Muəllif:

Qəbələdə yeni arxeoloji tapıntılar aşkalanıb

Qəbələdə arxeoloji qazıntılar zamanı yeni faktlar ortaya çıxıb. Ümumi ərazisi 420 hektar olan Qəbələ Tarix Bədii Qoruğunun Səlbir, Qala və Qəbələnin antik şəhər yeri ərazisində arxeoloji qazıntılar uğurla davam etdirilir. Bu günlərdə Qala arxeoloji qazıntı ərazisində yeni maddi-mədəniyyət nümunələri aşkar edilib. Qazıntılar zamanı dərinliyi 5 metr olan təsərrüfat quyusundan 2 min il öncəyə aid armud, heyva və üzüm tumları, eləcə də arpa aşkar edilib. Tapılan nümunələr o dövrdə meyvəçiliyin və taxılçılığın inkişafından, eləcə də meyvələrdən qıcqırma yolu ilə şərab hazırlandığını göstərir. Qazıntının aşağı hissəsini tədqiq etdikdə məlum olub ki, Qala ərazisi XI-XVIII əsrlərə yox, daha qədim tarixə malikdir. Belə ki, arxeoloqlar həmin ərazidən kərpic və kirəmitlərin bişirilməsi üçün müxtəlif təyinatlı kürələr aşkar ediblər. Həmçinin, qazıntı zamanı ərazidən iki min il öncəyə aid müxtəlif sənətkarlıq və kənd təsərrüfatı binaları aşkar olunub, evlərin dam örtüyünün kirəmitlərlə örtülməsi faktı aşkarlanıb. Bundan əlavə, ərazidə müsəlman adət-ənənəsi ilə dəfn aparılmış 3 torpaq qəbir, su təchizatı xətti aşkar edilib. Ümumi ərazisi 1600 kvadratmetr olan qazıntı sahəsində 50-yə yaxın müxtəlif maddi-mədəniyyət nümunəsi də tapılıb. Belə ki, tədqiqatlar zamanı, VIII-IX əsrlərə aid mədəni təbəqədən müxtəlif təyinatlı bina qalıqları, kürə və təndirxanalar, təsərrüfat quyuları, əmək alətləri, şüşə və saxsı qablar, gümüş və mis sikkələr, bəzək əşyaları aşkar edilib. Əldə edilən arxeoloji materiallar VIII əsrin sonlarında bu ərazidə intensiv şəhər həyatının olduğunu göstərir (APA).

Ərazidə arxeoloji qazıntılarla bərabər konservasiya işləri də aparılmaqdadır. Bu da öz növbəsində, arxeoloji turizm sahələrinin inkişafına öz töhfəsini verəcək. Bu ilin əvvəlindən indiyədək Qəbələ Tarix Bədii Qoruğuna 2485 turist səfər edərək maddi-mədəniyyət nümunələri, arxeoloji qazıntı sahələri ilə tanış olub ki, bu da ötən ilə ora gələnlərin sayından xeyli çoxdur.

Qeyd edək ki, Qafqazın, eləcə də dünyanın ən qədim şəhərləri sırasına daxil olan Qəbələ şəhərinin yaranma tarixi miladdan öncə IV əsrə qədər gedib çıxır. Qəbələ şəhər xarabalıqları ərazisində arxeoloji qazıntılar əsaslı olaraq XX əsrin 50-60-cı illərində aparılıb. Bu qazıntılar nəticəsində Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhər xarabalıqlarının yeri müəyyən edilib. 2005-ci ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu SEBA (Seul-Bakı) Azərbaycan Koreya Mədəniyyət mübadiləsi Assosiasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə, professor İlyas Babayevin ümumi rəhbərliyi ilə Qəbələ ərazisində qazıntı prosesi bərpa edilib. 2008-ci ildən Azərbaycan-Koreya beynəlxalq ekspedisiyası təşkil edilib, Qala və Səlbir ərazisində geniş miqyaslı arxeoloji qazıntılara başlanılıb və bu gün də davam etdirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 233