Qəflət yuxusundan oyanış
Ankara
Deyirlər ki, cəmiyyətdə ictimai-siyasi proseslər spiralvari cərəyan edir. Başqa sözlə desək, mahiyyətcə heç bir yeni proses baş vermir. Bütün hallarda nə vaxtsa baş vermiş hadisə və proseslərin daha yüksək səviyyədə, daha təkmilləşdirilmiş təkrarının şahidi oluruq. Əgər söhbət ictimai-siyasi hadisələrin elmi-texniki təminatından gedirsə, razılaşmaq olar. Kobud bir misal. Əvvəllər, yəni 80-ci illərin sonunda maraqlananlar Bakıda mitinq olacağı barədə əsasən şəhərdə yayılan vərəqələrdən xəbər tuturdular. Bəzən heç buna da ehtiyac qalmırdı. Xəbər, necə deyərlər, ağızdan-ağıza, qonşudan-qonşuya dolaşırdı. Nəticədə, bir də görürdün ki, «Azadlıq» meydanı dolub. Alma atsan, yerə düşməz. İndi isə nə vərəqələr yaymaq, nə də qapı-qapı gəzmək lazımdır. İsti kabinetdə oturub, kompüterin bir düyməsini basmaqla yüz minlərlə insanı kütləvi etiraz aksiyasına dəvət edirlər. Bir sözlə, elmi-texniki tərəqqinin nailiyyətləri hər sahədə olduğu kimi, burada da karımıza gəlir.
Amma təəssüflər olsun ki, baş verən ictimai-siyasi hadisələrin məzmun tutumu ilə elmi-texniki tərəqqi arasında düz mütənasiblik yoxdur. Yəni elmi-texniki tərəqqi ictimai-siyasi münasibətlərin inkişafını şərtləndirən amil deyil. Bir sıra hallarda əksinin şahidi oluruq. İnsanlar elmi-texniki tərəqqinin nailiyyətlərini mənimsəyirlər. Bu, elə bir problem deyil. Axı hətta ayıya da rəqs etməyi öyrətmək olar. Lakin bu, onun insana çevrildiyinin sübutu kimi qəbul edilə bilməz. Problem onda yaranır ki, ayı düşünməyə başlayır. Özü də insan olduğunu düşünür.
İnsan toplumunda da oxşar problemlər baş verir. Təəssüf ki, bəzi hallarda texniki tərəqqi ilə yanaşı ictimai münasibətlərdə bir neçə addım geriləmənin şahidi oluruq. Lap indi Azərbaycanda olduğu kimi. İctimai münasibətlərin səviyyəsi ilə texniki tərəqqi arasında belə bir uçurumun yaranması çox təhlükəlidir. Təhlükə isə ondan ibarətdir ki, elmi tərəqqi insan fəaliyyətinin neytral, yəni mənəvi dəyərlər dışında olan bir sahəsidir. Ən dahiyanə kəşflər belə, öz-özlüyündə mənəvi dəyərlərin daşıyıcısı deyil. Bu kəşflərdən istifadə məqsədləri bütövlükdə cəmiyyətin və konkret fərdlərin inkişaf səviyyəsindən, mənəvi dəyərlər toplusundan asılı olaraq müəyyən edilir.
Yox, mən gənclərin kütləvi etiraz aksiyalarının təşkilində feysbukun imkanlarından istifadəsinin əleyhinə deyiləm. Əksinə. Amma martın 10-da baş tutan kütləvi etiraz aksiyasında biz səs toplarının nümayişinin də şahidi olduq. İnsan səhhəti üçün çox təhlükəli silahdır. Normalda ifrat radikal, zorakı-təcavüzkar davranış tərzi nümayiş etdirən insan kütlələrinin dağıdılması üçün istifadə olunur. O da müstəsna hallarda. Özü də bu silahın tətbiqi üçün kütlənin hüquq-nühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməsi əsas ola bilməz. Yalnız əndazədən çıxmış, minlərlə insanın həyatına, səhhətinə və nəhayət, mülkiyyətinə potensial deyil, gerçək təhlükə yaradan kütləvi iğtişaşlar zamanı tətbiq oluna bilər. İnsan səhhətinə uzunmüddətli və bir sıra hallarda isə sonradan aradan qaldırılması mümkün olmayan zərərlər vurmaqla yanaşı, ən təhlükəlisi odur ki, bu silahdan «ünvanlı», yəni istiqamətləndirilmiş şəkildə istifadə etmək mümkün deyil. Məsələn, yüz metrlik bir dairəni təsəvvürünüzə gətirin. Səs topu istiqamətdən asılı olmayaraq bu dairənin hüdudları daxilindəki bütün canlı orqanizmlərə zərərli təsirini göstərir.
Yeri gəlmişkən, «normalda» deyəndə mədəni dünyanın demokratik ölkələrini nəzərdə tuturam. Orada polis belə bir silahı kütləvi etiraz aksiyasının dağıdılması üçün istifadə etməzdən əvvəl yüz ölçər, bir biçər. Birincisi, o, çox gözəl dərk edir ki, birbaşa rəisinə deyil, dövlətə xidmət edir. Dövlət isə həmin bu etiraz aksiyasında iştirak edən vətəndaşlardan yığılan vergilər hesabına mövcuddur. Yəni vətəndaşların ona deyil, onun vətəndaşlara borcu var. Özü də bu sözün əsl mənasında. Axı çörək pulu həmin vətədaşların cibindən çıxır. O anlayır ki, vətəndaş əsəbiləşə bilər. Növbəti seçkilərdə dövlət xərclərinin, xüsusilə də polisin saxlanması üçün büdcədən ayrılacaq məbləğin azaldılmasını söz verən partiyaya səs verər. Və nəticədə həmin polis əməkdaşı işsiz qalar. Bu, ən bəsit və üzdə olan səbəbdir.
İkincisi, o, çox gözəl başa düşür ki, vətəndaşın həmişə məhkəməyə müraciət etmək hüququ var. Özü də müstəqil məhkəməyə. Yəni məhkəmədə onun hakimi rəisi olmayacaq. Onu mühakimə edən, onun qəbul etdiyi qərarların qanuna uyğunluğuna qərar verən müstəqil məhkəmə olacaq. Çünki məhkəmənin çörəyi də nəticə etibarı ilə vətəndaşdan çıxır. Yəni hakim məhkəmədə verdiyi qərarların ədalətliliyinin toplum tərəfindən şübhə altına alınmasında heç maraqlı deyil. Demokratik hüquqi dövlətin yaşam qaydaları bu cürdür.
Biz də, deyilənə görə, hüquqi, demokratik bir dövlət qurmuşuq. Bizdə də adam içində aşağıdan yuxarıya qədər bütün dövlət məmurları deyirlər ki, onlar üçün millətə, cəmiyyətə, vətəndaşa xidmət etməkdən böyük şərəf yoxdur. Amma əslində birbaşa rəislərini bütün külli-aləmin ağası hesab edirlər. Yəni nə vətəndaşın qəzəbindən, nə məhkəmədən, nə də, əstəğfurullah, Allahdan qorxurlar. Necə deyərlər, «ağanın canı sağ olsun, qalan bütün işlər düzələr». «Narazılar» isə bizim dövlət məmurları və polislər üçün nəinki tamhüquqlu Azərbaycan vətəndaşı, hətta insan da deyil. Nə isə insanabənzər bir yırtıcı məxluqdur. Həm də bu yırtıcı insanabənzər məxluq həmin polisin özünün çörək ağacı saydığı ağasının bu günü və gələcəyi üçün böyük təhlükədir. İndi yazıq polis yırtıcı saydığı bu məxluqu öldürməsin, nə etsin. Özü də əlinə bütün «narazıları» birdən-birə, necə deyərlər, topdan, bir damla da qan tökmədən neytrallaşdırmaq imkanı yaradan bu cür təsirli silah verildiyi halda…
Sonra da bəziləri deyir ki, müasir texnologiyalardan, elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə etmək lazımdır. Amma düşünmürlər ki, onların bu müasir texnologiyaları əldə etmək imkanları daha genişdir.
Yenə də «kimdir günahkar» sualına cavab vermək zərurəti yaranır. Orta məktəb yaşlarında oxuduğum bir fantastik povestin məzmunu yadıma düşdü. Astronavtların planetlərarası gəmisi qəzaya uğrayır. Gəmi günəş sisteminə qonşu qalaktikadakı planetlərdən birinə enməli olur. Astronavtlara görə, həmin planetdə inkişaf etmiş şüurlü yaşam formaları olmamalı idi. Amma birdən-birə onlar bu planetdə elektromaqnit çətiri altında özünün ən «yüksək» inkişaf səviyyəsinə çatmış «şüurlu məxluqlar toplumu» ilə qarşılaşırlar. Bu toplum özünün elə bir inkişaf səviyyəsinə çatıb ki, artıq «geri dönüş» prosesinin son mərhələsindədir. Öz-özünə idarə olunan tam qapalı bir ortam yaradılıb. Onların bütün həyatları, hətta ölüm-doğum proseduru belə avtomatlaşdırılıb. Onların nə bir-biri ilə ünsiyyətə girməyə, nə də düşünməyə ehtiyacları var. Bir sözlə, astronavtlar «tam doymuş» toplumla qarşı-qarşıya qalırlar. Povestin çox maraqlı bir finalı var. Astronavtlar toplum üçün ideal həyat ortamını yaradan elektromaqnit çətirini dağıdırlar. Toplumu təşkil edən fərdlər, necə deyərlər, vəhşi təbiətlə üz-üzə qalmalı olurlar. Sıradan bir hadisə baş verir. Yağış yağmağa başlayır. Yaşam üçün «ideal» ortam yaradan sivilizasiyanın on minlərlə varisindən yalnız biri yağışdan qorunmaq üçün ağaca sığınır. Digərlərinin şüuru isə hətta belə bir bəsit həyati situasiyadan baş çıxarmaq gücündə olmur.
Nə qədər əcaib səslənsə də, optimist finaldır. Əgər öz ağlının gücü ilə ağaca sığınaraq yağışdan qorunmağın mümkünlüyünü anlayan o biri də olmasaydı, bu toplumun yenidən dirçəliş üçün heç bir ümidi qalmazdı.
90-cı illəri yada salaq. Biz bir toplum, cəmiyyət kimi çox fəal idik. Düşünürdük ki, bütün problemlərin öhdəsindən tezliklə, özü də asanlıqla gələcəyik. Amma türklər demişkən, hər şey düşündüyümüz qədər kolay olmadı. Bir cəmiyyət olaraq problemlərin öhdəsindən gələ bilmədik. Yorulduq. Bezdik. Özü də çox tezliklə. Vətəndaş olmağın yükünü çiynimizdə daşımaqdan yorulduq. Çıxış yolunu qarşısında aciz qaldığımız problemlərin həllini kiminsə boynuna atmaqda gördük. Başqa sözlə, bütövlükdə bir cəmiyyət kimi, ayrı-ayrılıqda isə vətəndaş kimi bu ölkənin, yəni öz taleyimiz üçün məsuliyyət daşımaq hüququndan imtina etdik. Əslində Heydər Əliyev adlanan fenomenin yaranmasının əsas səbəbi bizim öz acizliyimiz oldu.
Anlamaq istəmədik ki, hakimiyyətdəkinin kimliyindən asılı olmayaraq, vətəndaşlıq məsuliyyətindən və hüquqlarından imtina edənlərin heç bir xoşbəxt gələcəyi ola bilməz. İndi siz deyin: «Kimdir günahkar?!»…
Amma bu gerçək hekayənin də fantastik povestdə olduğu kimi optimist bir finala ümidi və haqqı var.
Çoxlu bayramlarımız var — «Milli Dirçəliş günü», «Qurtuluş günü»… Bu günlərdə, doğrudan da, taleyüklü bir ictimai-siyasi prosesin hamımız şahidi, bir qismimiz isə fəal iştirakçısıyıq. Dediyim məsələnin qarşıda gələn prezident seçkiləri ilə heç bir əlaqəsi yoxdur. Söhbət insanlarda vətəndaş məsuliyyətinin oyanışından gedir.
Yaxın zamanlarda təqvimimizdə yeni bir bayramın özünə yer tapacağına inanmaq istərdim. Vətəndaş yetkinliyi yolunda yenidən atmağa başladığımız ilk addımları atdığımız günlərdən birini bayram elan etməyə dəyər. Ən azından ona görə ki, vətəndaşlıq məsuliyyətindən imtinanın acı nəticələrini unutmayaq. Və bir də qəflət yuxusundan oyanmaq zərurəti yaranmasın. Çünki heç kəs bizə sonsuza qədər hər dəfə növbəti şansın yaradılacağına təminat verə bilməz…
[email protected]
Aynanın yeni köşə rubrikasından.