Qəbələ Festivalı: ilk konserti koreyalı pianoçu Hi Youn Çhoe təqdim etdi
Qəbələ V Beynəlxalq Musiqi Festivalının ilk günü “Qafqaz Resorte” otelinin kamera zalında ilk konserti koreyalı pianoçu Hi Youn Çhoe təqdim edib. Konsertdə məşhur pianoçu Hi Youn Çhoenin ifasında Pyotr Çaykovskinin “Şelkunçik” süitası və Frederik Şopenin “Noktürn” əsərləri səslənib. Sonra isə açıq havada qurulan səhnədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub. Konsertdən öncə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Məktubda deyilir: “Hörmətli festival iştirakçıları. Əziz dostlar! Sizi – Qəbələ V Beynəlxalq musiqi festivalının iştirakçılarını ürəkdən salamlayır festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram. Dünyada gedən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dünya mədəniyyətlərinin qarşılıqlı münasibətləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir. Məhz mədəniyyət xadimlərinin məqsədyönlü fəaliyyəti nəticəsində bəşəriyyət mədəniyyətlərin qarşıdurması təhlükəsini dəf edərək dialoqun uğurlu nəticələrinə nail olub. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətlərinin əsas prioritetlərindən biridir. Biz zəngin mədəniyyətimiz vasitəsilə ölkəmizi dünyada tanıtmağa nail olmuşuq, bu gün beynəlxalq ictimaiyyət Azərbaycan mədəniyyətinə böyük maraq göstərir. Mən də YUNESCO-nun xoş məramlı səfiri kimi dünya mədəniyyəti xəzinəsini olduqca dəyərli əsərlərlə zənginləşdirmiş, xalqımızın mədəni irsinin dünyada təbliğ olunmasına, dünya mədəniyyət nümunələrinin ölkəmizdə tanıdılmasına xidmət edən, xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələri daim dəstəkləyəcəyəm.
Nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq musiqi festivalının keçirilməsi ənənəvi xarakter alıb. Bu gün Qəbələnin adı Beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sırada yer alır. Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir. İnanıram ki, Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək builki festival, füsunkar təbiətin və valehedici musiqinin gözəl vəhdəti hər birimizdə xoş təəssüratlar yaradacaqdır. Festivalda iştirak edən hər kəsə tükənməz nailiyyətlər arzulayıram”.
Daha sonra mərasimdə festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gələn bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri salamlayıb, festivalın işinə uğurlar arzulayıblar.
Konsertdə P.Çaykovsinin “Yevgeni Onegin” operasından Polonez, K.Sen-Sansın Rondo-kapriççiozo”, T.Qasımzadənin “Balet suitası”, A.Qəmbərlinin “Divertisment”, F. Əmirovun “Nəsimi haqqında dastan”, simfonik poeması, K.Əkbərovun “Azərbaycan” poemasından parçalar səsləndirilib. Skripkada Cavad Tağızadə, pianoda Səidə Tağızadə, violində Toğrul Qəniyev, celloda Aleksey Miltix çıxış edib. Musiqiçiləri dirijorlar Yalçın Adıgözəlov və Fəxrəddin Kərimov müşayiət edib.
Qeyd edək ki, Qəbələ şəhərində 24 iyul — 6 avqust tarixlərində keçiriləcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Festivalda Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba, Qazaxıstandan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər — Yerusəlim Simfonik Orkestri, Yuri Başmet və «Yeni Rusiya» simfonik orkestri, Kuba caz qrupu, Amos Talmon, Vadim Repin, Oksana Yablonskaya, Dmitri Yablonski, Yader Benyamini, Mirko Roverelli, Karmelo Korrado Karuzo, İdil Biret, Nina Koqan, Jean Bernard Pommier, Jan Lothem Konig, Ayman Musaxacayeva, Aleksandr Solovyov, Sergey Leyferkus, Muza Rubayskite, Hee Youn Choue, Mixail Qutman və başqaları iştirak edəcəklər.
Həmçinin, festivalın konsertlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Murad Hüseynov, Yeganə Axundova, Mənsum İbrahimov, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, əməkdar artistlər Gülnaz İsmayılova, Toğrul Qəniyev, Elçin Əzizov, Fəridə Məmmədova, Səbinə Əsədova, Elçin Həşimov, Elnur Əhmədov, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Fuad İbrahimov, Yusif Eyvazov, Elvin Qəniyev, Azər Rzazadə, istedadlı gənc solistlər, muğam ifaçıları çıxış edəcəklər.