləsin, biz ölməliydik, o yox! Axırıncı sözlərdə səsi bir az titrədi, ani pauza verdi, hiss olundu ki, telefonu kənara tutdu, bir anlığa xəttə sükut çökdü, amma mən bu sükutda nəbz kimi vuran və bir kişi iradəsi ilə güclə boğulan hıçqırtını duydum.
Onların adı Milli Ordunun ilk əsgərləri siyahısına yazılıb. Həqiqi vətənsevərlər, milli heysiyyəti yaşadan fanatiklər idilər. 1991-ci ilin sonlarında Xocalıya gələndə hansı odun içinə düşdüklərini gözəl bilirdilər. Əvvəl 12 nəfər idilər, sonra 9 nəfər də əlavə olunmuşdu. Komandirləri Aqil Quliyev (Azərbaycanın Milli Qəhrəmanı) Belarusda hərbi məktəb bitirmişdi. Qarabağ hadisələri başlayanda rus ordusunu buraxıb, Azərbaycana gəlmişdi. Ağıllı, bilikli, cəsur bir zabit idi. Milli ordu adının özü yerli əhalini ürəkləndirmişdi, xocalılılar əsgərlərin simasında dövlətin gücünü görürdülər. Doğrudur, bu güc hələ çox zəifiydi, avtomatdan başqa heç bir silahları yoxuydu, amma onlarda başqa bir ruh varıydı. 1992-ci ilin yanvarında Xocalıda olarkən, kazarmalarında çəkdiyimiz lentlərdə bu ruh hələ də yaşamaqdadır.
Cabbar həmin əsgərlərdən biriydi. Boy-buxunlu, cüssəli, bir az qaradinməz, qorxunun nə olduğunu bilməyən qıvraq bir əsgər idi. Uzun qolları və iri əlləri baxanın diqqətini o dəqiqə cəlb edirdi. «Kalaşnikov» avtomatı onun uzun barmaqları arasında balaca tapançaya oxşayırdı. Əfqanıstanda vuruşmuşdu, müharibədən heç qorxusu yoxuydu, deyirdi, döyüşmək üçün silahdan çox, ürək lazımdı. Hansısa zavodda işini qoyub, orduya könüllü yazılmışdı. Ən çətin tapşırıqları boynuna götürürdü. O da diqqətimi cəlb edirdi ki, Cabbarın üzü az-az gülür. Soruşanda deyirdi ki, müharibə qurtarsın, nə qədər desən gülərik.
Fevralın 26-da, həmin qətliam gecəsində Cabbar əsgər qardaşları ilə birlikdə dinc əhaliyə mümkün olan köməyi edib, onların çoxu, o cümlədən hələ bu hücumdan əvvəl yaralanmış taqım komandiri Aqil Quliyev həlak olub. Cabbar yaralansa da ölümdən qurtula bilib, amma mənəvi əzablardan, ürək ağrılarından qurtara bilməyib. «Biz camaatı qoruya bilmədik, meyitləri çöllərə səpələnmiş qocaları və körpələri tez-tez yuxuda görürəm» sözləri dilindən düşmür. Təbii ki, bunlar bir döyüşçünun vicdanının səsidir.
Cabbar üçün müharibə bitməyib, ona görə hələ də üzü gülmür. Üzü həm də ona görə gülmür ki, keçmiş döyüşçülərin məmləkətdə adam kimi yaşaya bilməməsindən gileylidir. Qərib məmləkətdə ömür sürməyə məhkum edilmiş keçmiş əsgəri ağrıdan başqa səbəblər də var. «Bura gələnlər vətəndən yaxşı xəbərlər gətirmir, deyirlər, dolanışıq yox, iş yox, hər yerdə də rüşvət və ədalətsizlik var. Bunlar da məni yaman ağrıdır». Bunlardan ağrıyıb-sıxılan təkcə Cabbardımı?

[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 220