Qəbristanlıq vandalizmi: AXCP üzvü, yoxsa YAP üzvünün oğlu?
Saatlının Musalı kəndində baş vermiş qəbristanlıq vandalizmı ətrafında anlaşılmaz durum davam edir. Beləliklə, AXCP üzvü, yoxsa YAP üzvünün oğlu? Aydın deyil. AXCP Saatlı rayon şöbəsi bəyan edir ki, qəbir daşlarının dağıdılmasında şübhəli şəxs qismində saxlananların AXCP-yə dəxli yoxdur. Onlardan birinin atası iqtidarda olan YAP-ın üzvüdür. AXCP rəsmiləri vurğulayırlar ki, martın 3-də AXCP Saatlı rayon şöbəsinin müşavirəsi keçirilməsi nəzərdə tutulub. Müşavirənin vaxtı elan edildikdən sonra AXCP-nin yerli şöbəsinə qarşı iqtidaryönümlü mediada tənqidi məqalələr dərc edilməyə başlayıb. Rayonun Musalı kəndində qəbir daşlarının dağıdılmasında AXCP-ni təqsirləndirirlər.
Turan xəbər verir ki, : AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəyli fevralın 28-də səhər saat 10-da Saatlı rayon Polis Şöbəsinə söhbət adı ilə dəvət edilib. Saat 13.30-da Ş.Hacıbəyli polis şöbəsindədir. Saatlı rayon polis şöbəsinin növbətçi hissəsindən Turan-a bildiriblər ki, Şamil Hacıbəyli barədə şikayət ərizəsi var və bu səbəbdən polis şöbəsinə dəvət edilir. Hazırda təhqiqatçı ondan izahat alır və yaxın saatlarda azad buraxılacaq.